Xəbər lenti


İrəvanın Sürməli ticarət mərkəzində baş verən yanğında Rusiyanın əli olması ilə bağlı ittihamlar iki ölkə arasında gərginliyi kulminasiya nöqtəsinə çatdırıb. 

 

Ovqat.com-un məlumatına görə, artıq iş o həddə çatıb ki, erməni mediasının bu ittihamları Rusiya və Ermənistan arasında diplomatik böhrana yol açıb.

 

Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayevin dünən keçirdiyi brifinqində əsas mövzusu bu məsələyə həsr olunub. İvan Neçayevin iddialarına görə, Rusiya erməni mediasında səsləndirilən bu ittihamlarla əlaqədar İrəvana nota göndərib və indi bu notaya cavab gözləyir

 

“Biz Ermənistan Xarici İşlər Nazirliyinə müvafiq notanın göndərilməsini təsdiqləyirik. Bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb. Bu gün müvəqqəti işlər vəkilimiz Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə konstruktiv söhbət aparıb. Biz indi cavab gözləyirik”, - Neçayev cümə axşamı keçirdiyi brifinqdə bildirib.

 

Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında diplomatik gərginliyə səbəb olan Sürməli yanğını avqustun 14-də saat 13.23-də yaşanıb. Əvvəl ticarət mərkəzində partlayış baş verib, ardınca isə yanğın başlayıb. İlkin rəsmi məlumatlara görə, pirotexniki vasitələr saxlanılan anbar partlayıb, 2,8 min kvadratmetrdən çox sahəsi olan üçmərtəbəli bina qismən dağılıb.

 

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, iki nəfər itkin düşüb. Uşaqlar da daxil olmaqla 62 nəfər xəsarət alıb və onlar paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilib. Ermənistan mediası isə bu işdə Rusiyanın barmağı ola biləcəyindən şübhələnir və şübhələrini açıq dilə gətirirlər. İttihamlar o həddə çatıb ki, Rusiyanın Ermənistandakı səfirliyi öz sosial şəbəkə səhifələrində bunu “yerli mətbuatın həyasızlığı” kimi qiymətləndirmiş və “rusların bundan qəzəbləndiyini” bildirib. 

 

Maraqlıdır ki, erməni mediası strateji müttəfiqlərinin bu iradını qulaq ardına vurub və öz ittihamlarını indi də davam etdirirlər. Rusiya XİN-in nümayəndəsinin dünənki brifinqdə səsləndirdiyi məlumata inansaq, bu ölkənin səfirliyi erməni mediasını susdurmaq üçün hətta rəsmi İrəvana etiraz notası göndərib. İndi isə Mirzə Cəlilin məşhur hekayəsinin baş qəhrəmanı Novruzəli kimi “poçt qutusu”nun qabağında oturub səbrsizliklə cavab gözləyir. Qorxuram ki, bu səbrsiz gözləyişlər axırda Moskvaya da Novruzəlinin taleyini yaşada. Necə ki, Novruzəlini rus pristavları qulaqlayıb türməyə salmışdılar və onun ağası buna qəşş edib gülməklə vəzifəsini bitmiş hesab edirdi, eynilə, mümkündür, bu gözləyişlər Rusiyanın da Cənubi Qafqazdan çıxarılması ilə nəticələnsin.


Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 229          Tarix: 19-08-2022, 06:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma