Xəbər lenti

6 nəfərin sonrakı taleyi naməlumdur

İkinci Qarabağ müharibəsində itkin düşən 6 Azərbaycan hərbçisinin axtarışı heç bir nəticə verməyib və onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov avqustun 30-da Beynəlxalq İtkinlər Gününə həsr edilmiş konfransda deyib.

Əsir və girovlara gəlincə, İsmayıl Axundov Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) istinad edərək deyib ki, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir:

“I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. II Qarabağ müharibəsindən sonra qarşı tərəf Azərbaycana 25 nəfər (19 hərbçi, 6 mülki) təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan isə 159 nəfər (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir”.

Onun sözlərinə görə, Üçtərəfli Bəyanatdan sonra 1713 Ermənistan hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl isə vurğulayıb ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb: “Ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil. Beynəlxalq Qızıl Xaç Komitəsini bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

O ehtimal ki, itkin şəxslər kütləvi qətlə yetirildiyinə görə Ermənistan tərəf hərbi cinayət kimi xarakterizə olunan faktların üzə çıxa biləcəyindən çəkinir. Ona görə də kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələri sıradan çıxarmaqda günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Mənbə: “human.gov.az”




Ana səhifəyə qayıt        Baxış: 3 654          Tarix: 30-08-2022, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma