Xəbər lenti


İran lideri Əli Xameneyi ölkənin bir sıra şəhərlərində 2 həftədən çoxdur davam edən nümayişlərdə xarici qüvvələri, yəni, ABŞ və İsraili günahlandırıb. “Mahsa Amininin ölümü üzücüdür, ancaq gənc qızın ölümü olmasa belə, xarici düşmənlər İranı qarışdırmaq üçün başqa bəhanə tapacaqdılar” deyə Xameneyi bildirib. İran lideri öz çıxışında üsyanlara qarşı təhlükəsizlik qüvvələri və Bəsij milislərini müdafiə edib. 


Elitalar nəzəriyyəsinin ən önəmli nümayəndəsi Vilfredo Pareto deyirdi ki, əgər hakim elita öz zəifliyini dilə gətirirsə, həmin elita iqtidarını itirmiş elita kimi qiymətləndirilə bilər. Fikrimcə, xüsusilə, ölkəni dəmir yumruqla idarə edən elitalar üçün bu, çox önəmli məsələdir. Zəifliyin qəbul edilməsi dəmir yumruğun əvvəlki kimi effektiv olmadığını, yavaş-yavaş pas atdığını göstərir. Bu da həm ölkədə dəyişiklik istəyən xarici qüvvələri, həmin hakimiyyətdə gözü olan elitaları, həm də qorxu bariyerini aşmış xalq kütlələrini daha aktiv hərəkətə gətirir. 


Hamit Bozarslan Ərəb Baharı çərçivəsində 2011-ci ildə Misirdəki üsyanlarla bağlı çıxış edən Hüsnü Mübarəkin belə bir səhvə yol verdiyini qeyd edir. Mübarək nümayişlərə sərt müdaxilə edən özünə sadiq rejim qüvvələrini tənqid etmiş, öldürülən nümayişçiləri isə şəhid adlandırmışdı. Bu da Mübarəkin 30 illik prezidentlik dövrünün son çıxışı oldu. 


Belə olan halda, Xameneyinin də üsyanların üzərinə əl yüksəldərək getməsini bu kontekstdə də başa düşmək olar. Adətən bu tipli nümayişlər zamanı liderlər daha aşağı rütbələri fiqurları qurban verərək qəzəbli kütlələri sakitləşdirmək yolunu seçirlər. Lakin İrandakı bu dəfəki üsyanların qəzəbi hökumət və digər məmurlara yox, birbaşa Xameneyi və onun rəhbərlik etdiyi dini-siyasi nizama qarşı yönəlib. Xameneyinin heç bir zəiflik göstərməməsi, ölkəsindəki qeyri-stabilliyin günahkarı kimi xarici qüvvələri işarə etməsi, rejimin təhlükəsizlik qüvvələrinin arxasında dayanması nizamın bugünü və gələcəyini qorumaq refleksi kimi oxuna bilər. Şübhə yoxdur ki, bu çıxışdan sonra nizama sadiq təhlükəsizlik qüvvələri üsyanları yatırmaq üçün ən sərt və şiddətli metodlara keçəcəklər.  


Şərqə Baxış Analitik Mərkəz




Ana səhifəyə qayıt        Baxış: 6 060          Tarix: 4-10-2022, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma