Xəbər lenti


"İstanbulun İstiqlal prospektində baş verən terror hadisəsini törədən PKK/PYD kimi separatçı təşkilatlar olsa da, biz əsas sifarişçinin, müəllifin üzərində durmalıyıq. Mən erməni ASALA təşkilatının da İstanbul terrorunda əlinin olduğunu istisna etmirəm. Amma gəldiyim nəticə bundan ibarətdir ki, qardaş ölkənin ən böyük şəhərindəki teraktın sifarişçisi İrandır. Çünki İran və o ölkəni idarə edən şiə rejimi son illər Türkiyənin ikinci Qarabağ müharibəsindəki rolunu, Ankaranın Cənubi Qafqazda artan nüfuzunu qətiyyən qəbul edə bilmirdi”.

 

Bu sözləri Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında bildirib.

 

Onun fikrincə, Tehrandakı əmmaməli siyasətçilər Ankaranın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada önəmli aktor, siyasi oyunçuya çevrilməsini həzm edə bilmirlər: “Xüsusilə, Türkiyənin Türk Dövlətləri Təşkilatındakı gücünü etiraf etməkdə çətinlik çəkirlər.Bu baxımdan, İran Türkiyə və TDT-nin timsalında özünə təhdid görürdü. Ona görə də İranın Taksimdəki teraktda sifarişçi olduğunu istisna etmirəm. Eyni zamanda, İran ayrı-ayrı vaxtlarda PKK/PYD-dən öz geosiyasi məqsədləri üçün, Türkiyəni zəiflətməkdən ötrü həmişə istifadə edib" - Kamal Əliyev bildirib.

Həmsöhbətimiz onu da vurgulayıb ki, İstanbuldakı terroru törədən qadın Suriyanın şimalında yerləşən Kobani bölgəsindən İstanbula göndərilib və oradakı PYD ilə İranın, Bəşər Əsəd rejiminin yaxın əlaqələri var: "Doğrudur, Kobanidəki PYD ilə ABŞ-ın sıx münasibətləri var. Amma İranın da həm PKK, həm də PYD içində ciddi nüfuzu olduğunu unutmamalıyıq. PKK/PYD isə Türkiyəni özünə başlıca düşmən elan edib. Maraqlıdır, İran, Rusiya və Türkiyə Suriya münaqişəsinin həlli prosesində Astana formatı çərçivəsində danışıqlar aparırlar. Ancaq bir tərəfdən də İran gizli şəkildə PYD ilə təmaslarını davam etdirir. Belə demək mümkünsə, İran Türkiyənin üzünə gülür, amma arxadan onu xəncərləyir. İkincisi, İrandakı etiraz aksiyalarının uzanması rejimi əməlli-başlı aqressivləşdirir və mollalar cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq üçün açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə qarşı soyuq müharibə strategiyası həyata keçirir. Mümkündür ki, Ermənistana dəstək verən molla rejimi Azərbaycan və Türkiyəni özünə əsas düşmən kimi görsün. Çox diqqətli olmalıyıq və onu da nəzərə almalıyıq ki, İran küncə sıxıldıqca özünə düşmən gördüyü qonşularında teraktlara əl ata bilər. Terror və terrorçuluğa dəstək İrandakı rejimin mahiyyətini təşkil edir"-deyə Kamal Əliyev deyib.

 

Səməd Yusifov

 




Ana səhifəyə qayıt        Baxış: 6 517          Tarix: 15-11-2022, 08:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma