İranın indiki prezidenti İbrahim Rəisi “Ayətullahi-Genosid” ləqəbi ilə məşhurdur. O bu ləqəbini İran İslam Respublikasının ilk quruluş illərində bir prokuror kimi çıxardığı edam hökmlərinə görə alıb.
Böyük Ayətullah Hüseyn Əli Müntəzərinin iddialarına inansaq, 1988-ci ildə İran siyasi məhbuslarının edamında iştirak edən dörd nəfərdən biri Rəisidir. O, 19 iyul 1988-ci ildə başlanan və təxminən beş ay davam edən repressiyalar zamanı çox sayda siyasi məhbusun edamına qərar verib. Amnesty İnternational-a görə, “minlərlə siyasi dissident ölkə boyu İranın həbsxanalarında sistematik olaraq yoxa çıxıb. Bu müddət ərzində öldürülənlərin çoxu işgəncələrə və digər təqiblərə məruz qalıb”.
Ovqat.com-un məlumatına görə, ötən il avqust ayında İbrahim Rəisinin prezident seçilməsindən sonra İranda edam hökmlərinin sayı da artmağa başlayıb. İran İnsan Haqları Təşkilatının yaydığı hesabatlar göstərir ki, sadəcə 10 oktyabr 2021- 7 oktyabr 2022-ci il tarixlərində İranda 528 nəfər edam edilib və bu rəqəm öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.
İran İnsan Haqları Təşkilatının yaydığı məlumata inansaq, ötən ayın ilk günlərində bu ölkədə ən azı 4 nəfər dar ağacından asılıb. Onlardan 3-ü İmambəxş Naruyi, Mohsen Anşini və Vəli Rudini adlı etnik bəluçdur ki, Zahidan zindanında edam olunublar.
“Bununla yanaşı, Şiraz şəhərinin Adilabad zindanında da, hələlik kimliyi dəqiqləşdirilə bilməyən daha bir məhkum dar ağacına çəkilib. Narkotik maddələrin alveri iddiası ilə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib”, - hesabatda bildirilir.
10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.
Paylaş: