Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanan qalib gəlib.
Ovqat.com-un məlumatına görə, İranın Seçki Qərargahı bu məlumat yayıb.
Bəlli olduğu kimi, seçki prosesinin ilk başlarında yüzlərlə iddialının öz namizədliyini irəli sürməsi ilə başlayan növbəti prezident seçkiləri daha sonra İran Konstitusiya Mühafizəçiləri Şurasının (İKMŞ) ələməsi turu ilə davam etmiş və bu ələmədən cəmi 7 nəfər seçkidə yarışmaq hüququ qazanmışdı. Daha sonra namizədlərdən 3-ü də seçki prosesindən geri çəkilmiş, İran xalqı 4 alternativdən birini seçmək durumu ilə qarşı-qarşıya qalmışdı.
İran Seçki Qərargahının məlumatına inansaq, seçkidə 28,6 milyon seçici iştirak edib. Bu, 59 milyon 310 min 307 nəfər olan ümumi seçici kütləsinin hardasa 48%-nə bərabərdir. Başqa sözlə, rəsmi məlumatlar dünənki seçkilərdə seçicilərin yarısından azının iştirak etdiyini təsdiqləyir. Hətta iştirak sayının gözləniləndən belə az olduğunu nəzərə alan İran Seçki Qərargahı dünən qanuna zidd olaraq səsvermə müddətini 2 saat uzatmışdı. Buna baxmayaraq, seçicilərin yarıdan çoxunun səsverməyə qatılmaması əhalinin onlara təqdim olunan namizədlərə çox da etibar etmədiklərini göstərir.
İran müxaliflərinin iddialarına görə, seçkilər rəsmi göstəricilərdən daha passiv keçib. Hətta bəzi ekspertlər seçkilərdə cəmi 6-7 milyon seçici kimi cüzi bir qismin iştirak etdiyi iddiasındadırlar. Görünür, səsvermə müddətinin uzadılması da bu passivliyi ört-basdır etmək məqsədilə həyata keçirilib. Bu baxımdan İranın siyasi iradə sahiblərinin Azərbaycan təcrübəsindən “uğurlu ibrət dərsləri” əxs etdiklərini rahatlıqla söyləmək olar.
Zənnimizcə, İranda seçki passivliyi əslində ölkənin dini-siyasi iradəsinin də marağına uyğun idi və görünür, bunu təmin etmək üçün ən nüfuzlu namizədlər seçki prosesindən kənarda saxlanılmışdı. Əks halda İran siyasi çevrələrində “Ayətullahi-Genosid” ləqəbilə məşhur olan hazırkı prezidenti bu yüksək posta gətirmək mümkün deyildi və seçkilərdə real iddiaçıların iştirakı bundan əvvəlki dövrlərdə olduğu kimi qarşısı alınmaz etiraz dalğalarına yol aça bilərdi. İran rəhbərliyi də “haray bu başdan” prinsipini əldə rəhbər tutaraq ciddi iddiaçıları ümumiyyətlə seçkiyə yaxın buraxmamışdı.
Nəzərə alsaq ki İran hazırda ən ağır dövrünü yaşayır, bir tərəfdən İsraillə başı dərddədir, digər tərəfdən isə ABŞ-Rusiya arasındakı dialoqun əsas müzakirə predmetinə çevrilib, teokratik iradənin bu qərarını başa düşmək olar. Konkret desək, İran başbilənləri indiki kritik anda düşmənlərinin əlinə təşkilatlanmış narazı kütlə və etiraz nümayişlərini qızışdırmaq fürsəti verməməli, əksinə mümkün kütləvi aksiyaların sərt yolla yatırtmaq üçün prezdent postuna dinənin kəlləsini uçuracaq “Ayətullahi-Genosid” təbiətli birini gətirməli idi. İranın qarşı-qarşıya qaldığı bu çətin vəziyyətdə prezidentliyinə ən uğurlu namizədin İbrahim Rəisi ola biləcəyi o qədər aydın idi ki, biz belə, uzaqdan bunu görə bilir, hətta seçkilərdən xeyli qabaq öz proqnozumuzu verirdik. Maraqlıdır ki, dünən “İran xalqı” da bizim proqnozumuzu doğrultdu və seçkilərdə iştirak edənlərin 63-ü faizi İbrahim Rəisiyə səs verdi.
Ovqat.com-un dəfələrlə dilə gətirdiyi proqnozunun son variantını təqdim edirik.
Bu mərhələdə yüzlərlə iddialı öz namizədliyini irəli sürdü. Onlardan hansının seçki yarışına qatılacağına isə İranın Daxili İşlər Nazirliyi qərar verəcək. Seçki prosesinin ikinci mərhələsi sayılan bu müddət 27-28 may tarixində bitəcək. İkinci mərhələdə yüzlərlə namizədliyə iddialılardan bir çoxunun bu ələmə prosesindən “üzüağ” çıxmayacağı indidən bəllidir. Belə ki, İran Konstitusiya Mühafizəçiləri Şurasının mayın 5-də açıqladığı yeni məhdudiyyətlər Daxili İşlər Nazirliyinə istəmədiyi iddialını seçkidən kənarlaşdırmaq hüququ verir. Sözügedən yeni nizamlnaməyə görə, İranın növbəti prezidentinin bəzi vəsfləri olmalıdır və bu vəsflərə uyğun olmayan namizədlər seçkidə namizəd kimi iştirak edə bilməzlər. Şərtlər isə kifayət qədər ağırdır. Əvvəla, namizədlər üçün yeni yaş həddi müəyyənləşdirilib: 40-75 arası. İkincisi, namizədlərin təhsil dərəcəsi ən azı alimlik səviyyəsində olmalı və ya orduda general rütbəsinə qədər yüksəlməlidir. Üçüncü, ən yüksək idarəetmə orqanlarında (ən azı 2 milyondan çox şəhərlərdə bələdiyyə rəisi, nazir və s.) 4 illik iş təcrübəsi olmalıdır. Ən əsası isə, bu müddət ərzində karyerasında hər hansı ləkə bulunmamalıdır. Sözsüz ki, İran kimi korrupsiya bataqlığında çırpınan bir ölkədə təmiz əməlli nazir, bələdiyyə rəisi və ya general tapmaq samanlıqda iynə axtarmaqdan daha müşkül məsələdir, bu da ölkənin siyasi-dini iradəsinə gələcək prezidenti seçib xalqın qarşısına alternativsiz alternativ qoyması deməkdir.
İddialılardan ən məşhurları
Maraqlıdır ki, İran Konstitusiya Mühafizəçiləri Şurasının köhnə hamama təzə tas gətirən bu qərarına ən çox islahatçılar qanadı etiraz etdilər. Ölkə prezidenti Həsən Ruhani qurumu İran parlamentinin səlahiyyətlərini mənimsəməkdə günahlandırdı. Böyük əksəriyyəti mühafizəkarlardan təşəkkül tapan parlament isə İKMŞ-nin qərarını dəstəklədi. Qərarın müzakirəsi zamanı 220 millət vəkili yeni seçki nizamnaməsinə səs verərək, sanki prezidentə “bizim mövqeyimizi istəyirdinsə, bu da sənə cavabımız, İKMŞ-nın qərarı parlamentin çıxardığı qanunvericilik aktı səviyyəsindədir” dedilər. Həsən Ruhani parlamentin bu cavabından sonra Daxili İşlər Nazirliyinə təlimat göndərərək sözügedən qərara tabe olmamağa çağırdı. Seçkilərin ikinci məhrələsinin qərarverici orqanı olan İran DİN isə Həsən Ruhaninin təlimatını rədd edib namizədləri yeni qaydalara görə müəyyənləşdirəcəyini açıqladı. Beləcə, islahatçıların təmsilçisi olan prezidentin qımıldanacaq yeri qalmadı.
İran Konstitusiya Mühafizəçiləri Şurasının son təlimatları və seçki öncəsi yaşanan bir çox hadisələr ölkənin yeni prezidentinin kim olacağını indidən müəyyənləşdirmiş kimidir.
Məsələ burasındadır ki, istər islahatçı, istərsə də mühafizəkar qanaddan əsas favorit kimi tanınan bəzi iddiaçıların karyerasını şübhə altına alan məlumatlar seçkilərin hələ birinci mərhələsi başlanmamış ictimailəşdirilmiş, yeni seçki nizamnaməsi ilə onlara bir növ, “üzüsulu” şəkildə namizədliklərini irəli sürməmələri mesajı verilmişdi. Üzərindən xətt çəkilən əsas iddialılarından biri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifdir. Nazirin gələcək tədqiqatçılar üçün verdiyi müsahibə birdən-birə Londonda fəaliyyət göstərən və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən "İran inernational" televiziyasında yayımlandı. Müsahibəsində İrandakı mövcud teokratik rejimin siyasətini ağır dillə tənqid edən Zərif bununla da kifayətlənməyib ölkədə milli qəhrəman kimi tanınan şəhid general Qasım Süleymaninin barəsində də artıq-əskik danışmışdı. Bu ciddi səhviylə öz karyerasının üzərindən xətt çəkən nazir İnstagram səhifəsində İran xalqından üzr istəsə də, özünü xalqın sözçüsü kimi görən ali dini lider ayətullah Xamenei elə həmin gün ekranlara çıxıb Zərifi tənqid atəşinə tutdu. Bununla da üzrünün qəbul olunmadığını müxəttabının nəzərinə çatdırdı. Az sonra İran parlamentində danışdığı sözlərin hesabatını verməyə çağırılan XİN başçısı qanunverici orqanın Təhlükəsizlik və Müdafiə Komitəsinin qarşısında seçkilərdə iştirak etməyəcəyini açıqlamaqla yaxasını tənqidçilərinin əlindən bir təhər qurtara bildi. İndisə onun islahatçıların da əlindən qaçaraq xaricdə baş girələdiyi və birinci mərhələ sona çatdıqdan sonra ölkəyə qayıdacağı xəbər verilir.
Zərifin islahatçılar üçün bu qədər əhəmiyyətli fiqur olmasının obyektiv səbəbləri var. Məlum olduğu kimi, hazırkı prezident Həsən Ruhani sonuncu seçki müddətini doldurur. Onun üçüncü dəfə prezident olmaq şansı yoxdur. İslahatçılar məcburən bir başqasını ortaya çıxarıb bütün güclərini bu namizəd üzərində cəmləşdirməlidirlər. Ən şanslı namizəd isə “nüvə sazişi” kimi böyük diplomatik uğura imza atan və İranın Qərblə inteqrasiyasının yarımçıq müəllifi Məhəmməd Cavad Zərif ola bilirdi.
İslahatçıların digər şanslı iddialısı Mustafa Tağızadə də praqmatizmdən uzaq çıxışları ilə faktiki öz namizədliyini şübhə altına qoyub. Tağızadə artıq neçənci dəfədir ki, İran dini liderinə məktub yazıb ona ağıl öyrədir. Məktubunda dini liderin də eynilə prezident kimi seçki yoluyla seçilməsinin vacibliyinə toxunan siyasətçi bununla da İran İslam rejiminin ədalətli sistem olub-olmamasını müzakirəyə çıxarır. İran adlı məmləkətdə bu cəsarət “vətənə xəyanət” qədər ağır günah sayılır və yəqin ki, ölkənin DİN namizədlərin siyahısını müəyyənləşdirərkən bu nüansı nəzərə alacaq.
Hazırki durumda islahatçıların İran DİN-in ələyindən salamat çıxacağına ümid edilən yeganə şanslı namizədi parlamentin eks-spikeri Əli Laricanidir. 5 qardaş olan Laricanilər İran siyasi həyatında və idarəetməsində ən çox yerləri işğal edən ailələrdən biridir. Uzun illərin hakimiyyətinin gətirdiyi rahatlıqlar və toxunulmazlıqlar onları da istər-istəməz korrupsiya çirkabına batırıb və bu da İran ali dini rəhbərinin DİN vasitəsilə onun taleyinə səssiz fitva vermək imkanlarını artırır. Təsadüfi deyil ki, İran Azərbaycanından olan bəzi dostlarımızla söhbətimizdə bu adam belə xarakterizə olunmuşdu: “Larıcani – yarı məmur, yarı cani”. Əgər bu imtahandan salamat çıxsa, indiki durumda İran islahatçılarının favoriti Laricani ola bilər. Salamat çıxmasa isə İran xalqı çoxsaylı mühafizəkar və tanınmamış islahatçılar arasından ən yaxşı pisi seçməli olacaq.
Mühazəkarlar arasında da budananların və ya DİN-nin ələyinə ilişib qalacağı güman olunanların sayı az deyil. Bu qanaddan budanacağı şübhə doğurmayanların başında İran parlamentinin spikeri Məhəmmədbağır Qalibaf gəlir. Kürd əsilli olan və İran İslam İnqilabı Keşikçiləri korpusunda yetişən Qalibafın taleyi barədə fitvanı, qəribədir ki, İran dini lideri yox, Rusiya prezidenti Vladimir Putin verdi. Bir neçə ay öncə Moskvaya rəsmi səfərə gedən Qalibaf ali dini lider Xameneinin məktubunu Putinə aparsa da, Kremldə qəbul olunmadı. Ona “məktubunu ver, özün geri qayıt, ya da Putin həzrətləri ilə görüşmək istəyirsənsə, buyur, 14 gün Moskvada koronavirus təcridxanasında yat” dedilər. Halbuki, Qalibaf bundan bir neçə ay əvvəl koronavirus mərəzinə yaxalanmış, sağaldıqdan sonra tibbi mülahizələrə görə, ən azı 6 ay eyni xəstəliyə tutulmaq və onu yaymaq təhlükəsindən sığortalanmışdı. Üstəlik, Rusiyaya gələrkən, əlində İranda koronavirus testindən keçdiyi sağlamlıq kağızı da vardı. Moskva isə bu kağıza inanmadı. İddialara görə, Qalibaf seçkilərdə nüfuz qazanmaq, dolayısıyla Putinin xeyir-duasını almaq üçün Moskvaya yollanmışdı. Di gəl ki, Kremldə ona qapının ardı göstərilmiş və spiker suyu süzülə-süzülə geri qayıtmışdı.
Moskvadan əli boş qayıdan spikerin İranda da bəxti gətirməmişdi. Rusiya səfərindən dərhal sonra onun 2005-2017-ci illərdə Tehran bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə kütləvi korrupsiyaya bulaşması faktı ictimailəşdirilmiş, hətta müavini həbsə atılmışdı. Bu isə o deməkdir ki, İranın yeni seçki nizamnaməsinə görə, Qalibaf namizədliyini irəli sürsə də, DİN-in ələyindən keçə bilməyəcək. Görünür, məhz buna görə də özünü daha artıq sındırmayan Qalibaf iddiasını irəli sürsə də namizədliyini digər rəqibi, İranda Ayətullahı-Genosid ünvanı ilə tanınan İbrahim Rəisinin xeyrinə geri götürəcəyini indidən bəyan etməyi məsləhət bilmişdi.
Mühafizəkar iddiaçılar arasında keçmiş prezident Mahmud Əhməd Nejadın da adı keçir. Ali təhsil səviyyəsi barədə məlumatımız olmasa da, bu adamın bir zamanlar Yol və Səhərsalma naziri işləməsi, daha sonra isə iki dəfə İranın prezidenti seçilməsi hər kəsə bəllidir. Əhməd Nejad həm də ali dini liderin adamı kimi tanınır. Prezidentlikdən sonra çoban qiyafəsində ortaya çıxması və mediaya verdiyi açıqlamasında dədə-baba sənətinə geri qayıtmasını vurğulaması rəqibləri tərəfindən seçki təbliğatı üçün öncədən hazırlanmış ssenari kimi qiymətləndirilsə də, hər halda sabiq prezident bu addımları ilə “təmiz məmur” imicinin formalaşdıra bilib. Bu isə yeni seçki nizamnaməsinin əsas şərtlərindən biridir və sözügedən keyfiyyətlər əslən Ərdəbilli olan Əhməd Nejadın şansını artırır. Bununla belə, dini liderin və İran DİN-nin daha çox Ayətullahi-Genosidin üzərində dayanacağı ehtimalı daha ağır basır.
Seçkilərin indiki vəziyyətində ən şanslı namizəd yuxarıda da adını tez-tez zikr etdiyimiz «Ayətullahi Genosid» ləqəbi ilə məşhur olan İran məhkəmələrinin başçısı İbrahim Rəisidir. İranda növbəti seçkilər sanki onun qələbə qazanması üçün düzənlənib. Həm müxtəlif kompromatlarla islahatçı rəqibləri sıradan çıxarılıb, həm də mühafizəkar namizədlərdən bəziləri onun xeyrinə iddialarından geri çəkiləcəklərini açıqlayıb. Mühafizəkar qanaddan Rəisinin əleyhinə kampaniya aparan iddialılar da mövcuddur. Bunlardan biri Səid Məhəmməd bu yaxınlarda keçirdiyi mətbuat konfransında Rəisinin namizədliyinə dini liderin xeyir-dua vermədiyini bildirsə də, az sonra «Ayətullahi Genosid»in namizəd olacağını açıqlaması bütün dedi-qoduların üstündən qara bir xətt çəkdi. Nədən ki, İran dini liderindən xeyir-dua almasa, Rəisinin bu addımı atması mümkün görünmür. İddiasını irəli sürdüyü mətbuat konfransında Rəisi bu addımına belə aydınlıq gətirmişdi: "Planım seçkilərə qatılmamaq idi, amma şərtlər elə hala gəldi ki, bu ölkə vətəndaşlarının rifahı üçün üzərinə məsuliyyət götürməkdən qaçınmaq demək idi." Başqa sözlə, Ayətullah Rəisi bizim üçün də o qədər yad olmayan bir üslubla İran xalqının boynuna minnət qoyaraq, seçilmək iradəsini ortaya qoydu. Halbuki İran xalqı ona rifah vəd edən Rəisini ən azı 4 min günahsız vətəndaşın edamına qərar verən ayətullah kimi tanıyır.
Bundan əlavə, seçkilərdə iddiasını ortaya qoyan digər siyasi və hərbi xadimlər də var. Keçmiş müdafiə naziri Hüseyin Dehqan, keçmiş neft naziri Rüstəm Qasimi, Xatəmül-Enbiya İnşaat Qərargahının sabiq komandiri general mayor Səid Məhəmməd, Mərdomsalari (Demokratiya) Partiyasının Baş katibi Mustafa Kevakabiyan, Məclis Başçısının keçmiş müavini Əli Mutəhərri, parlamentinin indiki sədr müavini Əli Nikzad, keçmiş daxili işlər nazirinin müavini Mustafa Tağızadə namizədliyə iddialılar kimi qeydiyyatdan keçiblər. Fəqət bütün bunların hamısı seçkilərin əsas favoriti sayılan Rəisinin kölgəsində qalır və seçkilərə demokratik rəng qatmağa xidmət edir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar