Xəbər lenti



İran hakimiyyəti Azərbaycan cəmiyyətinə özünü yaxşı tərəfdən tanıda bilməyib. Münasibətləri gərginləşdirən birmənalı olaraq bu ölkənin rəhbərliyi, hökumətidir. Heç uzağa getməyək, son iki ildə Tehranın Azərbaycana qarşı fəaliyyətini xatırlamaq kifayət edər. Çünki bir hakimiyyətin, dövlətin Ermənistana münasibəti, onunla əlaqəsi və başqa məsələlər Azərbaycanın dost və düşmənini ayırd etmək üçün lakmusdur. Ermənistan Azərbaycanla əldə edilən razılıqları yerinə yetirmədiyi, iki dövlət arasında sərhəd məsələsi müəyyən olunmadığı, 2020-ci il noyabrın 10-u bəyanatının müddəalarını rəsmi İrəvan pozduğu halda, Tehran rəsmiləri regionla bağlı "qırmızı xətt" cızıb. İran rəsmiləri Azərbaycana acıq verirmişlər kimi, Ermənistana tez-tez səfərlər edir, qıcıqlandırıcı bəyanatlar verirlər. Hətta Azərbaycanın maraqlarına qarşı müxtəlif layihələrdən bəhs edilir.


Hazırda Azərbaycan-Ermənistan sərhədi hələ ki müəyyənləşməyib. Bu məsələ həll edilmədiyi halda, İran Qafan şəhərində Baş Konsulluq açır. Nəzərə almaq lazımdır ki, bu ərazi ilə bağlı məsələ tamamlanmayıb. Belə olan şəraitdə İran hakimiyyətinin konsulluq açması daha çox təxribat xarakteri daşıyır. Bundan əlavə, Təbrizə münasibət, onunla əlaqə Azərbaycanın həssas məsələsidir. Çünki bu şəhər dünya azərbaycanlılarının simvoludur. Tehranla İrəvan arasında bu şəhərdə konsulluğun açılması ilə bağlı razılıq əldə edilməsi Azərbaycana sayğısızlığın göstəricisidir. İranda 50-60 min erməni yaşayır. Onların çoxu Tehran və İsfahan şəhərlərində məskunlaşıb. Belə olan halda Təbrizdə Ermənistanın konsulluğunun açılması nəyə xidmət edir? İran hakimiyyətinin məqsədi Ermənistan və öz vətəndaşlarına konsulluq xidmətini yaxşılaşdırmaqdırsa, o zaman bu ölkə ilə sərhəddə diplomatik missiyanın nümayəndəliyini açmaq da olar. Bu arada, Qarabağ işğal altında olduğu müddət sərhədboyu ərazidə bir dəfə də olsun hərbi təlim keçirməyən İran hakimiyyəti torpaqlar işğaldan azad edildikdən sonra Azərbaycanla sərhəddə üç hərbi təlim keçirib. İslam İnqilab Keşikçiləri Qvardiyasının baş komandanı Hüseyn Salami və qvardiyanın quru qoşunları komandan Məhəmməd Pakpurun Azərbaycanı hədələyən bəyanatlarını da heç kəs unutmayıb. İsrail və ABŞ-la əməkdaşlıq etdiyi üçün rəsmi Bakını müharibə ilə hədələmək xoşməramlı qonşuya xas deyil. İran hakimiyyəti isə bu mənada Azərbaycanla dost və qardaşcasına davranmadı. O, özünü, daha çox düşmən kimi apardı.

  Əslində, Azərbaycanın ərazi bütövlüyünü təhdid etmək, onun suveren hüquqlarına sayğısızlıq göstərməklə Tehran hakimiyyəti kin və nifrətini gizlədə bilmədi. Bu ölkənin rəsmiləri, parlament üzvləri, hərbçiləri, KİV nümayəndələri, “analtikləri"nin Azərbaycana qarşı çıxışları da bu kin-küdurətin davamıdır. Azərbaycanı İranda terror aksiyası keçirmək kimi cəfəng məsələdə ittiham etmək də Tehran hakimiyyəti təmsilçilərinin ağlının məhsuludur. İranın ali rəhbəri ayətullah Xameneinin Təbrizdəki nümayəndəsi Məhəmməd Ali Haşim noyabrın 11-də cümə namazı xütbəsində İran rəsmilərinin Azərbaycana qarşı iddialarını təkrar edib: “Qonşu dövlətlər terrorçuların başqa ölkələrə göndərilməsi üçün platformaya çevrilməməlidir”. İranın kəşfiyyat qurumları Xuzistanın İze şəhərində partlayış törətməkdə şübhəli bilinənlərdən birinin “Bakı sərhədini keçmək istəyərkən tutulub” deməklə da pis niyyətlərini sərgiləyib. İran rəsmiləri belə davranışı ilə ABŞ, İsrail, körfəzdəki ərəb ölkələri və başqalarına qarşı hədə-qorxu siyasətini Azərbaycana qarşı da işlətmək istəyirlər. Ancaq İran hakimiyyəti ötən il olduğu kimi, bu il də iddialarından geri çəkilməyə məcbur oldu. Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti məlum açıqlamasında həmişə Azərbaycanın yanında olduqlarını iddia edir. Ancaq ötən müddətdə hadisələr sübut edib ki, Tehran hakimiyyəti heç vaxt Azərbaycanın yanında olmayıb - nə Azərbaycan torpaqları Ermənistan və havadarları tərəfindən işğal olunanda, nə 44 günlük müharibə zamanı, nə də ötən iki ilə yaxın dövrdə. Heç şübhəsiz, İran hakimiyyəti daxilində Vilayətinin böyük nüfuzu var. O, faktiki olaraq ölkənin xarici işlər naziri vəzifəsini də yerinə yetirir. Onun münasibətlərin gərginləşməsinin qarşısını almaq üçün nüfuzundan indiyədək istifadə etməməsi də təəccüblüdür. Çünki belə bir açıqlama ilə çıxış edən dövlət rəsmisi bu addımı çoxdan atmalı idi. Bununla belə, onun açıqlamasını həm də İranın ali rəhbəri ilə razılaşdırılmış ismarıc olaraq da qəbul etmək olar. Belə ehtimal etmək olar ki, rəsmi Tehran Azərbaycanla münsaibətləri normallaşdırmaq, gərginliyi aradan qaldırmaq istəyir.

  Nəhayət, İran hakimiyyəti bu dəfə də geri çəkildi. 20 il əvvəl İranın hərbi təyyarələrinin Xəzərin Azərbaycana aid hissəsinə soxulması tarixini hər kəs xatırlayır. Onda Türkiyə və Azərbaycan şahinləri Tehrana cavab vermişdi. 44 günlük müharibədən sonra da İran hakimiyyətinin anti-Azərbaycan ritorikası və davranışı rəsmi Bakı və Azərbaycan ictimaiyyətinin sərt müqaviməti ilə üzləşdi. Ancaq bu gərginliyin başa çatmasından bir il ötməmiş İran yenidən əvvəlki çıxışlarını və iddialarını davam etdirməyə başlayıb. 30 il ərzində Azərbaycana bacardığı qədər pisliklər edən, 5-ci kolon yaradan, dövlət çevrilişi üçün cəhdlər göstərməyə hazırlaşan, ali rəhbərinin nümayəndəsi ifşa olunan İran hakimiyyətinin təmsilçisi Vilayətinin məlum açıqlaması nəyin nəticəsidir: Azərbaycan hakimiyyəti və cəmiyyətinin İranın təhdidlərinə birlikdə cavab verməsi, Azərbaycanla güc və təzyiq yolu ilə danışmağın əbəs olduğunu anlaması, Cənubi Qafqazda yeni şərait yarandığı üçün Azərbaycan münasibəti yenidən dəyərləndiməyə məcbur olması, Azərbaycanın milli maraqlarını qorumasında qətiyyət nümayiş etdirməsi, Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında acı taleyin hökmü ilə bizdən ayrı düşən Güney Azərbaycandan olan qardaş və bacılarımıza xitab edərək onların milli kimlik və ana dilində təhsil almaq hüquqlarını qaldırması, İranın sərhədlərimiz yaxınlığında təlimlərinə cavab olaraq Azərbaycanın xüsusi təyinatlılarının keçdiyi təlimlərlə cavab verməsi, İranın Azərbaycanda qurduğu dayaqlarının, geniş həlqəyə malik olan casus şəbəkəsinin ifşası və s.

  Azərbaycanın İsrail və Fələstində səfirlik açması ilə bağlı atdığı addımlar da İran hakimiyyətini məyus edib. Bu və başqa amillər Tehran hakimiyyətinin Azərbaycanla bağlı yanlışlıqlarının etirafı da sayıla bilər. İran iddialarından geri çəkildi. Düzdür, əvvəllər də belə olub. Azından ötən ilin payızından bu ilin yazınadək olan münasibətləri xatırlamaq yetərlidir. Ancaq əvvəlkilərdə İran ali rəhbərinin nümayəndəsi səviyyəsində heç bir açıqlama verilməmişdi. Bu, başqa etirafdır. İranın son 80 illik tarixinə nəzər salanda oxşar hadisələr yada düşür. İranın Əhməd Qəvam (Əhməd Qəvaməddövlə) adlı baş naziri olub. O, Azərbaycan Milli Hökumətinin qan içində boğulmasına başçılıq edib. Görəsən, Vilayəti Qəvamisəltənəni təkrarlamır? O, İran tarixində baş verən bir çox hadisələrdə tez-tez yada düşür. Ali rəhbərin müşavirinin açıqlaması xoşməramlılıq əlaməti kimi qəbul edilsə də, Qəvam da yaddadır…
Report



Ana səhifəyə qayıt        Baxış: 3 461          Tarix: 21-11-2022, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma