Xəbər lenti

 

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında ermənilərin sülh danışıqlarına çox da maraq göstərmədiyindən şikayətlənmişdi.  O bildirmişdi ki, Ermənistan fiziki görüşlər keçirməməklə yanaşı, şərtlərin verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur: “Son dəfə Ermənistandan sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”.

 

Ceyhun Bayramov Fransanın bu prosesdə bir vasitəçi kimi öz üzərinə düşən vəzifəni yetərincə yerinə yetirmədiyini, bunun əksinə olaraq, ABŞ-ın danışıqlar prosesində maraqlı olduğunu həmkarının diqqətinə çatdıraraq demişdi ki, Vaşinqtonun səyləri nəticəsində ermənilərin yenidən danışıqlar masasına qayıdacağına ümid edir. “ABŞ-ın müsbət addımları və rolu nəticəsində ən azından Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, - Azərbaycan Xarici İşlər naziri bildirmişdi.

 

Təsadüfi deyil ki, Fransa Xarici İşlər naziri Ermənistana səfər etdikdən sonra İrəvanda da Azərbaycanın suverenlik haqlarına zidd açıqlamalar vermişdi. Buna baxmayaraq, İrəvandan bu gün gələn xəbərlərdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın sabah aprelin 30-da ABŞ-a səfər edəcəyi bildirilir. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın iddiasına görə, Mirzoyanın Vaşinqtona bu işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır. Görünən budur ki, Fransanın bütün arapozucu fəaliyyətlətinə rəğmən ABŞ sonunda erməniləri sülh danışıqlarını davam etdirməyə razı sala bilib.

 

Sual oluna bilər: İrəvan niyə sülh danışıqlarında ayağını sürütləməklə məşğuldur? Niyə bu ölkə hər dəfə ağır bədəl ödəməsinə baxmayaraq, Azərbaycanın sülhpərvər çağırışlarına müsbət cavab vermir?

 

Yəqin ki, bir çoxalarınızı maraqlandıran bu suala erməni politoloq Suren Surenyants kifayət qədər obyektiv cavab verib.

 

“Ermənistan Azərbaycanla danışıqlar məsələsində təzyiq altındadır, çünki İrəvan açıq şəkildə prosesi uzatmaq kursu götürüb”. 

 

Ovqat.com-un məlumatına görə, Suren Surenyants Azərbaycan-Ermənistan arasındakı son gərginliyi şərh edərkən belə deyib.

 

Politoloq mediaya açıqlamasında bəyan edib ki, İrəvana həm Moskva, həm də Vaşinqton təzyiq göstərir. Rəsmi İrəvan isə bu ikitərəfli təzyiqlər altında danışıqlar prosesini uzatmaqla vəziyyətdən çıxamağa çalışır.

 

“Erməni tərəfinin danışıqları ləngitməsinin səbəblərini açıqlamırıq; onun niyə belə etdiyi aydındır. Çünki istənilən halda hansı ölkənin moderator kimi çıxış etməsindən asılı olmayaraq, son qərar Ermənistanın xeyrinə olmayacaq”, - Surenyants bildirib.

 

Ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ictimai məkanda iki ziddiyyətli məlumat səslənir. İlk olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrov-Bayramov-Mirzoyan arasında Moskvada keçiriləcək görüşlə bağlı razılıq əldə olunduğunu və tarixlərin daha sonra açıqlanacağını açıqlayıb. Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib etməyib. Bununla yanaşı Vaşinqtonda görüşün “ssenarisi” də dövriyyəyə buraxılıb.

 

"Brüssel danışıqlarının həyat qabiliyyətinin itirilməsi fonunda Vaşinqtonla Moskva arasında açıq-aydın rəqabət gedir. Bu qarşıdurmanın nə ilə bitəcəyini təxmin etmək hələ çətindir, lakin mən Moskvadakı görüşü ən böyük ehtimal hesab edirəm. Birincisi, Rusiya tərəfi artıq bu görüşü rəsmən elan edib və onu öz təqsiri üzündən təxirə salacaq tərəf üçün ciddi problemlər yarana bilər”, - ekspert vurğulayır.

 

Brüssel görüşünün uğursuzluğundan danışan Surenyants bu məsələdə Fransanın böyük rol oynadığına inanır. O xatırladıb ki, Praqa görüşündən sonra Brüsseldə danışıqlar aparılmalı idi, Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə bağlı Azərbaycanın etirazına görə danışıqlar baş tutmadı və Fransa tərəfi bu görüşün baş tutması üçün heç bir iş görmədi. Politoloq Fransanın bütün sahələrdə, hətta Çinlə münasibətlərdə belə, vahid Qərbin mövqeyinə zidd olan müstəqil siyasət yürütdüyünə diqqət çəkib.

 

"Makron yeganə avropalı siyasətçidir ki, son bir ayda iki dəfə Aİ-nin strateji suverenliyini bəyan edib. Yəni o, Avropa İttifaqının ABŞ-dan asılı olmayaraq qərar qəbul etməyə imkan verən statusa malik olduğunu vurğulayır", - Surenyants bildirib.

 

Ekspert lazım gələrsə, Fransanın Amerika təşəbbüslərini dəstəkləməkdən belə, imtina edə biləcəyinə əmindir. Onun fikrincə, “sırf nəzəri cəhətdən” Fransanın Qərbin mövqeyinin əksinə gedərək, Ermənistan-Azərbaycan nizamlanması məsələsində Rusiya ilə əməkdaşlıq edə biləcəyi də istisna deyil.

 

“Aİ institusional böhran yaşayır, müstəqil geosiyasi mərkəz statusunu tamamilə itirib və faktiki olaraq ABŞ-ın peykinə çevrilib”, -deyən erməni politoloq vurğulayıb ki, bu şərtlər daxilində Aİ-nin münaqişənin həllində vasitəçi olmasını gözləmək ciddi deyil: “Eyni zamanda, Rusiyanın iqtisadi təsirini, hərbi mövcudluğunu və “qaz amili”ni nəzərə alsaq, o, regionda ən böyük imkanlara malikdir”.

 

Ermənistan Təhlükəsizlik Şurası katibinin İrəvanın Fransa ilə Laçın dəhlizinə missiya göndərilməsi məsələsini müzakirə etdiyi barədə bəyanatına münasibət bildirən Surenyants deyib: "Armen Qriqoryan hələ də uşaq nağıllarına inanır. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regionda təsirini zəiflətmək üçün səy göstərirsə, sizcə, Laçın rayonunda beynəlxalq qüvvələrin mövcudluğa razı olarmı? Təbii ki, yox! Bu məsələ ATƏT-də və ya BMT-də müzakirə oluna bilər. ATƏT-də Azərbaycan, BMT Təhlükəsizlik Şurasında isə Rusiya veto hüquqdan istifadə edəcək. Görünür, Qriqoryan tam anlamadığı şeylərdən danışır və onun sözləri çox ciddi qəbul edilməməlidir”.

 

Qeyd edək ki, Armen Qriqoryan dünən Cermuxda jurnalistlərin sualını cavablandırarkən Fransadan daha çox dəstək gözlədiklərini gizlətməmişdi. "Hazırda biz Fransadan Laçın dəhlizindəki vəziyyətin həllinə böyük maraq görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda sübutların toplanması üçün beynəlxalq missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulamışdı. Erməni ekspert Surenyants isə yuxarıda da bildirdiyimiz kimi, Qriqoryanın bu ümidini uşaq nağıllarına inanmaq kimi qiymətləndirib.

 

Erməni ekspertinin ABŞ-ın Ermənistana Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün təzyiq göstərdiyi fikri erməni mediası tərəfindən də dəstəklənir. “Hraparak” qəzetinin yazdığına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson özü ilə İrəvana (sonra isə Bakıya) sülh sazişinin layihəsini gətirib. Amerikalılar tərəflərin may ayının sonuna qədər bu variantı təsdiq etmələrini istəyirlər. Bu arada, aprelin 28-də Cermukda Ermənistan Təhlükəsizlik Şurasının katibi də bəyan edib ki, yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir.

 

Bu gün isə bəlli olub ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan artıq imzalanması gözlənilən sülh müqaviləsini son dəfə müzakirə etmək üçün sabah ABŞ-a yollanacaq. 

 




Ana səhifəyə qayıt        Baxış: 6 744          Tarix: 29-04-2023, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma