Xəbər lenti

Özbəkistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.

Yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 12:00) qədər seçici siyahılarına daxil edilmiş ölkə vətəndaşlarının yarıdan çoxu seçki məntəqələrində səs verdiyi üçün referendum baş tutmuş elan edilib.

Bu barədə bazar günü jurnalistlərə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov məlumat verib.

“Saat 13.00-a olan məlumata görə, seçicilərin sayı 12 083 105 nəfərə çatıb ki, bu da siyahılara daxil edilmiş vətəndaşların sayının 62,24%-ni təşkil edir. Bu o deməkdir ki, MSK-nın referendumu keçərli saymaq üçün əsası var”, - Kuçkarov brifinqdə deyib. O qeyd edib ki, seçici siyahılarına 19 milyon 414 min 914 ölkə vətəndaşı daxil edilib.

Xatırladaq ki, Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilir. 1992-ci ildə qəbul edilmiş sənədə 200-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulur. O cümlədən, maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının sayının isə 275-dən 434-ə çatdırılması, ümumilikdə, əsas qanunun 65 faiz yenilənməsi təklif edilir.

Əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, hazırkı dövlət başçısı Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Bundan əlavə, düzəlişlərə əsasən, Özbəkistan sosial dövlət elan ediləcək və ölkədə ölüm hökmü ləğv olunacaq.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 527          Tarix: 30-04-2023, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma