Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra mətbuat konfransında Avropa Şurasının prezidenti Şarl Mişelin dilə gətirdiyi bəzi fikirlər İrəvanda şok yaradıb. Mişelin xüsusilə Qarabağı Azərbaycanın torpaq bütünlüyünə və suverenliyinə aid məsələ adlandırması radikal ermənilərin həzm edə bilmədiyi problemə çevrilib.
Ovqat.com-un məlumatına görə, erməni politoloq Hrant Melik-Şahnazaryan Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarını şərh edərkən deyib:
“Əslində orada (Brüsseldə) heç bir danışıq aparılmayıb. Azərbaycanın tələbləri var və buna uyğun olaraq Ermənistan və Avropa tərəfləri ilə birlikdə bunu Ermənistan əhalisinə təqdim etmək imkanlarının axtarılması prosesi gedib. Bütün bunları isə, erməni vətəndaşlarının hər şeyi anlamaması, qaranlıqda, çaşqın vəziyyətdə qalmaqda davam etməsi naminə edirlər”.
Politoloq qeyd edib ki, danışıqlarda hər şey aydındır və Avropa Şurasının prezidenti Şarl Mişel danışıqların gedişi barədə kifayət qədər aydın məlumat verib.
“Bu, “Artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması, Qarabağ ermənilərinə zərrə qədər də olsa, suverenlik verə biləcək hər hansı mexanizmlərin rədd edilməsi və sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Bütün bu məsələlər Azərbaycanın tələblərinin əsasını təşkil edir. Əliyev danışıqlarda maksimalist tələblər irəli sürür, Paşinyan isə bütün bunlarla razılaşır”, - deyən Melik-Şahnazaryanın sözlərinə görə, Rusiyanın bütün bu proseslərə necə reaksiya verəcəyi bəlli deyil. Çünki artıq 2020 və 2021-ci illərdə imzalanan üçtərəfli bəyanatlar da işləmir.
“Qərb Rusiyanı təkcə hərbi deyil, həm də diplomatik mənada regionumuzdan çıxarmaq üçün əlindən gələni edir”, - politoloq bildirib.
Ermənistanın radikal millətçi Daşnaksütyun partıyası da Brüsseldəki son danışıqlarla bağlı bəyanat verib və “Paşinyanın Qarabağ adından vədlər vermək səlahiyyətinə malik” olmadığını bildirib.
“Daşnaksütyun”un yaydığı bəyanatda vurğulayır ki, Şarl Mişelin Azərbaycan və Ermənistanın ərazi bütövlüyü barədə verdiyi bəyanatda 1991-ci ildə Qarabağ ermənilərinin qəbul etdiyi müstəqillik aktının tələbləri nəzərə alınmayıb.
“Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Avropa Şurasının sədri Şarl Mişel 1991-ci il Almatı Bəyannaməsi əsasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Bu bəyanat Azərbaycanın Ermənistana və Dağlıq Qarabağa qarşı davam edən təcavüzü, o cümlədən Qarabağ ermənilərinin deportasiyası, etnik təmizləmə və soyqırımı təhdidlərinin artması kontekstində səsləndirilib”.
Daşnaksütyun qeyd edir ki, MDB-nin yaradılması haqqında Sazişin ratifikasiyası zamanı Ermənistanın qoyduğu qeyd-şərtlər Mişelin bəyanatında öz əksini tapmayıb. Halbuki, rəsmi Bakı SSRİ-nin dağılmasından sonra 1918-1920-ci illərdə Dağlıq Qarabağın tərkibinə daxil olmayan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi kimi müstəqilliyini elan edib. Odur ki, Azərbaycan Qarabağa iddia edə bilməz.
Bəyanatda həmçinin bildirilir ki, Brüssel görüşündə Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq səviyyədə tanınmış əsas formata - ATƏT-in Minsk Qrupu çərçivəsində təsbit olunmuş prinsiplərə də məhəl qoyulmayıb.
Partiya həmçinin hesab edir ki, Paşinyan Qarabağ adından vədlər verməklə səlahiyyətlərini aşır. Bununla da o, “Azərbaycanın erməniləri öz doğma yurdlarından qovmaq siyasəti”nə töhfə verir və Ermənistanın Konstitusiyasını, Müstəqillik Bəyannaməsini pozur.
“Nəticə etibarilə, müqavilələr hüququ üzrə Vyana Konvensiyasına uyğun olaraq, yuxarıda göstərilən şərtlər daxilində əldə edilmiş razılaşmalar etibarsız sayılacaq”, - deyə bildirən Daşnaksütyun partiyasının Ali Qurumu beynəlxalq ictimaiyyəti “insanlığa qarşı növbəti cinayətin qarşısını almağa” çağırıb. Partiyanın fikrincə, “yalnız milli həmrəylik və vahid mübarizə erməni dövlətçiliyini ekzistensial təhlükəni dəf edə bilər”.
Göründüyü kimi, Ermənistan müxalifləri sülh danışıqlarının Avropa və ABŞ-ın vasitəçiliyi ilə baş tutmaması üçün əllərindən gələni edirlər. Prinsipcə, Nikol Paşinyan da sanki onlarla əlbir çalışır. Sülh müzakirələrində özünü “konstruktiv diplomat” kimi aparsa da, toplantılardan çıxandan sonra yenidən öz ampluasına qayıdır. Əlində də yaxşı bəhanəsi var: “nə edim, lənətə gəlmiş müxaliflər mənimlə razılaşmırlar”.
Nikol Paşinyan Brüssel görüşündən sonra Çexiyanın “Respekt” nəşrinə verdiyi müsahibəsində də eyni ikibaşlı mövqeyi sərgiləyib. O, jurnalistin sualına cavab verərkən bildirib ki, Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulmasıdır: “Amma mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağa öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, bir çoxlarına çox sadə görünə bilər, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajın Ermənistan cəmiyyəti üçün həzm edilməsi asan deyil”.
Paşinyan qeyd edib ki, bu yaxınlarda parlamentdə Ermənistanın qonşuları ilə diplomatik münasibətlər qurmasının vacibliyindən danışıb, müxalifətçi isə buna etiraz ediblər.
“Mən cavab verdim ki, Skandinaviya və Avropanın tarixini öyrənsək yaxşı olar. Skandinaviyanın həmişə indiki kimi dinc olduğunu düşünsək, yanılırıq. Sonra mənə etiraz etdilər ki, bizdən fərqli olaraq Skandinaviyada soyqırım olmayıb. Bəli, bizimlə Skandinaviya arasında çoxlu durum fərqlilikləri var, amma məncə, məsələ aydındır: tarixi insanlar yaradır”, – Nikol Paşinyan vurğulayıb və əlavə edib ki, Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlərə malikdir və bu münasibətləri yaxşılaşdırmaqda davam etməlidir. Onun sözlərinə görə, indi Ermənistanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.
Paşinyanın bu fikirləri də təsdiqləyir ki, o da öz sələfləri kimi, danışıqlar yolu ilə vaxt qazanmağa, Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməyi özündən sonrakı nəslə ötürməyə çalışır. Belə olan təqdirdə Ermənistanın sülh müqaviləsinə hazır olduğunu düşünənlər yanılırlar.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş, əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı problemlərin həllinin zəruriliyi ilə bağlı məsələlər görüşün əsas müzakirə predmeti olub. Dağlıq Qarabağ, eləcə də itkin düşmüş məhbuslarla və digər humanitar məsələlər də müzakirə edilib.
Paylaş: