
Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The Guardian” 14 may seçkilərinin ilk turu ilə əlaqədar öz analizini dərc edib.
Ovqat.com-un məlumatına görə qəzetin İstanbuldakı keçmiş müxbiri Constanze Letsch tərəfindən qələmə alınan məqalədə bildirilib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və AK Partiya 21 illik iqtidarlarında inanılmaz güc və qaynaq toplayıb, ana medianı, məhkəmə sistemini və dövlət qurumlarını özlərinin təlimat və direktivlərinə uyğun şəkildə yönləndirə bilib. Müxalifət hər zaman çətin mübarizənin içində olub".
“Türkiyədə seçkilərdə Ərdoğan öndədir və uduzan tərəf yəqin ki, demokratiya olacaq” başlıqlı analiz yazısında “Millət” Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun fəaliyyəti ilə bağlı aşağıdakı qiymətləndirmələr aparılıb:
“Çoxları müxalifətin siyasi islahatlara, birliyə və ölkədəki zəhərli qütbləşməyə son qoymağa yönəlmiş kampaniyasının ölkəyə yeni nəfəs gətirdiyini düşünürdü. Digərləri isə Kılıçdaroğlunun daha çox onun fikirləri ilə razılaşanlara müraciət etməsi, həddindən artıq optimist olması və sosial mediada müsbət səslərə diqqət yetirməsi kimi yanaşmasını arzulanan nəticənin alınmamasının əsas səbəbi kimi qiymətləndiriblər”.
Bəzi təhlilçilərin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kılıçdaroğlunun hər təbəqədən olan toplumların təmsil olunacağı parlament sisteminə qayıdış vədinin qeyri-reallığı fikri ilə razılaşmayan müəllif bu iddianı əsassız hesab edərək yazır: “Milyonlarla insan hələ də bunu tələb edirdilər”.
Təhlildə qeyd olunur ki, seçkilərin ilk turunda Kılıçdaroğlu gözlənildiyindən daha pis, Ərdoğan isə yaxşı çıxış edib.
Mayın 28-də keçiriləcək ikinci turda da üstünlüyün Ərdoğanda olduğunu bildirən Constanze Letsch fikrini belə əsaslandırıb:
“Ərdoğanın sağçı və radikal mühafizəkar ittifaqı parlamentdə çoxluğu təmin edib və seçicilər qanunverici orqandan lazımi dəstəyi almayan prezidentliyə namizədi seçməkdə tərəddüd edə bilərlər. Müxalifət qanadındakı məyusluq da Kılıçdaroğlunun ikinci turdakı səslərini əridə bilər”.
Təhlildə, ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın "təşviqat kampaniyasında kürd və qaçqınlara qarşı siyasət izlədiyini, bunun həm iki həftəlik prosesi, həm də prezidentliyə namizədlərin ritorikasını əhəmiyyətli dərəcədə formalaşdıracağı iddia edilib.
Lutsch məqaləsini aşağıdakı ifadələrlə tamamlayıb:
“Bu seçkilər Türkiyənin gələcəyi ilə bağlı debatlarda demokratiya ilə avtokratiya mübarizəsi kimi dəyərləndirilib. Ölkədə hər kəs üçün hüquq və ədaləti müdafiə edənlər üçün bu mübarizə son dövrə girmiş ola bilər”.
Paylaş: