Xəbər lenti

 

“Paşinyana qədər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi  tanımaqla münaqişənin həllinə rəsmi razılıq verən yeganə Ermənistan lideri ikinci prezident Robert Köçəryan olub və o, 1998-ci ildə “ümumi dövlət” planını qeyd-şərtsiz qəbul edib”. 

 

Ovqat.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyası sədrinin ( I prezident Levon Ter-Petrosyanın) müavini Levon Zurabyan yaydığı bəyanatında bildirib.

 

“Bununla belə, ədalət naminə qeyd etmək lazımdır ki, Köçəryanın razılaşdığı proqramla Nikol Paşinyanın Qarabağ planı müqayisə oluna bilməz”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, Paşinyan ötən gün Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatda Qarabağın da, Qazaxın 7, Naxçıvanın 1 anklav kəndinin də bu əraziyə şamil edildiyi açıqlamışdı. O, bildirmişdi ki, tək özü deyil, əvvəlki prezidentlərin hamısı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Levon Zurabyanı bəyanat verməyə məcbur edən də Paşinyanın bu sözləridir. Çünki Levon Zurabyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müavinidir. Paşinyanın atdığı daş isə həm də onun rəhbərinin bostanına düşür. 

 

Qarabağın Azərbaycana təhvil verilməsi prosesinin Levon Ter-Petrosyandan sonra hakimiyyətə gələn Robert Kocaryanın vaxtına təsadüf etdiyinə diqqət çəkən Zurabyan bu iki prezidentin razılıq verdiyi xüsuslar arasındakı fərqə də aydınlıq gətirib. Onun iddiasına görə, Koçaryanın razılaşdığı “Ümumi dövlət proqramı” “de-yure Azərbaycanın tərkibində, de-fakto müstəqillik” prinsipi üzərində qurulmuşdu: “Qarabağın öz parlamenti olacaq, onun ərazisində Azərbaycan qanunlarını qadağan etmək səlahiyyəti vardı. Azərbaycanın güc strukturlarının Xankındinin razılığı olmadan Qarabağ ərazisinə girmək hüququ olmayacaq, Qarabağın öz ordusu yaradılacaqdı və s”.

 

Zurabyanın fikrincə, Paşinyanın razılıq verdiyi proqramda isə Qarabağın unitar Azərbaycan dövlətinə “birləşdirilməsi”, orada bütün rəhbərliyin, o cümlədən prokurorluq və polisin Bakı tərəfindən təyin edilməsi nəzərdə tutulur: “Nəticə əvvəlcədən bəllidir: “Artsax”ın erməni əhalisinə qarşı etnik təmizləmə baş verəcək, əgər qırğınlar və qovulmalar olmasa”.

 

O, əlavə edib ki, Paşinyan razılıq verdiyi prinsiplərin təfərrüatları məlum olanda biabırçı qərarının doğuracağı fəsadlardan qorxur. Ona görə də yenə məsuliyyətdən yayınmağa, verdiyi qərara görə günahı ölkənin keçmiş rəhbərlərinin üzərinə atmağa, ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün ondan əvvəl tanındığına inandırmağa çalışır.

 

Zurabyan həmçinin xatırladıb ki, Ermənistan Alma-Ata bəyannaməsini 10 qeyd-şərtlə imzalamışdı: “Bu qeyd şərtlərdən aydın olurdu ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağa aid deyil”.

 

Xatırladaq ki, ötən gün Paşinyan iki ölkə arasında sərhədin çəkilməsi üçün ərazi bütövlüyünün qarşılıqlı tanınmasını şərt adlandırmışdı. Ermənistan baş nazirinin dediyinə görə, bundan əvvəl isə, Bakı ilə Xankəndi arasında birbaşa danışıqlar mexanizmi təmin edilməlidir.

 




Ana səhifəyə qayıt        Baxış: 7 373          Tarix: 23-05-2023, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma