Xəbər lenti


 

Rusiya ordusu bazar ertəsinə keçən gecə Cənubi Ukraynanın Donetsk bölgəsindəki cəbhə xətti boyunca beş ayrı nöqtədə böyük hücumların qarşısını alıb və yüzlərlə ukraynalı hərbçini məhv edib.

 

Ovqat.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

İddia edilir ki, döyüşlər nəticəsində Ukraynanın Donetskin cənubundakı altı mexanikləşdirilmiş və iki tank batalyonu vurulub, 250-yə qədər ukraynalı əsgər həlak olub.

 

“İyunun 4-də səhər düşmən cəbhənin Cənubi Donetsk istiqamətində beş nöqtədən genişmiqyaslı hücuma başlayıb.Düşmənin məqsədi cəbhənin ən həssas hissəsində müdafiəmizi pozmaq idi. Lakin düşmən öz vəzifəsini yerinə yetirə bilmədi, heç bir uğur qazanmadı", - məlumatda qeyd olunur.

 

Nazirliyin məlumatına inansaq, Rusiya qoşunları 250 Ukrayna hərbçisini, həmçinin 16 tankını, üç piyada döyüş maşınını və 21 zirehli döyüş maşınını məhv edib.

 

Maraqlıdır ki, Ukrayna bu məlumatı nə yalanlayıb, nə də təsdiqləyib. Hətta “Reuters” informasiya agentliyinin bu barədə yazılı sorğusuna belə cavab verməyib.

 

Xatırladaq ki, artıq neçə müddətdir, Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün əks-hücumlara hazırlaşırdı. NATO qüvvələri onu ən müasir Qərb silahları ilə təchiz edir və əks-hücumlara başlamağa həvəsləndirirdilər. Odur ki, Rusiya MN-nin yaydığı bu məlumatın həqiqəti nə dərəcədə əks etdirdiyi, genişmiqyaslı həmlənin gözlənilən əks-hücum əməliyyatı olub-olmadığı maraq doğurur. 

 

Əks-hücum əməliyyatının uğuru Ukrayna üçün həlledici məsələdir. Çünki planlaşdırılan hücumun nəticəsi Qərb ölkələrinin Rusiya-Ukrayna probleminin hərbi, yoxsa diplomatik yolla həllinə qərar verəcəyini də müəyyənləşdirə bilər. Görünür, bu səbəbdən Ukrayna keçirilən əməliyyatların nəticələri barədə heç bir açıqlama verməyə həvəs göstərmir.




Ana səhifəyə qayıt        Baxış: 6 184          Tarix: 5-06-2023, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma