Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Cəbrayılın alınmasından sonra 2-ci korpus iki istiqamətə ayrıldı. Birinci ordu qrupu Gəyən düzü boyunca Cəbrayıl-Zəngilan istiqamətində, ikinci ordu qrupu isə Cəbrayıldan şimala və şimal-şərqə doğru Hadrut və Füzuli istiqamətində hərəkətə başladı.
Bu ərəfədə 9 oktyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə görüş planlaşdırılmışdı. Tərəflərin görüşü cəbhəboyu şiddətli döyüşlərin getdiyi zaman baş verirdi. Bu zaman prezident İlham Əliyevdən gözlənilməyən açıqlama gəldi. 9 oktyabrda xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni azad olunmuş ərazilər və Ermənistanla danışıqların aparılması barədə məlumat verir: “İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Amma işğalçıya bəlkə də sonuncu dəfə torpaqlarımızdan çıxmaq üçün şans veririk. Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər.”
Bu çıxış müharibənin tezliklə bitəcəyi siqnalını vermişdi. Axşam saatlarında başlayan danışıqlar 11 saat davam etdi və sonda tərəflər atəşkəs barədə razılığa gəldilər. Rusiya XİN sözçüsü Mariya Zaxarova “Feysbuk” səhifəsində tərəflərin razılaşdığı addımlara dair sənədin – nazirlərin bəyanatının nüsxəsini paylaşdı. Sənəddə deyilirdi:
“- 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər”.
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər”.
Azərbaycan Prezidenti İlham Əliyev atəşkəs imzalandıqdan sonra Rusiyanın “RBK” telekanalına verdiyi müsahibədə deyirdi: “Dağlıq Qarabağla bağlı mövcud böhranın hərbi hissəsi sona çatdı. Biz hazırda siyasi həllə yaxınlaşmışıq. Atəşkəs rejimində əsas faktor Ermənistanın ərazilərin Azərbaycana məxsus olması və buna görə heç bir vaxt hərbi yola cəhd göstərməyəcəyi ilə barışması olacaq.”
Moskvada uzun danışıqların sonunda Ermənistan tərəfinin ərazilərlə bağlı güzəştə getmədiyi barədə bəyanat verilməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Ancaq 1 gün sonra baş verən hadisələr bu görüşün və bəyanatın sadəcə imitasiya xarakterli olduğunu göstərdi. Həmin zaman bunu çox az ekspert müşahidə etmişdi. Onlardan biri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş əməkdaşı, polkovnik İqor Strelkov idi. Strelkov Azərbaycanın atəşkəsə riayət etməyəcəyini, bunun da səbəbinin müharibədə üstünlüyü ilə əlaqələndirirdi: “İndi Hadrut uğrunda və şimalda Qarabağı Ermənistanla birləşdirən iki yoldan biri uğrunda döyüşlər davam edir. Azərbaycan ordusu yavaş-yavaş da olsa irəliləyir, ciddi perspektivləri var. Ermənistan isə yavaş-yavaş geriləyir və döyüş əhval-ruhiyyəsi demək olar ki, qalmayıb. Belə bir şəraitdə Azərbaycan atəşkəsə riayət etməyəcək. İmza yalnız güman edilən sülhü nümayiş etdirmək üçün qoyuldu. Bu imza Bakıya təcavüzkar olması ilə bağlı ittihamların qarşısını almaq üçün lazım idi. Ermənistan bu barışığı çox istəyərdi, belə bir atəşkəs hücum başlamazdan əvvəl nəzarət etdikləri ərazilərin 90%-nə qədər saxlamağa icazə verərdi. Ermənistan üçün vəziyyət bir ipdən asılıdır, Azərbaycan hərbçiləri həm cənubda, həm də şimalda müdafiə xəttini yararaq Dağlıq Qarabağın özəyi Xankəndi və Şuşanı tam blokadaya ala bilərlər. Bu vəziyyətdə erməni qoşunlarının mövqeyi xeyli pisləşəcək və güzəşt ehtimalı kəskin artacaq”.
Müharibə bitdikdən sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryan müharibə ərzində atəşkəsin Azərbaycan tərəfindən pozulma səbəbini bu formada açıqladı: “Azərbaycan müharibədə üstün tərəf idi. Heç bir lider müharibədə üstün olduğu vəziyyətdə atəşkəsə riayət etməz”.
Köçəryan özünün “Həyat və Azadlıq” kitabında 1993-cü ildə Azərbaycandakı qarışıqlıqdan istifadə edib Ağdam üzərinə hücum edərkən erməni tərəfinin atəşkəsi pozmasını məhz üstünlük faktoru ilə açıqlamışdı (Köçəryan, 2019:105).
Hadrut ətrafında müharibə
Qarabağdakı rus hərbi müxbirlər Əliyevin Hadrutun ələ keçirilməsi haqqında tvitini doğru hesab etmirdi. “Komsomolskaya pravda” qəzetinin hərbi müxbiri Aleksandr Kots və “WarGonzo” teleqram kanalının hərbi müxbiri Semyon Peqov Hadrut qəsəbəsinin ələ keçirilməsi ilə bağlı rəsmi bəyanatdan sonra Hadrutda çəkilmiş bir fotoşəkil yayımladılar. Bundan başqa Peqov layihə qrupunun Hadrutdan yenicə qayıtdığını və buranın “Qarabağ Müdafiə Ordusunun” nəzarətində olduğunu bildirir. Lakin Kots ilə Peqovun Hadrutun girişində çəkdirdiyi ilk fotonun daha sonra 6–7 oktyabr tarixlərində çəkildiyi bəlli olur. Prezident İlham Əliyevin Hadrutu ələ keçirilməsi haqqında tvitindən 1 gün sonra Hadrutun şimal-qərbindəki ermənilərə aid snayper mövqelərindən şəhər uğrunda döyüşlərin başladığı müəyyənləşir. Hadrut sakini Lara Safaryan o günləri belə xatırlayır: “9–10 oktyabr tarixlərində kişilərə belə şəhərdən çıxmaq əmri verildi. Normal silahları olmamasına baxmayaraq onlarla adam şəhərdə qaldı. Çox güman ki, sonradan bəziləri öldürüldü, qalanları isə əsir götürüldü”.
Azərbaycan ordusunun 10 oktyabrda Hadruta girməsi ilə bağlı ilk məlumatı İqor Strelkov verdi: “Məndə olan mövcud məlumatlara əsasən, Azərbaycan Ordusu bu gün günortadan sonra Hadrut şəhərinə daxil olub”.
Azərbaycan XTQ-sinin şəhərə girməsi ilə bağlı ermənilərin ilk məlumatında qeyd edilir: “Sayı 200 nəfərə yaxın Azərbaycan diversantları 10 oktyabrda erməni geyimində Hadrutun ətrafındakı yüksəkliklərdən şəhərə giriblər. Onlar erməni hərbi formasında olduqları üçün diversant olması aşkarlanmamışdı. Ancaq bir müddətdən sonra onlar ifşa olunduğu üçün hər tərəfə atəş açmağa başladılar, mülki şəxsləri öldürərək Hadrut şəhər administrasiyası binası üzərində Azərbaycan bayrağını qaldırmağa çalışdılar. Şəhərin meri də daxil olmaqla könüllülər onlara qarşı Qarabağ xüsusi təyinatlıları və snayperlər bu əraziyə gələnə qədər mübarizə apardı. Bunu görəndən sonra diversantlar ətraf yüksəkliklərə doğru geri çəkilməyə başladılar. Buna baxmayaraq, onlar şəhəri ələ keçirmək cəhdlərini dayandırmayıblar."
12 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan xarici dövlətlərin və Ermənistan Respublikasında akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri ilə görüş zamanı Hadrut döyüşləri barədə bunları qeyd edir: “Hamınız bilirsiniz ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ictimai müraciətindən sonra Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən atəşkəs bəyanatı qəbul edildi. Atəşkəs oktyabrın 10-da saat 12:00-da qüvvəyə minməli idi. Atəşkəsin qüvvəyə minməsindən əvvəl Azərbaycan intensiv hərbi əməliyyatlar aparırdı, de-yure bu atəşkəs bəyanatının pozulması məntiqinə daxil deyil. Lakin saat 12:05-də Azərbaycan Ordusu Hadrut şəhərini ələ keçirməyə cəhd etdi. Hazırda Hadrut bölgəsində hərbi əməliyyatlar gedir və Dağlıq Qarabağ Müdafiə Ordusu Hadrutu ələ keçirməyə çalışan diversiya qruplarına qarşı mübarizə aparır. Hazırda cənub bölgəsində vəziyyət gərgindir və praktiki olaraq atəşkəsə riayət olunmur.”
Hadrutdakı erməni səlahiyyətlilərinin bildirdiyinə görə, Azərbaycanın Hadruta hücumu nə artilleriya atəşi, nə də tanklar tərəfindən dəstəklənmirdi, belə görünür ki, bu qrupun məqsədi orda sadəcə var olduqlarını göstərməkdən ibarət idi. Azərbaycan isə öz növbəsində Ermənistanı atəşkəsi pozmaqda günahlandırdı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilirdi: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib. Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.”
11 oktyabrda Azərbaycan XTQ-si bu dəfə Hadrutun cənubundakı mövqelərdəki təpələrdə görünür. Bu tarixdən etibarən Azərbaycan XTQ-si Hadrutun qərb istiqamətindəki yüksəkliklərini tutmağa başlayır. Həmin gün Hadrutdakı vəziyyətlə bağlı Ermənistan İctimai Televiziyasının reportajı yayımlanır. Videoda şəhərdə döyüşlərin getmədiyi görünür. Erməni hərbçilər jurnalistləri maşınla gəzdirirlər, ancaq bir atəş səsi eşidəndə yan küçədəki bir binaya və ya zirzəmiyə sığınırlar. 11 oktyabrda Semyon Peqov Hadrutun Qarabağ Müdafiə Ordusunun nəzarətində olduğunu göstərmək üçün Hadruta səfər edir. Avtomobil Hadrut yazılan yerə çatanda sürücü dayanmaq istəsə də, Peqov sürücüyə dayanmamağı tövsiyə edir: “Etmə, Sanya, snayper vura bilər. Bizə xəbərdarlıq etmişdilər. Gedək, şəhərə gedək.” Buna baxmayaraq maşın dayanır və Peqov burda qısa açıqlama verir: “Hazırda biz Hadrutun girişindəyik və bizə tövsiyə edilməyən açıq bir yerdə dayanmışıq. Buralarda snayperlər mövcuddur. Ancaq ümumilikdə fakt odur ki, biz buradayıq".
Bu görüntülər artıq qərb tərəfdəki əsas yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətində olduğunu göstərirdi. 12 oktyabrda Azərbaycan Müdafiə Nazirliyi Cəbrayılın Süleymanlı kəndinin video görüntülərini yayımlayır. Bu, ordunun Hadruta cənub və şərq istiqamətdə hərəkət etdiyi anlamına gəlirdi. Bu istiqamətdəki ordu Yuxarı Güzlək yaşayış məntəqəsinə, ordan da Hadrutun şərq tərəfində olan kəndlərə doğru yönəlməyə başladı. Həmin gündən etibarən Azərbaycan Ordusu böyük qüvvələrlə hücuma keçməyə başlayır. Bunu Dağlıq Qarabağ separatçılarının mətbuat katibi Vahram Poqosyan öz "Feysbuk" səhifəsində təsdiqləyir: “Düşmən böyük qüvvələri Hadrut istiqamətdə cəmləşdirdi və şəhərə girməyə çalışır. Qarabağ Müdafiə Ordusu hər santimetr torpaq uğrunda ağır döyüşlər aparır”.
Bunun qarşısını almaq üçün erməni ordusu xüsusi təyinatlıların iştirakı ilə əks-hücuma keçir, lakin pusquya düşən həmin qrup ağır itkilərdən sonra geri çəkilməyə məcbur olur. Vəziyyət ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına verdiyi müsahibəsində məlumat verir: “Ermənilər bir neçə dəfə Hadrutu yenə işğal etmək üçün cəhdlər ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”.
Hadrutdakı erməni birləşmələrinin vəziyyəti mürəkkəb olsa da, Ermənistan tərəfi uğurlu əməliyyat barədə məlumat verirdi. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan 12 oktyabrda keçirdiyi brifinqdə Azərbaycan hərbçilərinin şəhərdən çıxarıldığını bildirir: “Hadrut uğrunda döyüşlər bir neçə gündür davam edir. Hadrut şəhəri hazırda tamamilə Qarabağ Müdafiə Ordusunun nəzarətindədir. Azərbaycan hərbçiləri əvvəlki mövqelərinə geri oturdulub”. İqor Strelkov Hadrutda Azərbaycan XTQ-sinin zərərsizləşdirilməsi ilə bağlı erməni iddialarına skeptik münasibət göstərir: “Hər kəs Paşinyanın oktyabrın 7-də Cəbrayıla girən Azərbaycan qüvvələrinin mühasirəsi və məğlubiyyəti ilə bağlı elan etdiyi "qalib" çıxışını xatırlayırmı? Nəticədə Azərbaycanın əsas bölmələrinə arxa istiqamətdən hərəkət edərək mühasirəni bağlamalı olan erməni tank briqadası məhv edildiyi aydın olub. Hal-hazırda ermənilər dağlara sıxışıblar. Bu vəziyyətdə olan ağıllı hərbi lider hücum planlaşdırmadan əvvəl, cinahların təhlükəsizliyi ilə maraqlanar. Cinahlar və arxa tərəfin təhlükəsizliyini prinsipial olaraq həll etdikdən sonra ermənilərin ən yaxşı qüvvələri (xüsusi təyinatlılar da daxil olmaqla) Hadrut uğrunda gedən döyüşlərdə iştirak edə bilər. Bu əməliyyat həm də tez bir zamanda edilməlidir ki, cinahlardakı erməni qüvvələri özlərini kamuflyaj edə bilsin. Qarşıdakı günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının vəziyyəti düzgün qiymətləndirib-qiymətləndirməyəcəyini görəcəyik. Ancaq indiki halda belə görünür ki, Hadrut hələ alınmayıb, döyüşlər onun ətrafında gedir. Bu amma operativ üstünlüyün Azərbaycan tərəfində olduğu reallığını dəyişdirmir”.
Gürcü jurnalist Dmitri Avalianinin 12 oktyabrda yayımladığı yazısında qeyd edilir: “Azərbaycan tərəfi şəhərdə Azərbaycan hərbçilərinin və ya bayrağının Hadrut üzərində olmasını təsdiq edən video və foto materialları dərc etməyib. Erməni tərəfi hələ də hücumu dəf etdiyini və döyüş meydanında qələbə qazandığına dair kifayət qədər inandırıcı sübutlar təqdim etməmişdir. Hal-hazırda mövcud olan az materialdan şəhər uğrunda mübarizənin davam etdiyi qənaətinə gəlmək olar. Azərbaycan Silahlı Qüvvələri Hadrut ətrafındakı yüksəkliklərdədir, ona çox yaxındır, bu səbəbdən şəhər atəşə tutulur və küçələrdə olmaq təhlükəlidir. Azərbaycan əsgərlərindən bir neçəsi şəhərin özündə ola bilər ki, bu da erməni qüvvələrinə və orada çalışan jurnalistlərə təhlükə yaradır. Döyüş çox güman ki, davam edəcək, Azərbaycan tərəfi artıq azad olunduğunu elan etdiyi Hadrutu vacib hədəf olaraq saxlayacaq.”
Hadrutun ələ keçirilməsi
Hadrutun rəsmi olaraq azad olunduğu qeyd edilsə də, Azərbaycan Ordusunun şəhəri nəzarətə götürməsi ilə bağlı konkret fakt yoxdu. Oktyabrın 12-də Türkiyənin “Haber Global” telekanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev Hadrut qəsəbəsinin dolayı yolla Azərbaycanın nəzarəti altında olmadığını etiraf etdi: “Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1–2 gün sonra açıqlama veririk. Bunun da taktikası var.”
Bu açıqlamadan 1 gün sonra, 13 oktyabrda Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Hadrutu nəzarətə götürməsi ilə bağlı ilk video görüntüləri paylaşdı. Videoda Hadrutun cənubdan və qərbdən hakim yüksəkliklərdən görünüşləri vardı. Lakin geolokasiya mütəxəssisləri görüntülərin Hadrutun bir kilometr qərbində yerləşən Tağaser kəndindən çəkildiyini müəyyən edir (videonun sonunda Azərbaycan bayrağının dalğalandığı məktəb binasının coğrafi mövqeyinə əsasən). Həmin gün eyni zamanda Vəng kəndi də Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Erməni tərəfi görüntülərlə bağlı heç bir açıqlama vermir, yalnız bir gün sonra bundan əvvəlki bəyanatlarını olduğu kimi təkrarlayır. ABŞ-lı tarixçi Eduard Erikson qeyd edir: “Azərbaycan ordusu geri çəkilən erməniləri Hadrut istiqamətində yaxından təqib edərək 13 oktyabr tarixinə qədər şəhərə baxan bütün yüksəklikləri ələ keçirdi”.
14 oktyabrda prezident İlham Əliyev Hadrutun şərq və qərb istiqamətindəki kəndlərin (Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser) azad olunduğu xəbərini verdi. Bu kəndlərin tutulması Hadrutun operativ mühasirəsi demək idi. 14 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan cəbhədəki uğursuzluğu etiraf edir: “18 gün davam edən döyüşlərdə qəhrəman qoşunlarımız şimal və cənub istiqamətlərində bir qədər geri çəkildi. Düşmən taktikasını dəyişdi, təxribat qrupları ilə cəbhənin arxasında panika salmağa çalışdı. Müdafiə Ordusu vəziyyəti nəzarət altında saxlayır və düşmənə həm canlı, həm də hərbi texnik baxımından böyük itkilər yaşadır”.
Paşinyanın açıqlaması reallıqla uyğunlaşmırdı, erməni ordusu nəzarəti tamamilə əldən vermişdi. Strateji və taktiki üstünlük ayın 14-dən etibarən tamamilə Azərbaycan Silahlı Qüvvələrinin tərəfinə keçmişdi. Ukraynalı hərbi ekspert Yuri Podolyaka isə analitik kanalında “Hadrut əməliyyatı” ilə bağlı bunu qeyd edir: “Azərbaycan Ordusu sürətlə irəlilədiyinə görə, ermənilərin bütün cəbhə xəttini əhatə edəcək əsgərləri yoxdur və onlar yeni mövqelərə çəkilirlər. Ümumiyyətlə, Ermənistan komandanlığı getdikcə ümidsizləşir. Problemlərin getdikcə artdığını və fəlakətin uzaq olmadığını görürlər və açıq-aydın bu mövzuda nə edəcəyini bilmirlər.”
15 oktyabrda Azərbaycan Ordusu Hadrutun şimal-şərq istiqamətində yerləşən Düdükçü, Edilli, Çiraquz kəndlərinə və qərbdə Edişə kəndinə daxil oldu. Mühasirə halqası daraldığı üçün ermənilər müqavimətin faydasız olduğunu görərək həmin gün Hadrutdan çıxdılar. 16 oktyabrda Azərbaycan Ordusu Hadrut qəsəbəsinin şimal-şərqində yerləşən Xırmancıq, Ağbulaq və Axullu kəndinə daxil oldu. Elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi Hadrutun mərkəzində çəkilmiş bir video yayımladı. Videoda Hadrut mərkəzindəki park, erməni əsgərlərinin memorialı, şəhər administrasiya binası açıq şəkildə görünürdü. Elə həmin gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Hadruta hansı tərəfin nəzarət etməsi ilə bağlı sualını cavablandırmaqdan yayınır. İqor Strelkov Hadrutun alınması ilə bağlı görüntüləri belə xarakterizə edir: “Videoda Azərbaycan hərbçilərinin boş bir şəhər içində sakitcə hərəkət etməsi əks olunur. Üstəlik şəhərdə atəş səsləri belə eşidilmir. Bu o deməkdir ki, cəbhə Hadrutdan xeyli uzaqlaşıb. Videogörüntülər də göstərir ki, şəhərdə heç bir ciddi küçə döyüşü olmayıb, ya da çox qısa müddətdə davam edib. Yəqin ki, ermənilər cənubdan, şərqdən və qərbdən öz mövqelərini əldən verdikləri üçün şəhəri döyüşsüz təslim ediblər. Azərbaycan Ordusunun yerdə və havada texniki üstünlüyünü nəzərə alsaq Hadrutda küçə döyüşlərində əsgərləri itirmək yerinə geri çəkmək daha doğru addımdır. Hazırda Azərbaycan Ordusunun hərəkət trayektoriyasından belə bir nəticəyə gəlmək olar ki, onlar Hadrutda etdiyi taktikanı Füzuli istiqamətində də həyata keçirməyə cəhd edəcəklər.”
Hadrut uğrunda müharibə 15 oktyabrda başa çatsa da ermənilər qəsəbəni geri qaytarmaq üçün bir neçə dəfə hücum etməyə cəhd göstərdi. 17 oktyabrda Azərbaycan Müdafiə Nazirliyi Hadrutda vəziyyətin gərgin olduğu, döyüşlərin davam etdiyi barədə açıqlama verdi. 18 oktyabrda Hadrutda başlayan artilleriya duelinin səsi 60 km aralı Şuşa şəhərində belə eşidilirdi. 4 gün davam edən döyüşlərdə Ermənistan ordusu məğlub edilir və şimala doğru çəkilməyə başlayır. 22 oktyabrda Azərbaycan MN-in verdiyi məlumatda deyilir: “Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.”
Hadrut istiqamətində erməni ordusunun əsas hücum istiqaməti Tuğ kəndi idi. Azərbaycan Ordusu bu kəndə nəzarəti oktyabrın sonlarına yaxın ələ keçirə bilir. Beləcə, Hadrut qəsəbəsi uğrunda 9 oktyabrdan 23 oktyabra qədər davam edən döyüşlər başa çatır.
Analiz
Ukraynalı hərbi ekspert Yuri Butusov Hadrut əməliyyatını belə xarakterizə edir: “Azərbaycan ordusunun taktikası cəbhə xəttində əsas müqavimət qovşaqlarının müəyyən edilməsinə və ardıcıl şəkildə hədəf alınmasına əsaslanır. Bunun üçün pilotsuz uçan aparatlardan, artilleriyadan, RYAS-dan və dronlardan davamlı kəşfiyyat qurulur. Atəş silahları yüksək manevr qabiliyyətinə malikdir. Müqavimət qovşaqları "yumşalır", ermənilər ağır itkilər verir, təchizat sisteminin məhv olması səbəbindən müdafiə manevrləri həyata keçirilə bilmir, beləcə müdafiə qüvvələri dağılır. Bundan sonra Hadrutda olduğu kimi erməni birləşmələrinin boşluqlarına sızmaq üçün istifadə olunur. Hadrut əməliyyatı göstərdi ki, azərbaycanlılar təmas döyüşlərinə və zirehli texnikasız müstəqil piyada əməliyyatlarına hazırlaşıblar.”
Tarixçi Arif Yunus Azərbaycan ordusunun Hadrut istiqamətində və ümumilikdə dağlıq ərazilərdə üstünlüyünü bununla əlaqələndirir: “İran sərhədi boyunca ərazini azad edən 2-ci korpusun qoşunları şimala getdilər. Bu ərazilərdə dağlıq relyef olduğu üçün zirehli maşınlar və toplardan istifadə mümkün deyildi. Bu regionda əsas əməliyyatları general-mayor Hikmət Mirzəyevin rəhbərliyi altında belə şəraitdə döyüşmək üçün hazırlanmış 40-120 döyüşçü olan mobil birləşmələr həyata keçirməyə başladı. Azərbaycan xüsusi təyinatlıları yaxşı təchiz edilmiş və gecə görmə cihazlarına malik idi, buna görə də gecə rahatlıqla döyüşürdülər. Ermənilərdə belə avadanlıqlar yox idi və nəticədə azərbaycanlılar onları çox rahatlıqla məhv edirdi. Elə buna görə də ermənilər bu qədər böyük itkilər verdilər.”
Prezident İlham Əliyev Hadrut əməliyyatının əhəmiyyətini belə qeyd edirdi: “Onlar bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı.”
“Ria-Novosti” müxbirinin Hadrutun necə ələ keçirilməsi barədə sualına adı çəkilməyən Azərbaycan zabiti belə bir cavab verir: “Oktyabrın ilk həftələrində bizim aktiv kəşfiyyat qrupumuz fəaliyyət göstərirdi. Biz Hadruta daxil olaraq ərazini araşdırdıq, mərkəzə çatdıq və müvəqqəti olaraq geri çəkildik. Mətbuat bunu Bakının uğursuzluğu kimi qələmə verdi. Cənub cinahını yarıb şəhərə girəndə ciddi müqavimətlə qarşılaşmadıq”.
Erməni tərəfinin əsas səhvini isə həmin zabit şəhərin ətrafında az qüvvə olması ilə izah edir: “Hadrut yalnız bir neçə xüsusi təyinatlı dəstə və yerli milis tərəfindən müdafiə olunurdu. İctimaiyyət elə hesab edir ki, şəhər uğrunda şiddətli döyüşlər gedib. Halbuki bu elə deyil, özünüz görürsüz ki, şəhərdə dağıntı minimaldır. Biz əvvəlcədən mülki əhalinin şəhərdən çıxması üçün humanitar dəhliz açmışdıq.”
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi, polkovnik Səid Əhmədov isə döyüşləri belə xatırlayır: “Ermənilər Hadruta Qarabağın açarı deyirdilər. Düşünmürdülər ki, Hadrutu verə bilərlər. Çünki dinc əhalinin hamısı oradaydı... Demək olar ki, iki gün Hadrut uğrunda döyüşdük. Bizim orada itkilərimiz oldu, amma qarşı tərəfin itkisi lap çox idi.”
Politoloq Nicat Hacıyev “İzvestiya” qəzetinə verdiyi müsahibədə Hadrutun alınmasını belə təsvir edir: “Azərbaycan Ordusu Hadrutun şimalında əhalinin çıxması üçün dəhliz buraxmışdı. Sakinlərin əksəriyyəti müharibənin ilk günlərində Hadrutu tərk etdi, qalanların sonuncu hissəsi isə oktyabrın ortalarına qədər getdilər. Tibbi səbəbdən yerindən tərpənə bilməyən yaşlı insanlar var idi. Xüsusilə, 90 yaşı olan bir erməni qadın və kişi haqqında məlumat hər kəsə məlumdur. Hər iki şəxs tibbi yardım üçün Azərbaycana aparıldı və bundan sonra Ermənistan tərəfinə təhvil verildi. Şəhər mühasirəyə alınandan sonra küçə döyüşləri başladı. Hadrutun mühasirəsindən sonra bəzi evlərdə müqavimət ocaqları yaranmışdı, lakin onların hamısı tezliklə zərərsizləşdirildi. Hadrutdakı az sayda dağıntıların çoxu da bu küçə döyüşləri ilə bağlıdır. Bəzi evlərin sakinləri çıxıb getmədən əvvəl yaşadıqları yerləri yandırıb”.
Erməni tərəfinin arqumentləri
"WarGonzo" layihəsinin müəllifi Semyon Peqov Hadrutda gedən döyüşlər barədə bunları deyirdi: “Hadrutda müəyyən səhvlər edildi. Bu səhvlər kəşfiyyat yox, müdafiə xəttinin necə təşkil edilməsində, istehkamlarda idi. Hadruta birbaşa meşə yolu ilə xüsusi təyinatlıların girəcəyini çox az adam düşünürdü. Düşünürəm ki, bu, siyasi yox, daha çox obyektiv hərbi itkidir. Bu şəhər üçün bir həftədən çox döyüşlər oldu. Əvvəlcə şəhərə Azərbaycan XTQ-si girdi, onların bəziləri erməni formasında idi. Azərbaycanlı XTQ-si orta səviyyədə erməni dilində ünsiyyət qura bilirdi. Panikanın qarşısını almaq üçün könüllülər və ordu şəhərdən çəkildi. Beləcə, Qarabağ ermənilərinin xüsusi təyinatlıları şəhərə daxil oldu. Erməni xüsusi təyinatlılar şəhərə girən kimi Hadrutun ətrafından ərazi ağır formada bombalandı, səmada bir-birinin ardınca pilotsuz uçuş aparatları görünürdü. Bu səbəbdən Qarabağ ermənilərinin xüsusi təyinatlıları çox itki verməmək üçün şəhərdən geri çəkildi, bu zaman Azərbaycan XTQ-si yenə şəhərə daxil oldu. Qarabağ Müdafiə Ordusu çarəsiz durumda qalmışdı. Şəhərdə yaşayan əhalini və ordu qrupunu nizami ordu ilə vuruşmadıqları üçün atəşə tutmaq istəmirdilər, bu vəziyyətdə özləri özlərini vura bilərdilər. Azərbaycan XTQ-si ilə Qarabağ xüsusi təyinatlıları arasında bu formada döyüş 2–3 gün davam etdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri daha çox texniki vasitələr və orduya malikdi. Nəticədə şəhər onların nəzarətinə keçdi. Mənim fikrimcə, erməni ordusunun Hadrutda məğlub olmasının əsas səbəbi öz qüvvələrini qiymətləndirməkdən daha çox, düşmənin imkanlarını, ilk növbədə texniki cəhətdən düzgün analiz etməmələri idi.”
Hadrutun müharibə zamanı şəhər administrasiyası rəhbəri olmuş Vahan Savadyan şəhərin itirilməsində əsas günahkarı kimi Arayik Arutyunyanın adını çəkir: “Nə Kamo Ağacanyan, nə İvan Avanesyan, nə də onların yaxın ətrafı xalqın təxliyəsini təşkil etmədi. Əvəzində isə ordunun aciz vəziyyətini ört-basdır etmək üçün yalan təbliğat aparılırdı!" O qeyd edir: “Mən bir general görmədim ki, burada müdafiə təşkil etsin. Digər istiqamətlərdə, əlbəttə, generallar döyüş əməliyyatları qururdular. Amma bir çoxu sadəcə qaçdı və ortalıqda görünmədilər. Məsələn, Hadrutda bir daha deyirəm ki, general görmədim. Bir dəfə Vahram Poqosyan mənə zəng etdi. O dedi: “Vahan, Azərbaycan Prezidenti “Tvitter” səhifəsində yazdı ki, bu gün Hadrut azad edilib. İntervyü verə bilərsənmi ki, bu belə deyil? Təsəvvür edirsiniz, Hadrutun təhlükəsizliyini təşkil etmək əvəzinə hansı populizmlə məşğul olurlar? Düzdür, mən dostumla müsahibə verməyə getdim, amma internet və işıq da olmadı ki, bütün bunları yazaq, dərc edək. Əvəzində atəş altına düşdük. Sonradan Artsrun Ovannisyan gələrək müəyyən yerlərdə fotolar çəkdirib, müsahibə verib getdi. Yeri gəlmişkən, Artsruna da əmrlər verirdilər, ola bilsin bütün bunları o özü fikirləşmirdi. Amma hər gün deyirdi ki, hər şey normaldır, işlər qaydasında gedir, biz tezliklə irəli gedəcəyik, qələbə çalacağıq və s. Beləcə, bütün əhali inanırdı və düşünürdü ki, indi nə isə baş verəcək, bu dəqiqə möcüzə olacaq, rəhbərlik hansısa uğur əldə edəcək. Əslində belə deyildi.”
Dağlıq Qarabağ ermənilərinin rəhbəri Arayik Arutyunyan isə Hadrutdakı məğlubiyyəti Azərbaycan XTQ-sindən qorxub qaçan erməni hərbçiləri ilə əlaqələndirir: “Bu müharibədəki məğlubiyyətdə mən daxil, hamımız günahkarıq. Oktyabrın 3-də cəbhə bölgəsinə getməyimizi, qüvvələrimizin yetərli olmadığı barədə müraciət etmişdim. Milli Təhlükəsizlik Xidmətindən soruşun ki, kim mənimlə qaldı? 1500 erməni hərbçisi Hadrutdan qaçdı, bir neçə dəfə onları döyüşməyə inandırmağa çalışdım, xeyri olmadı”.
Hadrut müharibəsində erməni ordusu ciddi itkilər verdi. 12 oktyabrda Hadrutun müdafiə komandiri, polkovnik Vaqan Asatryan, 2 gün sonra dron zərbəsi ilə “Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat Rüstəm Qasparyan və oğlu Rafael Qasparyan öldürüldü. Ümumilikdə, ermənilər Hadrutdakı məğlubiyyəti ordudakı panika ilə əlaqələndirirlər. Xüsusən də, oktyabrın 10-da şəhərə erməni geyimində girən Azərbaycan XTQ-sinin bəzi evlərə girməsi və mülki şəxslərlə erməni dilində ünsiyyət qurması həm əhalidə, həm də əsgərlər içərisində ciddi qorxu yaratmışdı. Nə əsgərlər, nə də zabitlər bir-birinə güvənmirdi, xüsusən Ermənistandan gələn könüllülərə şübhə ilə yanaşılır, onların ya azərbaycanlı, ya da Azərbaycana işləyən casus olduğu düşünülürdü. Belə bir vəziyyətdə onsuz da aşağı səviyyədə olan döyüş ruhu özünü fərariliklə göstərirdi. Arayik Arutyunyanın qeyd etdiyi 1500 nəfərin döyüş meydanını tərk etməsi məhz bununla əlaqələndirilməlidir.
Nəticə
Hadrut Azərbaycanın azad olunduğunu elan etdiyi keçmiş DQMV-yə daxil olan ilk bölgə mərkəzi oldu. Sovet dövründə, konkret desək, 1979-cu ildə burada ermənilər ümumi rayonun 85 faizini, şəhərin isə 90 faizini təşkil edirdi. Hadrutun Azərbaycanın nəzarətinə keçməsi ermənilər üçün böyük zərbə idi. Hadrutun alınması ilə bu rayonda yaşayan 10 minə yaxın erməni öz evlərini tərk etmək məcburiyyətində qaldı. Ümumilikdə, Hadrutun alınması ermənilərin dağlıq ərazilərdə Azərbaycan ordusuna uzun müddət ərzində müqavimətin olacağı haqqında mifini də dağıtdı və labüd məğlubiyyətə şübhə yeri qoymadı.
Hadrut hazırda Azərbaycan inzibati vahidinə əsasən Xocavənd rayonunun bir hissəsi hesab olunur. Azərbaycan hökuməti 10 noyabrda imzalanan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 7-ci maddəsinə əsaslanaraq hazırda bu regionda aktiv məskunlaşdırma aparmır.
İstənilən halda Azərbaycan hökuməti erməni əhalinin öz yurisdiksiyasını qəbul edəcəyi halda Hadruta geri dönməsinin əleyhinə deyil. Bu addım daha çox Dağlıq Qarabağ ermənilərinin nəzarətində olduğu, azərbaycanlılar yaşamış digər bölgələrlə məskunlaşma ilə paralel həllindən asılıdır. Hadrut hazırda da ermənilər üçün “həssas nöqtə” olaraq qalmaqdadır. Bu həssaslıq xüsusən sonuncu parlament seçkilərində namizədlərin fikirlərində də özünü göstərir. Belə ki, “Ermənistan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Dilicanda seçicilər zamanı maraqlı açıqlamalarla yadda qalmışdı: “Mən Hadrutun tamamilə, Şuşanın isə qismən Qarabağın nəzarətinə qaytarılmasına inanıram. Bu məsələnin hüquqi vasitələrlə köhnə Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarında həll edilməsi mümkündür və bunun üçün uyğun arqumentlər var. Bu proses iki il davam edə bilər, amma ciddi danışıqlar üçün müttəfiqlərlə münasibətləri bərpa etmək və yaxşılaşdırmaq lazımdır, bundan sonra bu məsələlərin həllinin mümkün olub-olmaması aydın olacaq. Kiminsə bu problemi məndən yaxşı həll edə biləcəyini görmürəm”. Bu kimi populist çıxışlar gələcəkdə regionun statusunun tərəflərin iştirakı ilə aparılan danışıqlardan asılı olaraq dəyişəcək.
Tural Həsənqarayev
Tarixçi, ekspert
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar