Son bir həftə ərzində Ukraynanın 7 yaşayış məntəqəsi - Lobkove, Levadne, Novodarivka, Neskuçne, Storojeve, Makarovka, Blaqodatne işğaldan azad edilib.
Ovqat.com-un məlumatına görə, Ukrayna Müdafiə nazirinin müavini Telegram səhifəsində bunu bildirib.
O, həmçinin qeyd edib ki, Baxmut istiqamətində də müəyyən irəliləyişlər var:
“Sol cinah - 1,5 km
Sağ cinah - 3,5 km.
Baxmut cəbhəsində qurtarılan ümumi ərazi – 16 kv. km”.
Anna Malyarın bu paylaşımından anlaşılır ki, Ukrayna ordusu xüsusilə cənub istiqamətində - Donetsk-Zaparoje cəbhəsində daha sürətli irəliləyiş əldə ediblər. Bu da bir həftəlik sınama hücumlarından sonra ukraynalıların düşmən tərəfin ən zəif nöqtəsini müəyyənləşdirdiklərini göstərir. Məlumatlardan anlaşılır ki, son həftə ərzində bu istiqamətdə 90 kv. km-lik ərazi tam nəzarət altına alınıb.
Verilən digər bir məlumata görə, Zaporoje cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin raket hücumu nəticəsində Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordunun Baş Qərargah rəisi, general-mayor Sergey Qoryaçov həlak olub. “Komsomolskaya Pravda”nın əməkdaşı, hərbi müxbir Aleksandr Kots yaydığı məlumat Rusiya MN tərəfindən hələlik təsdiqlənməsə də, təkzib də edilməyib.
Qeyd edək ki, Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordusu Ukrayna savaşında ən çox zərər görən hərbi birləşmələrdəndir. Amerika Müharibə Tədqiqatları İnstitutu (ISW) 3 iyun 2022-ci il tarixli buraxılışında rus mənbələrinə istinadən bu hərbi birləşmənin İzyum yaxınlığına gedən döyüşlərdə "demək olar ki, tamamilə ləğv edildiyini" bildirmiş və bunun səbəbini “rus komandanlığının səriştəsizliyi” ilə əlaqələndirmişdi. Görünən budur ki, əlahiddə ordu birləşməsi ötən il tam məhv olmayıb və onun komandanlığı dünən öldürüldüyü iddia edilən general-mayor Sergey Qoryaçova tapşırılıb.
Sergey Qoryaçova gəlincə, o, əvvəl Dnestryanıdakı rus işğal kontingentinə rəhbərlik edib, daha sonra 27-ci motoatıcı briqadaya, Tacikistandakı 201-ci hərbi bazaya və Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib. Ukrayna müharibəsi zamanı isə 35-ci əlahiddə ordu komandirinin müavini olub və sonradan ordunun qərargah rəisi təyin edilib.
Maraqlıdır ki, rus və erməni təəssübkeşi kimi tanınan hərbi blogger Semyon Peqov da bütün istəklərinə baxmayaraq, rus ordusunun Ukrayna cəbhəsində gerilədiyi faktını inkar edə bilməyib. O, rəhbərlik etdiyi “Wargonzo” Telegram kanalında dünənki paylaşımında yazıb: “Makarovka ilə bağlı bütün qalib bəyanatların vaxtından əvvəl olduğunu bildirməyə məcburuq. Qəsəbədə hələ də şiddətli döyüşlər gedir”.
Qeyd edək ki, bəzi rus kanalları 127-ci diviziyanın hücuma keçərək Makarovka üzərində nəzarəti bərpa etdiyini bildirmişdi. “Wargonzo” isə bu faktı yalanlayaraq bildirir: “Düşmən kiçik qruplar şəklində piyada qoşunlarının çatdırılmasını yüngül maşınlardan istifadə edərək həyata keçirir ki, bu da havadan əməliyyat aşkarlandıqda tez döyüşə girməyi çətinləşdirir. Buna görə də, avia-zərbələrimiz artıq Makarovkada olan və orada möhkəmlənməyə çalışan düşmən qruplarına təsir göstərmir.
Proqnozların əksinə olaraq, günün sonuna qədər kəndi geri almaq mümkün olmayıb. Ümid edirik ki, sabah bu istiqamətdəki cəhdlərimiz uğurlu olacaq və neonasistlər bu yüksəklikdə möhkəm dayana bilməyəcəklər.
Və ümumiyyətlə, cəbhənin bu hissəsinin bizim üçün Orexovskoya istiqaməti qədər uğurlu olmadığını başa düşməyin vaxtıdır. Düşmənin irəliləməsi var və mavi zonanı nə qədər boz adlandırsan da, bunu inkar etmək mümkün olmayacaq. Mövcud olmayan irəliləyişləri çəkməklə, öz cəbhəmizi riskə ataraq özümüzə pis xidmət edirik”.
Rus hərbi analitiklərinin böyük xəyal qırıqlığı ilə itirildiyini bildirdikləri Makarovka qəsəbəsi çox mühüm strateji əhəmiyyət daşıyan hədəflərdəndir. Mariupol şəhərininin 127 km-liyində yerləşən bu qəsəbədə nəzarət tam bərpa edildikdən sonra Ukrayna hərbi qüvvələrinin daha da irəliyə gedəcəyi və Krıma təchizat xəttini bağlaya biləcəkləri güman olunur.
Paylaş: