Xəbər lenti


 

Bu gün Ukraynanın Baxmut rayonunda tarixin bəlkə də ən amansız döyüşləri gedir. Hərbi ekspertlərin fikrincə, heç bir strateji və ya simvolik mənası olmayan Baxmutda hər gün 800-900 əsgərini itirən Rusiya nəyin bahasına olursa-olsun irəliləməyə çalışır, Ukrayna ordusu isə strateji müttəfiqlərinin bütün iradlarına rəğmən bu rayonu əldən buraxmaq istəmir və o da bu inadkarlığa yüzlərlə qurban verir. 

 

Artıq 7 aydan çoxdur ki, uğrunda ağır döyüşlərin getdiyi Baxmut üçün tökülən qanlar, əlbəttə səbəbsiz deyil: strateji əhəmiyyətinin azlığına baxmayaraq, Rusiya bu rayonu əldə edərsə, öz xalqının və əsgərinin hərbi motivizasiyasını gücləndirəcək, Ukrayna qarşısında psixoloji üstünlük qazanacaq. Ukrayna isə onsuz da əvvəl-axır itirəcəyini bildiyi Baxmutda Rusiyaya ağır bədəllər ödətdirərək, yaxın zamanlarda başlayacağı əks hücumda daha zəif düşmənlə qarşılaşmağı planlaşdırır. Nəzərə alsaq ki, Qərb ölkələrinin Ukraynaya göndərdiyi ağır texnikaların böyük əksəriyyəti ünvanına hələ çatmayıb, Kiyev bu ölümünə savaşla həm də vaxt qazanır. NATO ölkələrindən alacağı ən müasir hərbi texnikaların yardımı ilə Baxmut da daxil olmaqla bütün işğal olunmuş ərazilərini geri qaytaracağına inanır. 

 

Üstəlik, Rusiyanın başını Ukraynanın şimal-şərqində qatmaqla cənub istiqamətində böyük boşluqlar yarada biləcəyini düşünür. Zira Ukrayna üçün Qara dənizin ortasında təbii istehkam nöqtəsi kimi dayanan Krımı qurtarmaq daha vacibdir və Kiyev bütün hazırlıqlarını bu istiqamətə yönəltməyə çalışır.

 

Bəs, tərəflərin ağır qurbanlar verdiyi Baxmut savaşında kim öz məqsədinə daha çox yaxınlaşıb?

 

Ukrayna bataqlığına saplanmış Rusiyanın Pirr qələbəsi 

 

Sözsüz ki, Baxmutu hər tərəfdən mühasirəyə almağı bacaran Rusiya öz məqsədinə böyük ölçüdə yaxınlaşıb. Sahədən alınan məlumatları analiz edən hərbi ekspertlərin fikrincə, bu “qala”nın alınması an məsələsidir. Hətta Ukrayna ordusunun tədricən Baxmutdan qərb və şimal istiqamətinə çəkildiyi, şəhər ətrafında daha güvənli mövqelərdə möhkəmləndiyi iddia olunur. Anlaşılan bu ki, bir neçə gündən sonra Rusiya Baxmut zəfərini elan edəcək. Amma bu zəfərin Pirr qələbəsi olacağı da indidən bəllidir. Çünki Rusiya Baxmut uğrunda müharibədə ən professional əsgərlərini, müasir texnika və suratlarını itirib, bu da onun növbəti mərhələdə irəliləmək qabiliyyətinə ağır zərbələr vurub. Böyük ehtimalla rus ordusu Baxmutu ələ keçirdikdən sonra dincəlmək, öz itkilərini bərpa etmək yoluna gedəcək ki, nəticədə Ukraynanı ələ keçirmək savaşında uzun müddətli fasilə yaranacaq

 

Bundan əlavə, havaların isinməsi ilə qarların əriməsi Ukrayna sahəsində ən böyük əngəl kimi görünən palçıq mövsümünün başlamasına gətirib çıxaracaq ki, bu da rus ordusunun irəliləyişinin qarşısını alacaq. Palçıq mövsümü başa çatana qədər Ukrayna Qərbdən göndərilən müasir hərbi texnikalara qovuşacaq və döyüş üstünlüyü onun tərəfinə keçəcək. Məsələyə bu baxımdan yanaşanda Baxmut uğrunda savaşın cari qalibi Rusiyadırsa, perspektiv Ukraynanın lehinə tamamən dəyişə bilər. Ən əsası isə bu döyüş taktikası ilə rus ordusunun mühüm hissəsini Baxmuta çəkən Ukraynanın Krım istiqamətində hücum üçün daha əlverişli hərəkət imkanı qazandığı heç kimə sirr deyil. Bu da əslində onun əsas strateji hədəfi idi. Ukrayna Milli Qvardiyasının komandanının müavini Vladimir Nazarenko cümə günü ölkəsini NV radiosuna müsühibəsində də bunu açıq etiraf edərək deyib: “Baxmutdakı qüvvələrimizin vəzifəsi düşmənə mümkün qədər çox itki verdirməkdir. Ukrayna ərazisinin hər metri düşmənə yüzlərlə insanın həyatı bahasına başa gəlir”.

 

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatı da generalın fikirlərini təsdiqləyib. Sözçü bu strategiyanı şərh edəkən ötən yayda Severodonetsk və Lisiçanskda baş verən müharibələri nümunə göstərib. Bildirib ki, ölkənin şərqindəki Luqansk vilayətinə bitişik şəhərlər yıxılmadan əvvəl həftələrlə bombardman edilirdi və həmin vaxt bir çoxları xeyli sayda itki səbəbindən həyatın mahiyyətcə dayandığı şəhərlərdə ilişib qalan ukraynalıların həyatlarının dəyərini şübhə altına alırdılar: “Ukrayna rəsmilərinin hesablamalarına görə, müharibənin qızğın çağında hər gün yüzlərlə ukraynalı ölür və ya yaralanırdı. Lakin Rusiya ordusunun bu şəhərlərdən belə uzun müddətə uzaqda saxlanılması düşmənin döyüş gücünü əhəmiyyətli dərəcədə zəiflətməyə və payızda uğurlu əks-hücum üçün zəmin yaratmağa imkan verdi”.

 

Risklər və cətinliklər

 

Bununla belə, Ukraynanın bu strategiyasının ciddi riskləri və çətinlikləri də var. Ukrayna ordusu üçün ən böyük təhlükələrdən biri əsgərlərinin mühasirəyə düşməsi və təslim olmaq yaxud ölüm arasında seçim etmək məcburiyyətində qalmalarıdır. Digər mühüm təhlükə isə ondan ibarətdir ki, bu müdafiə planı Rusiyanın Baxmut və ətrafındakı Ukrayna qüvvələrinin təchizat yollarını kəsməsinə şərait yaradacaq, nəticədə mühasirədə qalan minlərlə dinc sakinin həyatı da sual altına düşəcək.

 

Şəhərdə və onun ətrafında döyüşən minlərlə ukraynalı əsgər üçün həyati əhəmiyyət daşıyan üç əsas yol var. Bu yollardan müntəzəm istifadə edən əsgər və könüllülərin sözlərinə görə, Rusiya qüvvələri onlardan birini tamamilə ələ keçirməyə, digər iki əsas yolu atəş altında tutaraq bağlamağa müvəffəq olub.

 

Baxmutdakı komandirlərin dediyinə görə, Baxmutdan bir neçə mil qərbdə yerləşən Çasiv Yar yolu müntəzəm olaraq bombalanır və Rusiya qüvvələri bu yolu ələ keçirmək üçün hücumlara başlayıb. Ukraynanın əks-hücumunun Rusiya ordusunu müəyyən qədər dəf etdiyi cənub-qərbdə əsas magistral hələ də güclü bombardman altında olsa da, əvvəlkindən daha təhlükəsizdir.

 

"Düşmən hər gün deyil, demək olar ki, hər saat irəliləməyə və hücum etməyə çalışır", - bu yollara nəzarət edən Ukrayna Milli Qvardiyasının komandanının müavini Nazarenko bildirib. O deyib ki, Ukrayna tədarük xəttini “hələ də saxlayır”.

 

Bəs Baxmut tam mühasirəyə düşərsə və tədarük xətti tam kəsilərsə, Kiyev nə edəcək?

 

Nə yazıq ki, bu təhlükə realdır və Ukrayna Ordusunun generaliteti vəziyyətdən çıxmaq üçün ciddi şəkildə düşünür, müəyyən planlar qurur. Hərbi ekspertlərin fikrincə, vəziyyət dəyişərsə, Ukraynanın hərbi və siyasi liderlərinin alternativ planları dövriyyəyə girəcək. Ukrayna komandirlərinin sözlərinə görə, bu həftə cəbhəyə əlavə qüvvələr göndərilib, lakin bu dislokasiyanın geri çəkilməni təmin etmək, yoxsa şəhəri mümkün qədər uzun müddətə əldə saxlamağa çalışmaq üçünmü həyata keçirildiyi bəlli deyil.

 “Baxmut yanır, binalardan durmadan tüstü yüksəlir, partlayış və top səsləri kəsilmir, səma Ukrayna və Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) döyüş meydanına çevrilirdi”, - “New York Times”ın (NYT) müxbirləri xarabalığa çevrilmiş şəhəri sonuncu dəfə ziyarət etdikləri zaman gördükləri mənzərəni belə təsvir ediblər. Hazırda döyüş sahəsində nələrin baş verdiyindən danışmaq çətindir. Peykdən çəkilmiş son görüntüləri toplamaq cəhdləri tüstü və duman səbəbindən heç bir nəticə vermədi. Müharibə zamanı NYT-yə müsahibə verən ukraynalı əsgərlərin və könüllülərin yaydığı videolara və açıqlamalara əsasən, demək olar ki, vəziyyət kritikdir, hətta daha da mürəkkəbləşə bilər. Rusiya hərbçiləri son vaxtlar şəhərdəki bütün binaları yerlə yeksan etməyə çalışırlar. Bu isə Ukrayna döyüşçülərinin gizlənmək və Rusiya qüvvələrinə atəş açmaq üçün mövqelərinin tamamən sıradan çıxarılması deməkdir.

  

Növbəti sual: Rusiya Baxmutu aldıqdan sonra özünün hədəfi kimi göstərdiyi Donbassı tamamilə ələ keçirmək şansı qazanacaqmı?

 

Bəli olduğu kimi, Donbass Luqansk və Donetskdən ibarətdir. Hazırda isə Ukrayna ordusu təkcə Donetsk vilayətinin təxminən yarısına nəzarət edir. Hərbi analitiklərin fikrincə, Moskva Ukraynanın şərq bölgəsinin qalan hissəsinə nəzarət etmək üçün Baxmutdan tramplin kimi istifadə edə bilməyəcək. Zira, Baxmut işğal olunarsa, Ukraynanın cəbhə xətti, çox güman ki, qərbə doğru bir neçə mil geri çəkiləcək. Ukraynanın Qərbdən alacağı müasir hərbi texnikaların cəbhəyə göndərilməsi sayəsində hər şeyin tərsinə dönmə ehtimalı da istisna edilmir.

 

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 056          Tarix: 6-03-2023, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma