Xəbər lenti

Ukraynanın keçmiş dövlət başçısı Petro Poroşenko növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırdığını açıqlayıb.

Eks-prezident qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzv olarsa, o, Avropa Parlamentinə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək. Onun bu açıqlamaları hazırda davam edən müharibə, prezident Volodimir Zelenskinin son qərarları, o cümlədən Ukraynaya dəstəyin azalması ilə bağlı aparılan müzakirələr fonunda diqqət çəkib.

Bəs o seçkilərdə iştirak edəcəyi halda yenidən ölkəsinin 1 nömrəli postunu əldə edə bilərmi? Poroşenkonun təkrar prezident olması Ukraynanın xarici siyasət vektoruna necə təsir göstərər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Teymur Qasımlı bildirib ki, son günlərdə Ukrayna daxilində çox qəribə proseslər baş verir:

“İlk olaraq müdafiə naziri vəzifəsindən azad edilir. Daha sonra Baş Qərargah rəisi işdən çıxarılır və Londona səfir göndərilir. Həmçinin Xarici Kəşfiyyat xidmətinin rəhbəri, prezidentin müşavirləri azad olunur. Yəni bir növ gərginlik var. Hətta xarici işlər nazirinin də işdən azad olunması gözlənilir. İndiki məqamda növbəti prezident seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil. Düşünürəm ki, Vladimir Zelenski və komandası da bunu istəmir. İlk növbədə ölkə müharibə şəraitindədir, ağır vəziyyətdir. Elə məqamda seçki keçirmək qeyri-mümkündür, ölkənin konstitusiyasına da ziddir. Lap deyək ki, keçirildi, amma səs verən olmayacaq. Seçki hüququ olan vətəndaşlar müharibəyə görə ölkədən didərgin düşüblər”.

Politoloq qeyd edib ki, Ukraynada yalnız bir halda seçkilər keçirilə və Poroşenko yenidən namizəd ola bilər:

“Əgər müharibə bitsə, hər şey qaydasına düşsə, vətəndaşlar qayıtsa, o zaman seçki keçirilə bilər və istənilən şəxs namizədliyini irəli sürər. Petro Poroşenko Ukraynanın 5 il müddətində prezidenti olub, növbəti seçkilərdə Volodimir Zelenski ilə baş-başa mübarizə aparıb və məğlubiyyətə uğrayıb. Uduzmasının səbəbi isə elə öz fəaliyyətidir. Doğrudur, Poroşenko hazırda davam edən müharibə müddətində özünü vətənpərvər kimi aparır, Ali Baş Komandanın yanında olduğunu bildirir. Özünün xüsusi qüvvələri var və onlarla döyüşlərdə iştirak edir. Onun yenidən namizəd olacağı təqdirdə prezident seçkilərində uğur qazanıb-qazanmayacağını zaman göstərəcək. Lakin müharibənin davam etdiyi müddətdə seçki keçirilə bilməz, Poroşenko da sonuna qədər döyüşməyi düşünür. Yəqin ki, o da müharibə bitdikdən sonra seçki keçiriləcəyi zaman namizədliyini irəli sürməyi nəzərdə tutur”.

“Düşünürəm ki, seçkilər olarsa və Poroşenko qalib gələrsə, birinci prezidentliyi dövründə Ukrayna Rusiyaya qarşı necə mübarizə aparmışdısa, eyni siyasətini davam etdirəcək. Lakin kimin seçilməsindən asılı olmayaraq artıq çox sayda insan ölüb, körpələr, qadınlar itkin düşüb, Ukraynaya çox ciddi ziyan dəyib. Yəqin ki, müharibə bitsə belə, Rusiya ilə uzun müddət normal münasibətlər olmayacaq”, politoloq bildirib.

Qeyd edək ki, 58 yaşlı P.Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub.




Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 5-04-2024, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma