Xəbər verdiyimiz kimi, mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
TNS xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) daxil edilmişdi.
Müzakirələr zamanı deputatlar bir sıra problemlər qaldırıb, təkliflər səsləndiriblər.
Ali Məclisin deputatı Elman Cəfərli deyib ki, artıq 2023-cü ilin büdcəsi icra olunub: “Biz Ali Məclis olaraq büdcəni hər halda təsdiq etmək üçün müzakirə edirik. Bu, o demək deyil ki, Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı auditor hesabatında göstərilən qüsurlarla bərabər təsdiqləməliyik. Bu artıq domino effekti yaradır. Hesablama Palatasının hesabatında da qeyd olunur ki, həmin qüsurlar büdcənin icrası ilə bağlı hesabatın hazırlanması və son nəticədə qanun layihəsinin qüsurlu olmasına gətirib çıxarıb.
Maliyyə Nazirliyi büdcənin icrası ilə bağlı qüsurların aradan qaldırılması məsələ üzərində də düşünməlidir və ikinci oxunuşda biz bu qüsurların böyük bir hissəsinin aradan qaldırıldığının şahidi olmaq istəyirik”.
Elman Cəfərli bildirib ki, ötən illərdən bir xeyli problem yığılıb qalıb.
“Ölkədə tamamilə fərqli sistemin tətbiq olunması, Naxçıvan Muxtar Respublikasında isə bir çox hallarda qanunvericiliyə uyulmaması halları olub. Ancaq biz uzun müddət hər halda bütün hər şeyi keçmişin üzərinə atıb qüsurlu fəaliyyət göstərməli deyilik. Yaxşı ki, auditor hesabatı deputatlara təqdim olundu. Bizim imkanımız oldu ki, bunları təhlil edək. Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Toxunacağımız bəzi məsələlər cari məsələlər kimi səslənə bilər, ancaq muxtar respublika üçün son dərəcə ciddi problemlər kimi ortaya çıxıb. Ötən il biz bu problemləri yaşadıq, 2024-cü ildə də bu problemləri yaşayırıq. Mən həmin problemləri qabartmaqla Maliyyə Nazirliyinin diqqətinə çatdırmaq istəyirəm ki, ən azı növbəti ildə həmin məsələlər problemə çevrilməsin”, - deputat qeyd edib.
Elman Cəfərlinin sözlərinə görə, 2023-cü il büdcəsinin icrasının təhlilinə dair analitik fəaliyyət üzrə auditor hesabatından aydın olur ki, 10 mərkəzi və yerli icra hakimiyyəti qurumu tərəfindən təqdim edilən maliyyə hesabatları müəyyən qüsurlarla müşayiət olunub: “Bu qüsurlar 3 ayrı qrup şəklində təsnifləndirilib. Birinci, maliyyə hesabatlarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təqdim edilməməsi, ikinci, təsdiq olunmuş formalara uyğun tərtib edilməmısi, üçüncü, təqdim edilmiş hesabatlarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2023-cü il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin icrasına dair təqdim edilmiş hesabat arasında fərqlərin olması. Hesablama Palatasının auditor hesabatında bu qüsurlar analitik fəaliyyət üzrə tədbirin həyata keçirilməsinə mane olma kimi qiymətləndirilib. Hesablama Palatası tərəfindən ortaya çıxarılan qeyd etdiyimiz problemlər büdcənin icrasına dair hesabatın tərtibi zamanı zənnimizcə, aradan qaldırıla biləcək problemlər idi. Burdan belə bir sual meydana çıxır. Bu problemlər qeyd edilən mərhələdə niyə aradan qaldırılmayıb?
Biz bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyətinə dair hesabatı müzakirə və qəbul etdik. Həmin hesabatın həm komitələr səviyyəsində, həm də Ali Məclisin plenar iclasında müzakirəsi zamanı ortaya çıxan nöqsanlar da göstərdi ki, hesabatların, o cümlədən maliyyə məsələləri ilə bağlı hesabatların tərtibində hökumət üzvlərinin məsuliyyətinin artırılması məsələsi ciddi şəkildə diqqətdə saxlanılmalıdır”.
Deputat Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı, xüsusən komitə səviyyəsində Təhsil Nazirliyinin fəaliyyətinə dair qeydlərini bir daha səsləndirib. Bildirib ki, bunun büdcə ilə əlaqəsi var.
“Bildiyimiz kimi, 2024-cü ilin 24 yanvar 1 aprel tarixləri arasında Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində 2023-cü ildə nazirlik və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditini aparıb. Bu il aprel ayının əvvəllərində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov muxtar respublika Təhsil Nazirliyində və digər qurumlarda aparılan audit yoxlamaları ilə bağlı mətbuata açıqlama verərək bildirib ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir. Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Komitə iclasında bu məsələnin müzakirəsində təhsil nazirinin müavini də iştirak edirdi. Mən şəxsən həmin sualı ünvanladım, aydın oldu ki, siniflərin komplektləşdirilməsində həqiqətən ciddi problemlər var. Maraqlıdır ki, bu problemlərin davam etməsi şüurlu şəkildə qəbul olunub. Bu isə o deməkdir ki, növbəti ildə Hesablama Palatası əgər 2024-cü ildə Təhsil Nazirliyinin fəaliyyətinin auditini aparsa, yenə hörmətli Vüqar Gülməmmədovun səsləndirdiyi fikri növbəti dəfə eşitməli olacağıq. Təhsil nazirinin müavini mənim “Şagirdlərin sayının şişirdilməsi, gərək olmadığı, qanunvericiliyə, təlimata uyğun olmadığı halda siniflərin yaradılması və ya açılması məsələsinə niyə göz yumulur?” sualıma belə cavab verdi ki, onları ləğv etsək, 300-ə qədər müəllim işsiz qala bilər. Nazir müavini dedi ki, onlar bu məsələni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə şifahi şəkildə razılaşdırıblar. Amma göründüyü kimi, Hesablama Palatası şifahi razılaşmalarla işləmir, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında işləyir. Mən özüm də ixtisasca müəlliməm, biz müəllimlərin işsiz qalmasını heç bir şəkildə arzulamırıq. Buna da əminik ki, həmin 300 müəllim işə götürülərkən onlara saxta siniflər açılması, şagirdlərin sayının şişirdilərək onlara dərs saatı verilməsi məsələsi gündəlikdə olmayıb”, - Elman Cəfərli bildirib.
Deputat qeyd edib ki, muxtar respublikada bir çox idarə və müəssisələrdə təsərrüfat və dəftərxana xərcləri ilə bağlı məsələ artıq bir neçə ildir, problemə çevrilib: “Bütün müəssisələr bu məsələdən əziyyət çəkir. Aydındır ki, uzun müddət bu, qənaətlə izah olunub. Hazırda isə ölkəmizdə tətbiq olunan fərqli maliyyələşmə prinsipləri ilə işləyən muxtar respublikada tenderlərin keçirilməsi qanunvericiliyin və günün tələbidir. Ona görə də müəyyən tədbirlərin görülməsinə, müəssisə və təşkilatların bu problemdən xilas olunmasına Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən ən azı bir müddət metodiki-təşkilati dəstəyin göstərilməsinə ehtiyac yaranır. Heç bir müəssisə təsərrüfat və dəftərxana xərcləri olmadan normal fəaliyyət göstərə bilməz”.
Elman Cəfərli çıxışında inzibati binaların saxlanılması məsələsinə də toxunub.
“Əlbəttə, burada da tenderlər vacib rol oynayır. Lakin binaların saxlanılmasında kifayət qədər ciddi problemlər meydana çıxıb. Nəticədə faktiki olaraq dövlət əmlakının sıradan çıxması problemi bütün ciddiyyəti ilə qarşıda dayana bilər. Mən müşahidə etdiyim iki müəssisə haqqında danışmaq istəyirəm. Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Muzeyində və ümumiyyətlə muzeylərdə eksponatların saxlanılması xüsusi diqqət tələb edir. O eksponatların saxlanılması üçün də muzeylərdə xüsusi mühit olmalıdır. Bunların hamısı maliyyəyə bağlıdır. Biz il ərzində müxtəlif dövlət tədbirləri ilə bağlı Heydər Əliyev Muzeyini dəfələrlə ziyarət edirik. Elə bir mötəbər muzey eksponatların saxlanılması ilə bağlı problemlə qarşılaşıb. Biz başa düşürük ki, bunlar tenderlərlə həll olunur. Ancaq tenderlə həll olunur deyə muxtar respublikanın bütün müəssisələri birdən birə yeni mənzərə qarşısında, sözün həqiqi mənasında, aciz qalıblar. Maliyyə Nazirliyi təşəbbüsü üzərinə götürərək müəyyən dəstək göstərməlidir ki, biz dövlət əmlaklarını qoruyub saxlaya bilək”.
Deptat Heydər Əliyev Sarayının işıqlandırılması məsələsindən də danışıb.
“İnzibati binaların hamısının işıqlandırılaması bərbad vəziyyətdədir. Biz bir neçə gün bundan əvvəl Heydər Əliyev Sarayında tədbirdə idik. Tədbirdən əvvəl Heydər Əliyev Sarayının ətrafındakı binanı işıqlandıran lampaların nəinki sıradan çıxdığını, ümumiyyətlə çıxarılıb atıldığını, onların yerində qalan boşluqların isə zibil qabı kimi istifadə olunduğunu gördük. Ürək ağrıdıcı cəhət ondan ibarətdir ki, maliyyə çatışmazlığı işıqlandırmanın lazımi şəkildə təmin olunmamasına, mötəbər binaların ətrafında zibilliklərin yaranmasına gətirib çıxarıb. Ümumiyyətlə Naxçıvan şəhərinin həttta mərkəzi küçələrinin və ayrı-ayrı binaların işıqlandırılması ciddi problemə çevrilib”, - Elman Cəfərli əlavə edib.
Deputat deyib ki, 2022-ci ili başa düşdük, 2023-cü il keçid dövrü idi, 2024-cü ildə büdcə artıq tərtib olunub.
Elman Cəfərli “Biz nə qədər dözməliyik ki, bu problemlər həll olunsun?” deyə sual edib.
Deputat Əmir Babayevin sözlərinə görə, verilən hesabatlardan sonra onda belə bir fikir yaranıb ki, çoxlu nöqsanlara yol verilib. Bu nöqsanların bir hissəsi dövlət qurumları tərəfindən buraxılıb.
“Yerlərdə oluruq, vətəndaşlarla görüşürük, insanların problemləri ilə tanış oluruq. Burda dəfələrlə su, yol, kənd təsərrüfatı sahələrindəki problemləri qaldırmışıq. Təəssüflər olsun ki, deyilən problemlərin bir hissəsi hələ də yerində qalır. İldən ilə ötürülür və onların həlli mümkün olmur.
İl yarım bundan əvvəl biz Qorçulu kəndində olduq, orada vətəndaşlar çoxlu problemlər qaldırdılar. Sakinlər kənddə bir artezian quyusunun qazılmasını xahiş edirdilər. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Agentliyinə müraciət etdik. Eyni zamanda rayon İcra Hakimiyyəti də bu məsələyə qarışdı. Birlikdə kənddə artezian quyusunun qazılması məsələsi müzakirə olundu, qərar aldılar ki, bunu həll etsinlər. Ancaq bu günə qədər o məsələ həll olunmamış qalır. Çamaxtur kəndində bir neçə ildir ki, artezian quyusu qazılıb, sadəcə olaraq, o quyunun balansa salınması və xəttə qoşulması məsələsi qalır. Ancaq bu məsələ də həll olunmamış vəziyyətdədir”, - deputat bildirib.
Digər deputatlar da çıxışlarında bir sıra problemlər qaldırıb, hökumət üzvlərinə suallar veriblər.
İclasda deputatların çıxışının və iclasın tam videosunu təqdim edirik.
Paylaş: