Gürcüstanda bu gün keçirilən parlament seçkilərində saat 12:00-a olan məlumata görə, seçki aktivliyi 22,22% təşkil edib.
Musavat.com Gürcüstan mediasına istinadla xəbər verir ki, səhər saatlarında həm hökumət, həm də müxalifət nümayəndələri seçki məntəqələrində səsvermədə iştirak ediblər.
Səs verənlər arasında Gürcüstanın Prezidenti Salome Zurabişvili və “Gürcü Arzusu” Partiyasının fəxri rəhbəri Bidzina İvanişvili də olub.
Seçkilərlə bağlı gərginliklər və ittihamlar gündəmdədir. Müxalifət nümayəndələri bir neçə seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edir. Lakin “Gürcü Arzusu” Partiyası bu iddiaları rədd edir və yalnız bir məntəqədə kiçik bir pozuntu baş verdiyini bildirir.
Səsvermə zamanı Zuqdudi və azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgələrində gərginliklər müşahidə edilib. Marneulidəki 74-cü seçki məntəqəsində Vahid Milli Hərəkat Partiyasının üzvü Azad Kərimovun döyüldüyü bildirilir. Eyni zamanda, 69-cu seçki məntəqəsində səsvermə prosesi seçki qutusuna topa bülleten atılması səbəbilə dayandırılıb.
Seçkilərin nəticələri və bu hadisələrin ölkənin gələcək siyasi xəttinə təsiri diqqətlə izlənilir.
Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda seçki məcəlləsinin kobud şəkildə pozulması səbəbindən seçki məntəqəsi bağlanıb.
Paylaş: