Belarus müxalifət qüvvələri prezident seçkiləri ilə bağlı mövqelərini açıqlayıblar. Onlar öz bəyanatlarında gələn ilin yanvar ayının 23-də keçiriləcək seçkilərdə “hamının əleyhinə” səs verməyə çağırıblar.
Məlumdur ki, Aleksandr Lukaşenko yanvarda keçiriləcək prezident seçkilərində iştirakını təsdiqləyib.
“Belarus Demokratik Qüvvələrinin” 2025-ci il “Seçkilər” üçün ümumi bəyanatında” deyilir: “Repressiyalara görə belaruslar bülletendə demokratik namizədləri görə bilməyəcək, mitinqlərdə və təşviqat kampaniyalarında iştirak edə bilməyəcəklər. Seçkilərdə növbəti məğlubiyyətdən ehtiyatlanan rejim bütün müxalifət partiyalarını, 1700-dən çox ictimai təşkilatı qeydiyyatın ləğv edi, bütün müstəqil mətbuatı bağlayıb. Biz səsvermə hüququmuzu oğurlayanlara etirazımızı bildirmək üçün vəziyyətin necə inkişaf etməsindən asılı olaraq başqa variantları da araşdırırıq. Bununla biz Belarus cəmiyyətinin hələ də Lukaşenkoya qarşı olduğunu və azad və ədalətli seçkilər tələb etdiyini göstərəcəyik”.
Sənədi Svetlana Tixanovskaya, Belarus Birləşmiş Keçid Kabineti, Belarus Koordinasiya Şurası imzalayıblar.
Tixanovskayanın konstitusiya islahatları və parlament əməkdaşlığı üzrə müşaviri Anatoli Lebedko müxalifət resurslarından birində seçki vaxtının mümkün qədər tez təyin edilməsinin səbəbləri ilə bağlı öz versiyasını bildirib. Ekspert hesab edir ki, bu, Lukaşenkonun Ukraynada münaqişəyə son qoyulması üzrə yazda başlaya biləcək danışıqlarda iştirak etmək istəyi ilə bağlıdır.
"Bu, onun beynəlxalq legitimliyini bərpa etmək şansıdır”, - deyə, Lebedko bildirib. Lebedko bildirib ki, seçkilər ərəfəsi Lukaşenko siyasi baxışlarına görə həbs edilənləri azad etməyi düşünür. Lukaşenko doğurdan da xarici mətbuata açıqlamasında məhkum edilmiş müxalifətçilərin əfv perspektivləri barədə danışıb, 2020-ci ilin kütləvi etirazlarının liderlərindən biri olan Mariya Kolesnikovanın əfv edilməsi barədə düşünməyə hazır olduğunu bildirib.
Aleksandr Lukaşenko 1994-cü ildə, müstəqil Belarus tarixində keçirilmiş ilk prezident seçkilərindən sonra hakimiyyət başına gəlib. Son prezident seçkilərində Lukaşenko böyük bir fərqlə (81%) seçkilərdə qalib gəlib. Lakin cəmi 8% səs toplayan müxalifət lideri Svetlana Tixanovskaya bu nəticələrə inamsızlığını bildirib. Nəticələr elan olunduqdan sonra paytaxt Minskdə etiraz aksiyaları keçirilib. Seçkilərin saxta olduğunu iddia edən yüzlərlə etirazçı saxlanılıb.
Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk şəhrində anadan olub. Mogilev adına Pedaqoji İnstitutun məzunu olduqdan sonra 1985-ci ildə Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirən Lukaşenko 1975-1977-ci illərdə Sovet Sərhəd Mühafizə Korpusunda, 1980-1982-ci illərdə isə Sovet Ordusunda xidmət edib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1982-1985-ci illər arasında kolxoz təsərrüfatının vitse-prezidenti vəzifəsini icra edib, burada sovxoz və tikinti materialları fabriklərində rəhbər vəzifələrdə çalışıb.
1990-cı ildə siyasətə qatılan Aleksandr Lukashenko Belarus Sovet Sosialist Respublikasının parlamentinə millət vəkili seçilib. 1993-cü ildə antikorrupsiya komitəsinin sədri vəzifəsində çalışıb.
Sovet İttifaqı dağılandan sonra o vaxta qədər bir çox vəzifələrdə olan Lukaşenko 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə birinci turda 45,1 faiz səslə, ikinci seçkilərdə isə 80.1 faiz səslə prezident seçilib.
Musavat.com
Paylaş: