Xəbər lenti

Rusiya və Azərbaycan arasında müstəqillik tarixinin ən gərgin bir dövrü yaşanmaqdadır. Azərbaycan təyyarəsinin faciəvi qəzası ilə nəzarətdən çıxan prosesi normallaşdırmaq cəhdləri nəinki nəticə vermir, əksinə daha güclü eskalasiyalar ortaya çıxır. Ön planda yalnız təyyarə insidenti ilə bilinən və arxa planda da digər köklü səbəbləri olduğu ehtimal edilən böhran artıq o qədər kəskinləşib ki, beynəlxalq təhlilçilər bunu hətta ‘qırılma nöqtəsi’ adlandırmağa başlayıb.

Hazırkı beynəlxalq şərtləri və vəziyyəti nəzərə alsaq mövcud gərginlik nə Moskva, nə də Bakının maraqlarına uyğun sayıla bilər. Bir-biri ilə əlaqələri yüz illərlə ölçülən iki ölkə və xalq arasında kəskin dönüş çox ağrılı proses ola və hər iki tərəfə ciddi zərbələr vura bilər.

Təbii ki, prosesin təhlükəli xarakter aldığını həm Moskva, həm də Bakıda dərk edirlər. Məhz bunun nəticəsidir ki, arxa planda bir qapalı diplomatik fəallıq nəzərə çarpır.

‘Azərbaycan 24’ müşahidələrinə əsasən Rusiya ilə Azərbaycan arasında gərginliyi azaltmaq üçün arxa planda aparılan bəzi diplomatik prosesləri və versiyaları izləyicilərə təqdim edir.

Bakı-Moskva gərginliyində potensial vasitəçi kimi ilk növbədə ağıla gələcək şəxs təbii ki, Türkiyə prezidentidir. Bu günlərdə məhz Ərdoğan tərəfindən belə bir təşəbbüs başladıldığına dair məhdud informasiyalar var. Belə ki, Ərdoğan Türkiyədə səfərdə olan Tatarıstan prezidentini öncədən planlaşdırılmasa da, gözlənilmədən qapalı görüşə dəvət edib. Rüstəm Minnixanov həm Putinə, həm də türk dünyasına yaxın şəxsdir və bu cür böhranlarda daha əvvəl də vasitəçilik etmək təcrübəsi ilə tanınır.

Ehtimal ki, Azərbaycana səfəri ərəfəsində Ərdoğan Tatarıstan rəisinə məsələni Putinlə danışması və vasitəçilik etməyi xahiş edib. Vaxtilə Rusiya-Türkiyə böhranının həllində İlham Əliyevin tarixi rolunu xatırlayarkən Ərdoğanın prosesə həm qardaş ölkə lideri, həm də bir vəfa borcunu qaytarmaq təşəbbüsü kimi qoşulması heç də təəccüblü görünmür.

Potensial vasitəçilikdə diqqət çəkən digər bir məqam isə Qırğızıstan prezidentinin Azərbaycana səfərindən öncə sürpriz şəkildə Moskvaya getməsi və Putinlə görüşərək daha sonra ölkəmizə təşrif buyurmasıdır.

Maraqlıdır ki, Sadır Japarovla Putinin görüşməsinin media açıqlamasında iki ölkənin gündəmi baxımından görüşü zəruri edə biləcək xüsusi bir məqam yer almayıb. Üstəlik, hər iki lider cəmi bir neçə gün əvvəl Minskdə bir araya gəlmişdi və bir neçə gün sonra Moskvaya qəfil səfər (həm də Azərbaycana səfər öncəsi) heç də iki ölkənin öz məsələləri ilə əlaqəli görünmür.

Maraqlıdır ki, Putinlə Japarovun ‘sıradan’ görüşündə Rusiya tərəfdən çox sayda səlahiyyətli şəxs iştirak edib. Mümkündür ki, Rusiya rəhbərliyi Azərbaycana gedəcək Japarova rəsmi Bakıya çatdırmaq üçün bəzi mesajlar və mövqelərini təqdim edib.

Beləliklə, hazırda Moskva-Bakı böhranını səngitmək üçün Ərdoğan-Minnixanov xətti ilə rəsmi Ankaranın (ehtimal ki, həm də Bakının) Putin-Japarov xətti ilə isə Rusiyanın özünün diplomatik səylər göstərdiyi ehtimal edilir.




Ana səhifəyə qayıt        Baxış: 4 413          Tarix: 4-07-2025, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma