Xəbər lenti

Ərdoğan İsrailin baş naziri ilə görüşdü, Tel-Əvivə səfəri gözlənilir, iki ölkə qarşılıqlı səfirliklər də açır; Azərbaycanın bu prosesdə rolu və qazancı var... - Təhlil

Türkiyə-İsrail yaxınlaşmasını bütün dünya diqqətlə izləyir. “Yeni Müsavat”ın siyasət şöbəsi bildirir ki regional və qlobal proseslər baxımından iki qüdrətli dövlətin uzunmüddətli soyuqluqdan sonra əməkdaşlığı bərpa etməsi olduqca mühüm hadisədir. Bəzi analitiklər hesab edirlər ki, Türkiyə və İsrailin yaxınlaşması Yaxın Şərqdəki problemlərin, o cümlədən Fələstinlə düşmənçiliyin aradan qaldırılmasında böyük rol oynaya bilər. Burada bir məqamı qeyd edək ki, Azərbaycan İsraillə çox sıx müttəfiqdir, dostdur, yaxından əməkdaşlıq edirlər. Hətta belə rəylər də var ki, qardaş Türkiyə ilə İsrailin barışması, dostlaşması Azərbaycan lideri İlham Əliyevin vasitəçiliyi ilə baş tutub. İsrail və Türkiyənin qarşılıqlı şəkildə səfir təyin etməsindən sonra Ərdoğan ABŞ-dakı yəhudi icmasının bir neçə yüksək vəzifəli üzvünə Tel-Əvivə səfər etmək niyyətində olduğunu bildirib.

Türkiyə liderinin ehtimal olunan səfərinin tarixi barədə məlumat verilmir. Eyni zamanda, İsrailin baş naziri Yair Lapidin bu həftə BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla görüşü gözlənilir. Sentyabrın 17-də Ərdoğan ən qısa zamanda İsrailə yeni səfir təyin edəcəyini açıqlamışdı, 19-da isə İsrail Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ankaraya yeni səfir təyin edib. Belə ki, İrit Lillianın Ankaraya səfir olaraq göndərilməsinə qərar verilib. İsrail Xarici İşlər Nazirliyi Lillianın İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin olunmasını təsdiqləyib. Ondan əvvəl Lillian İsrailin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili olub. “Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məhsuldar görüş keçirdim, bu, İsrail baş naziri və Türkiyə Prezidenti arasında təxminən 15 ildə ilk görüş idi”. Bunu İsrailin Baş naziri Yair Lapid dünən Nyu-Yorkda BMT Baş Assambleyasının ilcası çərçivəsində keçirilən görüşlə bağlı deyib. “İsrail və Türkiyə arasındakı əlaqələr regional sabitlik üçün açardır və hər iki ölkə üçün nəzərəçarpacaq faydalar verir”, - o deyib. Türkiyə-İsrail yaxınlaşması hansı perspektivlər vəd edir? Azərbaycanın bu prosesdə maraqları, rolu və qazancı nə olacaq?

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Arzu Nağıyev bildirib ki, İsrail və Türkiyənin diplomatik münasibətlərinin bərpa edilməsi təqdirəlayiq və mühüm hadisədir. Onun sözlərinə görə, ümumiyyətlə, İsrail və Türkiyə arasında elə də ciddi problem yaşanmayıb: “Əsas problem Fələstinlə bağlı olub. Mavi Mərmərə vasitəsilə Fələstinə kömək aparan gəminin qarşısını İsrail xüsusi xidmət orqanları almışdı”. A.Nağıyev vurğulayıb ki, 10 ildən çoxdur kəsilmiş diplomatik əlaqələrin bərpa edilməsi dünyada gedən proseslərlə bağlıdır: “İstər logistik, istərsə də siyasi-iqtisadi məsələlərdə hər iki dövlətin bir-birilə qarşılıqlı əlaqələri var. Hər iki ölkə arasında müvafiq mal bölgüsü mövcuddur. Yəni İsrail və Türkiyə əlaqələri qabardıldığı kimi pis deyil. Əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın İsraillə diasoporlar səviyyəsində, xarici diplomatiya müstəvisində güclü əlaqələri mövcuddur. O cümlədən, iqtisadi, hərbi sənaye sahəsində də çox yaxşı əlaqələrimiz var. Müsbət haldır ki, Azərbaycanın dostları bir-biri ilə öz siyasi məsələlərini həll edirlər. Bu, hər üç dövlətə ancaq müsbət dividentlər gətirə bilər”.

Rasim Musabəyov ittihamlara sərt cavab verdi - qalmaqal böyüyür

Deputat Rasim Musabəyov hesab edir ki, Türkiyə və Azərbaycanın İsraillə strateji əməkdaşlığı bundan sonra daha da dərinləşəcək: “Hesab edirəm ki, strateji əməkdaşlıq dərinləşəcək. Əlaqələrin möhkəmlənməsi həm Azərbaycan, həm Türkiyə, həm də İsrail üçün faydalıdır. Əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyi dəqiqdir. Üç ölkənin müttəfiqlik məsələsində gəlincə, zamanla hər şeyin yaxşıya doğru getdiyini görəcəyik”. Siyasi şərhçi Tofiq Abbasov isə qeyd edir ki, Azərbaycan-Türkiyə-İsrail müttəfiqliyinin qurulması mümkündür: “Çünki bizi birləşdirən məqamlar var. İsrailin beyin mərkəzləri və ekspertlər bu ideyanı dəstəkləyir. Qafqaz bölgəsininin hazırda bəzi Qərb siyasi institutları tərəfindən Yaxın Şərq arealına aid edilməsi də buna təsir göstərir. Deyirlər ki, Qafqaz Yaxın Şərqə aiddir. Əlbəttə, İsrail də bəzi təhdidlər səbəbindən Türkiyə və Azərbaycanla bir yerdə olmaq istəyir. Türkiyənin İsraillə bilavasitə sərhədi olmasa da, ölkələr coğrafi baxımdan bir-birilərinə yaxındırlar. Bəli, Türkiyə ilə İsrail arasında Fələstinə görə gərginlik yaşanıb. Ancaq insanlar və cəmiyyətlər dəyişir. Artıq bu ölkələr də  əlaqələrini yeni qaydalara uyğun olaraq qururlar. Ola bilsin ki, Azərbaycan, Türkiyə və İsrail tezliklə yeni üçtərəfli əməkdaşlıq formatının yaradılmasına nail olsunlar”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov hesab edir ki, Türkiyə və İsrail münasibətlərinin yeni fazaya qədəm qoymasında Lillianın çox böyük xidmətləri olub: “Buna görə də rəsmi Təl-Əviv məhz Lillianın qardaş ölkəyə səfir təyin edilməsinə qərar verib. Türkiyə və İsrailin əlaqələrini bərpa etməsi çox vacib addımdır. İndiki geosiyasi vəziyyət  və regional təhlükəsizlik baxımından rəsmi Ankara və rəsmi Təl-Əviv arasında qarşılıqlı yaxınlaşma addımları günün tələbidir. Xüsusilə ilk addımın İsrail tərəfindən atılması onların Türkiyə ilə əlaqələrini yenidən bərpə etməyin marağında olmasını göstərir. Çünki rəsmi Ankara ərəb ölkələri ilə münasibətləri yenidən gücləndirib.  Onlar düşünür ki, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, həm də ərəb ölkələri ilə əlaqələrin güclənməsi deməkdir. İkili yaxınlaşmanın hərbi, mədəni, iqtisadi və siyasi əməkldaşlığın sürətlənməsinə təkan verəcəyini düşünürəm.Bu baxımdan səfirlərin qarşılıqlı təyin edilməsi çox vacibdir. Biz yaxın gələcəkdə Türkiyə-İsrail münasibətlərinin üst səviyyəyə qalxdığının şahidi olacayıq”.

Siyasi şərhçi Ramiyə Məmmədova iki dövlətin barışığından ən çox Azərbaycanın qazandığını düşünür: “İranın son vaxtlar yenidən üzərimizə gəlməsi və təhdidləri həm də bu yaxınlaşmadan irəli gəlir. Tehran Ankaranın regionda güclənməsini istəmir, habelə, onun düşməni olan İsraillə yaxınlaşması xoşuna gəlmir. Azərbaycan isə İsraillə dost-qardaş münasibətlərinə malikdir, bu ölkənin bizə münasibəti bəllidir, geniş izahata ehtiyac yoxdur, Türkiyə də bizim qanımız, canımız bir olan dövlətdir, bu halda İran necə onların yaxınlaşmasından qəzəblənməsin? Ona görə Ərdoğanın müdrik siyasəti və çoxşaxəli diplomatiyası dünyaya sülh vəd edir, bölgəyə sabitlik təklif edir. Eyni zamanda, bu əlaqələr Yaxın Şərqdə Türkiyənin rolunu gücləndirəcək, İsrailin ərəb dövlətləri ilə getdikcə yaxınlaşan münasibətlərini daha da yaxşılaşdıracaq. Bu da yenə İranın ürəyincə deyil. Bizsə bütün hallarda qazanclı tərəfik. Üstəlik, istisna deyil ki, Türkiyə İsrail barışığında cənab Əliyevin də rolu olub”.

Ekspertin fikrincə, biz buna sevinməliyik, ardınca İsraildə Azərbaycan səfirliyi də açılmalıdır, bu məsələdə çox gecikmişik: “Artıq İranı gözləməyə, nəzərə almağa dəyməz. Cənub qonşumuza nə qədər dost əli uzatsaq da, bizi ittiham edirlər, Ermənistana dəstək verirlər. O zaman niyə Bakıda İsrail səfirliyi olduğu halda, Tel-Əvivdə bizim diplomatik korpusumuz olmasın?! Nəzərə alaq ki, İsraildə İrana qardaş-dost olan Ermənistanın da səfirliyi var, ən əsası isə qardaş Türkiyə də İsrailə səfir təyin edəcək, bunu biz də etməliyik. Təbii ki, bu yaxınlaşma iqtisadi cəhətdən də əlaqələrə müsbət təsir edəcək, bizə də divident qazandıracaq. Azərbaycan neftinin 40 faizi İsrailə gedir, İsrail və Türkiyə Aralıq dənizində birgə qaz çıxarıb Avropaya sata bilər, o baxımdan yaxınlaşmanın enerji əməkdaşlığı üçün yeni fürsətlər açdığını düşünürəm”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 4 595          Tarix: 21-09-2022, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma