Tbilisidə Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsinin koordinasiyanın yaxşılaşdırılması üzrə üçillik proqramın yekunlarına dair tədbir keçirilib. "Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə BMT proqramının rəhbəri Nil Skott Gürcüstan və Azərbaycan sərhədçilərinə yardım məqsədi güddüklərini bildirib.
Onun fikrincə, sərhədlərin açıq olması və eyni zamanda, yaxşı qorunması çox vacibdir: "Bu, ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyətə malikdir. Müasir sərhədlər insanların maraqlarına uyğun olmalıdır. Onlar yeni ticarət məntəqələrinin yaradılması, eləcə də turizm, təhsil və iqtisadiyyat sferalarında inkişaf üçün zəruridir".
Layihənin Azərbaycan tərəfdən rəhbəri Məzahir Əfəndiyev isə Gürcüstanla strateji tərəfdaş olduqlarını xatırladıb: "Layihə çərçivəsində xüsusi hüquqi sənəd hazırlanacaq və biz bunu yaxın zamanlarda imzalayacağıq. Bütün bunların Gürcüstan - Azərbaycan sərhədinin daha yaxşı təşkili, mühafizəsi və təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik".
Qeyd edək ki, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsi koordinasiyasının yaxşılaşdırılması" Proqramına 2014-cü ildən start verilib.
Paylaş: