Xəbər lenti

 Türkiyə artıq NATO-nun itaətindən çıxaraq dünya siyasətində müstəqil oyunçu rolunu daha da gücləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Türkiyə özünə yaxın yeni bölgələr yaratmağa səy göstərir, ona görə də üzünü bir sıra müsəlman ölkələrinə çevirib:

“Ankara orada öz maraqlarını təmin etməyə çalışır. Türkiyənin bu genişlənmə siyasətini bəzən Osmanlı dönəminə qayıtmaq planı kimi səciyyələndirirlər. Ancaq bu, heç də belə deyil. Türkiyə buna qədər daxilə yönəlik xarici siyasət yeridirdisə, indi bu xəttə hücumçu bir status verib. Qardaş ölkə öz regionunda sözü keçən bir dövlətə çevrildiyini isbatlamaq üçün bir-birinin ardınca böyük cəhdlər edir. Doğrudur, bu cəhdlər bəzən güclü maliyyə vəsaiti tələb edir. Ancaq hər halda Türkiyəyə yönəlik düşməni cəhdləri ölkə daxilində deyil, xaricdə qarşılamaq doktrinası özünü doğruldan siyasətdir. Türkiyə regional güc olaraq xarici siyasətində korrektələr apardığını və bu siyasətin hədəflərini gizlətmir”.

Politoloqun fikrincə, Türkiyə artıq NATO-nun çətiri altında yaşayan bir ölkə deyil, öz himayəsinə yeni dövlətləri almağa və onlarla stratji əməkdaşlıq qurmağa potensialı çatan ölkədir:

“Qətərdə dövlət çevrilişi cəhdinin qarşısını almaqla və burada öz hərbi bazasını yaratmaqla, eyni zamanda, Sudan tərəfindən müvəqqəti verilən bir adada nümunəvi şəhərcik salmaq öhdəliyini öz üzərinə götürməklə Ankara bir tərəfdən islami dəyərlərin güclənməsinə yardım edir, o biri tərəfdən isə qüdrətini ən azından yaxın çevrəsinə yaymağa çalışır. Bu sarıdan qardaş ölkənin atdığı addımlar artıq öz bəhrəsini verir. Bununla yanaşı, Türkiyə sənaye istehsalına görə dünyanın 13-cü ölkəsinə çevrilir, hətta milli gəlir səviyyəsinə görə Rusiyanı ötüb. Belə olan şəraitdə bir dövlətin müəyyən ambisiyalarının yaranması təbiidir. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, Türkiyə genişlənmə siyasətini ehtiyatla həyata keçirərsə, qarşıya qoyduğu məqsədlərinə nail ola bilər”.




Ana səhifəyə qayıt        Baxış: 755          Tarix: 28-12-2017, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma