Azərbaycan Respublikasının 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir vətəndaşı dinindən, dilindən, sosial və etnik mənşəyindən asılı olmayaraq siyasi partiya üzvü ola bilər. Yalnız Konstitusiyaya görə bəzi şəxslərin partiya üzvlüyü istisnadır...
Ovqat.com bildirir ki, hazırda siyasi partiyalarda üzvlük haqqı nə qədərdir? Azərbaycanda fəaliyyət göstərən partiyalar bu üzvlük haqqını ala bilirlərmi?
Bununla bağlı Modern.az saytı partiyalarla əlaqə yaradıb.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, partiya rəsmi qərara əsasən, hər hansı üzvlük haqqı toplamır:
“Üzvlük haqqı toplamırıq. Bunu Azərbaycan Respublikasının uyğun strukturları, yəni Maliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi kimi orqanlar da bilir. Biz illik maliyyə hesabatlarını sıfırla veririk”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev partiyada könüllülərin olduğunu və üzvlük haqqı verdiklərini qeyd edib:
“Müəyyən qədər imkanı olan insanlar partiyaya dəstək olmaq üçün üzvlük haqqı verirlər. Məsələn, rayon təşkilatlarında 50-80 manat yığdığımız vaxtlar olub. Bəzi imkanlı üzvlərimiz partiyanın işlərinə kömək edirlər. Eləsi var ki, ayda 150-200 manat verir. Bundan əlavə, partiyada könüllü işləyən insanlar da var. Müəllimlər, həkimlər günün bir hissəsi işdə olur, yəni bir-iki saat gəlib kömək edirlər”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu üzvlərin əksəriyyətinin işsiz olduğunu vurğulayıb:
“Ümumiyyətlə, üzvlərimizin böyük əksəriyyəti işsizdir. Düzdür işləyən üzvlərimiz də var. Buna görə də qərar vermişik ki, yığa bildiyimiz üzvlük haqqı öz fəaliyyətimiz üçün lazım olan xərclərə sərf olunsun. Tutaq ki, rayonlarda üzvlərimiz verəcəkləri üzvlük haqqı hesabına öz fəaliyyətlərini maliyyələşdirsinlər. Biz üzvlük haqqı yığmırıq. Vaxtilə on minlərlə üzvümüz olub. Çox böyük həcmdə üzvlük haqqı yığırdıq. Amma sonra həm partiya üzvlərimizin sayı azaldığına görə, həm də iqtisadi böhran olduğu üçün üzvlük haqqı yığmadıq. Son vaxtlarda nə qədər üzvlük haqqı yığdığımızla bağlı konkret bir rəqəm deyə bilməyəcəm”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov üzvlük haqqının gəlirin 0,1 faizi qədər olduğunu deyib:
“Üzvlük haqqı könüllük əsasında alınır və məcburi deyil. Ödəməməklə bağlı hər hansı cəza nəzərdə tutulmayıb. Məbləğ də konkret deyil. Əmək haqqının 0,1 faizi qədərdir. İanələr və yaxud daha yüksək üzvlük haqqının ödənməsi partiya üzvlərindən asılıdır. Eyni zamanda, partiya təlimatına görə, seçki qurumları ilə bağlı əlavə üzvlük haqqı nəzərdə tutula bilər”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, üzvlük haqqı şəxsin gəlirinin 1 faizini təşkil edir:
“Üzvlük haqqının verilməsi könüllülük əsasındadır. Hər hansı inzibati metod tətbiq olunmur. Sadəcə, çalışırıq ki, üzvlük haqqını ödəsinlər”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da partiya üzvlərindən hər hansı üzvlük haqqının alınmadığını qeyd edib. Səbəb kimi isə işsizlik probleminin mövcudluğunu bildirib. Onun sözlərinə görə, partiya üzvlərinin 99 faizi işsizdir.
Günay RƏSULQIZI
Paylaş: