Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edib.
Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, “Azərbaycan-Almaniya informasiya-kommunikasiya texnologiyaları Forumu”nun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.
Qonaqları salamlayan naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarının səfərləri əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bildirilib ki, Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yük daşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir.
Nazir qeyd edib ki, Azərbaycan və Almaniya Federativ Respublikası hökumətləri arasında müvafiq sənədlər imzalanmalı, həmçinin İKT şirkətlərinin təmsil olunduğu biznes-forum keçirilməlidir. “Bakutel-2018” sərgisində Almaniyanın milli pavilyonla təmsil olunmasının zəruriliyini qeyd edən nazir, işgüzar biznes-forumun təşkilinin də faydalı olacağını vurğulayıb.
Görüşdə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelen bildirib ki, rəhbəri olduğu qurum 1952-ci ildə təsis edilib və Rusiya, Mərkəzi-Şərqi Avropa, Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionları ilə əməkdaşlıqda maraqlı olan şirkətləri özündə birləşdirir. O qeyd edib ki, komitənin əsas məqsədi, üzv şirkətlərin ticarət, sənaye, investisiya və xidmət sektorundakı fəaliyyətlərini təşviq etməkdən ibarətdir. O, həmçinin qeyd edib ki, bir sıra, biznes-forumların, təqdimatların keçirilməsində, habelə komitə tərəfindən dərc olunan jurnalda Azərbaycan iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində, eləcə də ölkəmizin mütəxəssisləri üçün ixtisasartırma kurslarının təşkilində komitə ilə sıx əməkdaşlıq edilir.
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının sədri Falko Heidriç alman iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviq edilməsinin vacibliyini bildirib.
Paylaş: