Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 5-ci (informasiya məhsulunun yaş təsnifatı) maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır.
İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:
1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,
2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,
3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:
1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı,
2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri,
3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.
Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
Qanun layihəsinin 6-cı (İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi) maddəsinə əsasən isə “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.
“18 yaşdan” kateqoriyasına bu qanunun 4.2-ci (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya.) maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.
İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.
İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsinin 7-ci (İnformasiya məhsulunun işarələnməsi) maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb.
İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birininaydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:
1. “6 yaşadək”- “6-” işarəsi çevrədə,
2. “6 yaşdan”- “6+” işarəsi çevrədə,
3. “12 yaşdan”- “12+” işarəsi çevrədə,
4. “16 yaşdan”- “16+” işarəsi çevrədə,
5. “18 yaşdan”- “18+” işarəsi rombda.
Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəy yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.
Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yolverilməzdir:
1.“Universal” yaş kateqoriyasına aid informasiya məhsulu,
2. təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları,
3. canlı efirdə yayımlanan televiziya verilişlərinin informasiya və əyləncə proqramları,
4. radio vasitəsi ilə yayılan informasiya məhsulları,
5. reklam və reklam xarakterli materiallar,
6. mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları,
7. internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və video filmlər (animasiya filmləri də daxil olmaqla), kompüter və digər elektron oyunlar istisna olmaqla),
8. bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla, təsviri incəsənət və bədii ədəbiyyat əsərləri.
İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.
Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.
Qanun layihəsinin 8-ci (İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri) maddəsində isə qeyd olunur ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydadanəşrin birinci və ya titul səhifəsində yerləşdirilir.
İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur.
Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.
8.4. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır:
1. Teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin,
2. audivizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırılmasının.
Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək/Report
Paylaş: