Xəbər verildiyi kimi, geologiya-mineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, dövlət mükafatı laureatı, əməkdar bədən tərbiyəsi və idman xadimi, şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü Çapay Sultanov aprelin 4-də vəfat edib.
Strateq.az xəbər verir ki, Prezidentliyə namizəd, deputat Zahid Oruc Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində mühüm rol alan, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifi olan Çapay Sultanovla bağlı fikirlərini bölüşüb.
O, təəssüflənib ki, Çapay Sultanovu Azərbaycan cəmiyətinin heç bir faizi tanımayıb: “Lakin Çapay Sultanov kimi elm nəhənginin miqyası qətiyyən bundan kiçilmədi, əksinə tükənməz irsinə müraciət edənlərin sayı milyonları keçdi və gələcək yüz illərdə bir xalqın adını bütün qitələri dolaşdıracaq tükənməz xəzinəyə çevirdi. Hər bir ölkənin coğrafi ölçüsü onun zəka sahiblərinin miqyası boyda böyüyür və heç zaman işğal olunmur. Neftə sərvət kimi baxan bir millət üçün əsl alternativ idi, Çapay Sultanov.
Nə qədər isti qəlblərdə yerinin olduğunu deyə bilməsəm də, onun kitabları evimin qərar tutduğu möhkəm özüllər sayıla bilər. Sovetlər Birliyinin çöküşü və Qafqazı araşdıran institutların, neft səltənətinin imperiyalar yaradan və dağıdan gücündən onlarla akademik quruluşun işini gördüyünə görə bir çox çirkin ağızlar onu kənar beyin məhsullarına cilid çəkən “konveyer” adlandırırdılar. Nə etməli, siyasətdə olduğu kimi, elm dünyasında da “qəlp alimlər” həqiqi elm fədailərinin kölgəsini qılınclamağı yeganə mövcudluq forması sayırlar. Amma bununla ümmandan nə əskilər ki?!”.
Z.Oruc bildirib ki, “Made in Azərbaycan” brendi üçün axtarışlara baş vuranlar Ç.Sultanovu unutmasınlar:
“Onun ölümü haqda xəbəri rayon səfərimdə eşitdim. İçimdə bir tel qırıldı. Hə, obrazlı olaraq deyilmiş sözlər doğru imiş, göylərdən bir topa ulduz və ya kometlər yerə düşəndə aydınlıqlar bir az azalır və dünya kiçilirmiş.
Amma onun qəbri çox nurludur və parlamaq istəyən milyonların yoluna hər zaman işıq saçacaqdır. Çünki ruhu uca göylərdədir!”
Paylaş: