Zəlimxan Məmmədli: “Gürcüstan üçün ən çətin buxovlar ermənilərdir”
Azərbaycanın siyasi mühitinin zaman-zaman önəmli simalarından olub Zəlimxan Məmmədli. Onunla “Qaynar Qazan”da müsahibəyə qərar verəndə bu haqda danışmayacağını təxmin etmişdim amma. Nədən ki, Zəlimxan bəy xeyli zamandır ictimai fəaliyyətlə məşğul olur və bu səbəbdən siyasətdən ayrılıb. Onun gündəmi son illər “Borçalı” Cəmiyyətidir. Borçalı ilə yatır, Borçalı ilə qalxır. Vətənin Gürcüstanda qalan hissəsi kimi Borçalı əslində, yer üzündə yaşayan bütün Azərbaycan türklərinin və azərbaycanlıların əsas məsələlərindən biridir, biri olmalıdır. Nədən ki, biz pəndəmliklərimiz ucbatından qədim torpaqlarımız olan Dəmirqapı Dərbəndi, Ulu Göyçəni, Zəngəzuru, Qarabağı və daha necə müqəddəs torpaqlarımızı itirmişik. O mənada Borçalı bizim – bizim olan sonuncu müqəddəs torpağımızdır – Dəmirqapı Dərbənd kimi, Ulu Göyçə kimi, Zəngəzur kimi, Qarabağ kimi.
Artıq illərdir ki, siyasətin dolambaclı yollarından keçən Zəlimxan bəy bu qutlu mübarizənin içindədir. Qafqazın ən “yaramaz cocuqlarından” biri ilə – gürcülərlə savaş verir. Maraqlıdır ki, nə qədər qanunlara riayət edir, nə qədər gürcülərlə yaxınlaşmağa çalışır, nə qədər gürcülərin dövlətini də özünün dövləti bilirsə, o qədər də gürcülər tərəfindən itələnir, dışlanır və kənarlaşdırılmağa çalışılır. Ona görə ki, gürcülər onun kim olduğunu yaxşı bilirlər – hətta özümüzünkülərin bilmədiyi qədər. Onun necə milliyyətçi olduğunu, ürəyinin Azərbaycan və türk milləti üçün necə döyündüyünü gürcülər bilir və qiymətləndirir. Ona görədir ki, millətin bağrından süzülən “Elat” bayramı qadağan olundu və onun əvəzinə törəmə və qurama bir bayram çıxardılar. Sonra da ürəkləri soyumadı – Zəlimxan Məmmədlini Gürcüstana buraxmadılar – min bir bəhanə gətirərək. Beləcə, illərdir aparılan “gürcü-Borçalı” dostluğu ən azı birinci mərhələdə gözlənilən nəticəni vermədi.
Zəlimxan Məmmədli ilə həm də bu məsələlərdən danışdıq. O, siyasətlə o qədər içli-dışlı deyil, bir az məsafəlidir. Elə siyasətdən gedişi də asan olmamışdı. Hətta bir ara adama elə gəlirdi ki, Zəlimxan bəy siyasətdən bir az da zorən göndərildi ictimai işlərə. Bunu özü də təsdiqləyir bir növ. Məxsusən Əbülfəz Elçibəyin son günlərində mətbuat sözcüsü o idi. Elçibəy orada can çəkişəndə burada “bu gün-sabah gələcək” təranələri quraşdırılırdı və o bəyanatların çoxu Zəlimxan Məmmədlinin ağzından səslənirdi. O sualları da verdim və maraqlı cavab aldım – təbii ki, məncə səmimi olmadı o cavablar…
“Qaynar Qazan”da Zəlimxan Məmmədli ilə çox məsələlərdən danışdıq. Borçalı dərdindən, borçalıların Zəlimxan bəyə qarşı qaldırdıqları “qiyam”dan, “Elat” bayramından və siyasətdən. Amma saat yarımlıq söhbətin sonuna gələndə məlum oldu ki, tamamilə yeni və daha maraqlı bir mövzu başladı. Zəlimxan Məmmədli təmsil olunduğu və Xətai rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıdığı Elçibəy hökumətinin zamanında qarşılaşdığı sabotajlardan, çörək qıtlığından və çörəyi dənizə tökənlərdən danışanda qərara gəldik ki, onu bir də “Azadlıq salnaməsi”ndə danışdırmaq lazımdır. Milli hökumətin işbaşından getməsi də gəlməsi kimi tarixi problemlərlə dolu olub. Aman Tanrım, bu milləti hökumətinə qarşı qaldırmaq üçün çörəyi dənizə tökən yaramazlar olub – bir düşünün.
Zəlimxan Məmmədli ilə söhbətimizin ən maraqlı məqamlarından biri də tarixi abidələr olan Şah İsmayıl Xətainin və Xocalı harayını əks etdirən “Ana” abidəsi oldu. Zəlimxan bəy planlarında olan Bakıdan bir az danışdı: Babək prospekti də AXC hökuməti dövründə açılıb. Xətai heykəlinin qarşısı böyük bir xiyaban olacaqmış və bu xiyaban “Ana harayı” abidəsinə qədər uzanacaqmış. Babək prospektinin Nizami rayonu ilə kəsişdiyi nöqtədə – indiki Ukrayna dairəsinin üstündəki Heydər Əliyev parkının yerində əzəmətli “Koroğlu-Çənlibel” abidə kompleksi qoyulacaqmış. Hündürlüyü 77 metr olacaq abidə kompleksi “7777 dəli” formasında olacaqmış. Və sair və ilaxır. Milli hökumətin və milli düşüncənin hər anı və məqamı gözəldir. Bir anlıq xəyalı belə adamı götürüb haralara aparır – neftdən gələn bu milyardlar millətin özünün qurduğu hökumətə qismət olsaydı, bu pullara milləti, onun gələcəyini düşünən sağlam insanlar hökm etsəydi, indi haralarda olardıq! Düşüncəsi belə insanı həyəcanlandırır – mən Zəlimxan Məmmədli ilə danışanda və onların gələcək planlarının cüzi bir hissəsi ilə tanış olanda o həyəcanı yaşadım. Tələbəlik illəri yadıma düşdü – biz o düşüncə və xəyallarla yaşayır, oxuyurduq. Biz bir dünya dövləti qurmaq istəyirdik. Quracaqdıq. Quracağıq.
Bu düşüncələr içərisində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə “Qaynar Qazan”da müsahibəmizin 1-ci hissəsini yayınlayırıq. Zəlimxan Məmmədli təpədən-dırnağa milli adamdır, millətin adamıdır. Şah İsmayıl abidəsinin, Xocalı faciəsini əks etdirən “Ana harayı” abidəsinin müəllifidir – bu abidələr onun başçılığında qoyulub. Tarixi məsələmiz olan Borçalı məsələsinin yükünü bu gün o çəkir – ən qutlu dərd millətin çəkilən dərdidir. Bu gün Borçalı dərdi onun çiyinlərindədir. “Elat” duyğusunu minilliklərin o tayından günümüzə qədər dartıb gətirən və millətin həyəcanverici duyğularını qabardan odur. Qısaca olaraq onun dərdinə şərik olmaq istədik “Qaynar Qazan”da. Buyurun, dinləyin…
Əvəz Zeynallı
“Qaynar Qazan”
I hissəni buradan oxuya bilərsiniz:
II hissə
Gürcüstana girişə qadağanın səbəbi – “Elat” bayramı…
– Yəni mənim bu gün Gürcüstana girişimin qadağasının kökündə həm oralı, həm buralı böyüməyimizi istəməməkləri durur. İran da istəmədi, erməni də istəmədi, PKK təmayüllü hansısa iş adamları – hansı ki Gürcüstana qoşulublar, onlar da istəmədi. Ona görə ki, onların strateji maraqlarına uyğun deyil ki, orada bir türk ruhu oyansın. Dəyələr qurulur, yurdlar salınır, bayramlar olur…
– Bu qadağanın səbəbi nə idi əslində? Bu qadağanı Gürcüstan hökuməti qoydu, eləmi?
– Xarici vətəndaş haqqında qanunun maddəsini tətbiq eləyiblər. Çox subyektiv idi və maddənin başı, ayağı bilinmirdi. Bir maddə tətbiq ediblər ki, dövlətçiliyə təhdiddir. Sonra insanların sağlıq və istirahət hüququnun pozulmasıdır. Axmaq və əsassız bir maddə təqdim ediblər və beynəlxalq konvensiyalarda da var ki, sən demə, hər bir dövlət istədiyi adamı arzuolunmaz adam hesab edə bilər. O da sadəcə “Elat” bayramı ilə bağlı idi. Bir də bizim biraz dik duruşumuz özünəməxsusdur. Allah rəhmət eləsin, bir məşhur adam var idi, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Əfəndi. O, kifayət qədər sayılan insanlardan biri idi. Bir dəfə o mənə dedi. Dedi, sənin “Borçalı” adlı problemin yoxdur, əsas sənin varlığın ciddi şəkildə burada müzakirə olunur. Bu toplumun içərisində belə bir adam olmamalıdır. Bu toplumda belə bir layihəyə belə bir adam rəhbərlik etməməlidir. Nəyə görə? Bu vaxta qədər cəsarətlə deyirəm ki, Gürcüstanı, dövlətini, bayrağını, kültürünü, dilini təhqir edəcək bir fikrin nəinki müəllifi deyiləm, hətta düşünməmişəm belə. Yəni hədəf Qafqazın birliyinə Azərbaycan-Gürcüstanı ortaq edəcək bir şey, ictimai dəstəkdir. İctimai qurumlarda bunlar yasaq deyil. Yəni bir layihəyə ictimai dəstək verə bilərəm. Amma siyasi proseslərə qoşulmaq, namizəd vermək, hakimiyyət uğrunda davaya qoşulmaq-filan nə burada, nə də orada olmayıb. Sən də bilirsən olmayıb və bizim dostlarımız da yeri gələndə bunu tam deyirlər.
– Məni əslində düşündürən bilirsiniz nədir? Mən buna hətta zaman-zaman həm yazılarımda, həm də düşüncələrimdə etiraz etmişəm. Siz gürcülərə yaxınlaşdıqca, belə deyək, onları əzizlədikcə sizə qarşı daha çox aqressiv olurlar. Düz də edirlər. Yəni bu qədərmi matah oldular gürcülər? Yəni gürcüləri bu qədər əziz tutarkən onların sizə münasibəti niyə bu qədər sərt olsun ki?
– Gürcülər də hesablayırlar. Məsələn, “Elat” bayramını hesablayırlar. Folklorçuları var, alimləri, türk tarixini bilənləri var. Adi dəyənin qurulmasından bunlar qorxuya düşürlər ki, türk dəyə quranda yer qutsallaşır. Yer qutsallaşırsa, türk ona sahiblənir. Sonra da burada dövlət qurur. Və separatçılıq damğasının kökünü dəyədə axtarırlar. Və yaxud da Zəlimxanın pulu-parası yox ki, pullar xərcləsin, amma bir çağırışı ilə 10.000 adam yığılır ora. Zəlimxan da mühafizəsiz olaraq onların arasında gəzir. Hamı gəlir ki, bircə tikə kəsək. Çaxır vuran da var, hamı istəyir ki, bir 50 qram da içək. Düzdür, içən deyiləm. Hətta elə olub ki, bir tikə 5 saat əlimdə gəzib, vaxt olmadığı üçün onu ağzıma qoya bilməmişəm. Gürcü ona baxır ki, mühafizəsiz gəzən bu adamı vura da bilərlər, biri üzünə qayıda bilər. Bunu elə ölçür, biçir ki, yox, burada bir liderləşmə prosesi gedir. Onların beynində Zəlimxan Məmmədlinin, siz demiş, yarınma kimi təqdim olunan, görünən bayrağına, kültürünə təriflər deməyi, baxır ki, toplumu bir araya gətirər. Yəni bunu hiylə kimi görürlər.
Borçalılar dağınıq olmalı, birləşməməli, pərakəndə olmalıdır
– Yəni sizin hiylənizin üstünü açırlar, eləmi?
– Amma hiylə də deyil bu. Yəni deyərsən ki, Borçalı güclənsin, Gürcüstana arxadan zərbə vursun, o da deyil. Amma fikirləşir ki, yox. Bunların beynində və yaxud milli təhlükəsizliyində bu şey yasaqdır. Borçalılar dağınıq olmalı, birləşməməli, pərakəndə olmalıdır. O da gəlib birləşdirir, amma elə birləşdirir ki, sən ona irad bildirə bilmirsən ki, məni təhdid edirsən. Nə baş verdi? Gürcü elitası, ziyalıları bizi dəyərləndirdi. Orada beynəlxalq akademiya var. Akademiya milli akademiyadır. İctimai fəaliyyəti və bizim bu dediyimiz, bir az ironik görünür, hətta bizim özümüzünkülər dedi ki, hər halda onlar pul verirlər ki, bunlar belə edirlər. Onlara dedilər ki, bu dostluq Qafqazda çox önəmli olan Azərbaycanla Gürcüstan arasında iki mədəniyyətin, iki yad dinin yaxınlaşması üçün bu fədakarlıq buna layiqdir. Gürcü siyasi sisteminin yasaq qoyduğu adam üçün, yasaq qərarından sonra təntənəli şəkildə qırmızı körpüdən bəri gürcü alimləri gəldilər, bu adı akademiyada təqdim elədilər. Bu indi açılmalıdır, bu nə deməkdir görəsən? Hansı doğrudur? Alimlərmi doğrudur, siyasətçilərmi? Mənə elə gəlir ki, alimlər bir az da təzyiqə məruz qalıblar. Gec-tez o xətadan dönəcək. Çünki dərin qatda təhdidedici bir niyyət yoxdur. Təhdid etmək də bizə qəti yaraşan deyil. Bizə vətəndaş hüquqlarını yüksək səviyyədə təmin eləmək lazımdır. İnsanlarımız azad olsun, siyasətə girsinlər. Və siyasətə girərlərsə, Gürcüstanda çox ciddiliklə yaxın 10 ilə Kvemo Kartli (Borçalı) bölgəsində millətin səsi gələcək. Gürcüstan daha güclü olacaq. Etnik azlıq kültürəl özəlliyin altına düşəcək, görünməyəcək. Dini təqdimatın, dini mənsubiyyətin sənin intellektliyinin arxasında qalacaq. Ümumgürcüstan qafalı insanlar yetişəcək. Bir sıra nümunələr var ki, bizim o bir növ məktəb də demək olmaz, hər halda elat bayramına çox sayğılı olan gənclərimiz var ki, ayrı-ayrı yerlərdə ən güclü rəqiblərə seçkilərdə meydan oxudular. Samirə olsun, Əhməd İmanquliyev olsun – başqası olsun, bu insanlar yetişir və o qorxu sınır. Biz varıq, biz edə bilərik, biz gələ bilərik. Vətəndaş hüququnu təmin edirsən. Sən onun qabağını kəsməklə özün üçün problem yaradırsan, ay gürcü qardaşım. Görürsən, gətirib Marneula alternativ qoyduğun adamı sonra bir təxribatla gedib dama soxmusan. Mənim yerlimdir, soydaşımdır. Amma bu sınıbdır. Yəni bu, o deməkdir ki, demokratik dünyaya inteqrasiya edən Gürcüstanda bir başqa kimliklə bu gün davranmaq olmaz. Bizim qoyduğumuz xətt doğru xəttdir, dürüst xəttdir. Və o xətti də əl-ələ tutub getməlidirlər.
– Həqiqətən inanırsınız ki, gürcülər nə zamansa orada bizi təqibi dayandıracaqlar, kənd adlarımızı dəyişdiriblər, onları geri qaytaracaqlar?
– Mən inanıram, nəyə görə? Çünki bir sıra hallarda da birbaşa məmurlarla bu məsələ müzakirə edilib. Dialoqlarda masanın üstünə yatırılıb. “Biz bilirik ki, bizdən əvvəlkilər bu xətanı buraxıblar”. Bunu məmur etiraf edir. Milli demokratlar milli mənsubiyyətlə dini inancları bura qatmırlar. Mən, çox cəsarətlə deyirəm ki, gürcü alimlərilə bizim aydınlar, simalar arasında heç bir fərq yoxdur. Dini mənsubiyyəti ilə, milli mənsubiyyəti ilə üstün insandırlar. O, artıq barışdırıcıdır, ədalətlidir. Ona görə də gürcülərin siyasi konyukturası – Rusiyadan gələn pas var, Azərbaycanda olduğu kimi, İrandan, Türkiyədən gələn xətlər var, ermənilərin özünün Gürcüstanın içində oturmuş bir sistemi var. Ən çətin buxovlar onlardır. Azərbaycan demokratikləşməlidir. Azərbaycan demokratikləşməsə, Azərbaycanda millətin iradəsi üst qata çıxmasa, çətin olar. Amma bu mövzu gürcü məmurları ilə ayrı-ayrı hallarda masanın üzərinə qoyulub, bunlar doğrudur, biz bunu həll edəcəyik, bizə problem yaradıblar. Bizə sadəcə zaman tanıyın. Bunu hətta burada Gürcüstanın səfiri də deyib.
– Bu Gürcüstan bayrağı elan olunanda niyə etiraz etmədiniz? Və ya etdinizmi? Gürcülərdən sonra haradasa ən böyük etnik qrup biz Azərbaycan türkləriyik. Bu 5 xaçın yanına bəlkə bir aypara ola bilərdi?
– Yox, Gürcüstan çox polietnik bir dövlətdir. Məsələn, incəliyinə baxaq. Kador dərəsindən tutmuş üzü bu tərəfə, hətta ermənilər, acarlar, osetinlər, yunanlar. Ümumiyyətlə, bu bizim özümüz üçün də problem yarada bilər. Biz milli dövlətik, qanunla, hüquqi olaraq qəbul etdiyi bir şeyə dəqiqləşdirici olaraq dəstək veririk. Bu Gürcüstandır, məsələn, orada xaç oldusa, aypara da ola bilər və s. Bizim bayrağımıza da bəzən deyirlər ki, rəngi düz deyil. Bu yaxınlara qədər yaşılı tərs qoymuşdular, təzə qanunda dəyişiklik ediblər. Yəni qanunla dəyişə də bilərlər. Himnin üstündə düşünürlər, bəlkə dəyişək, sözü köhnədir-filan. Bu orqanın qərarından sonra onu dəstəkləmək bizim borcumuzdur. Müzakirə müstəvisində mən iştirak etməmişəm açığı. Vətəndaşdır, dövlətdir, özü bilər. Mənim orada o məsələyə qarışmağım sadəcə belə olur ki, mən Azərbaycan Respublikasının vətəndaşı olaraq siyasi prosesə qarışıram.
Gürcüstanlı məmurlar mənim sədrlikdən getməyimi istədilər
– Gürcüstanlıların lobbiləri Azərbaycanda varmı? Sizə dəstək varmı? Hakimiyyətdə çoxlu gürcüstanlı məmurlar var…
– Yəni bu, Azərbaycanın problemidir. Azərbaycanda məmurun regional mənsubiyyətə görə hər hansı bir özəlliyə malik heç bir şeyi yoxdur. Sadəcə olaraq siyasi sistemin içərisinə qoyulan adamlar üçün qırmızı xətlər müəyyən olunub. Qırmızı xətləri də yuxarıdan müəyyən edirlər. Bu qırmızı xəttin içinə girirlər. Bu, istər prokuror olsun, istər Ramiz olsun, istər də vergilərdə var idi, Aydın Əliyev. O da bilirsən də kim idi, onun funksiyası nə idi?
– Pulu vaxtında çatdırmaq…
– Pulu vaxtında çatdırmaq idi. Və yaxud maliyyə naziri olsun. Bunların hər hansı bir formada regional kimliyi yoxdur. Onlar hakimiyyətin içərisində oyun qaydaları ilə qırmızı xəttin içinə salınmış fiqurlardır. Onların regional mənsubiyyətinin heç bir dəxli yoxdur. Təbii ki, mənim zaman-zaman onların əksəriyyəti ilə görüşlərim olub. Yəni indiki zamanlarda. Amma hər hansı bir formada əməli yardımlar bir tərəfə qalsın, mən hərdən deyirdim ki, mane olmasalar yaxşıdır. Amma bu axırıncı proseslərdə bunlar iş birliyində oldular, yəni əksinə, əks olan cinahı körükləyib, meydana atıb murdar edirdilər. Bunlar murdar elədilər o baxımdan. Yəni “Borçalı” Cəmiyyətinin sədrliyindən Zəlimxan getsin. Biz də dedik ki, sənə veririk.
– İndi o məsələ tam həll olundu? Qarşı tərəfdəki “Borçalı” Cəmiyyəti nə oldu? Onlar da “Borçalı” Cəmiyyəti qurmuşdular, hətta, deyəsən, qeydiyyatdan da keçirdilər.
– Bəli, qeydiyyatdan keçirdilər. İndi o sualı mən də verirəm. Haradadırlar, görəsən? Noldu? Asan iş idimi? Elə bilirdilər ki, asan idi. Zəlimxanın elədiyi fədakarlıq, özümə görə demirəm, yüzdə birini eləmək gücündə deyildilər axı. Bunlar hazır bir şey istəyirdilər ki, yuxarıdan, boxçadan tökəcəklər, bunlar da daraşıb yeyəcəklər. Gürcülər də istifadə elədilər. Azərbaycan şəbəkəsi bizə qarşı gürcülərlə eyni platformanı bölüşdülər. Bir millət öz millətini açıq satıb xəyanət edirsə, ondan ağıllı adam istifadə eləyir, sonra tullayır. Yəni onu yanında saxlayıb özünün adına, imicinə bir zərər eləmir. Elədilər, qəhrəman kimi təqdim olunan adam indi burada qalıb. “Zəlimxan nəsə edib, ona görə buraxmırlar”, – deyən adamın indi özünün quyruğu qapı arasındadır, gedə bilmir Gürcüstana. Sən bu xəyanətə qol çəkdinsə, sən mənə necə dost ola bilərsən? Sən Azərbaycan-Gürcüstan dövlətçiliyinə necə dost ola bilərsən? Sən kifayət qədər boy atan, sağlam bir təşkilatı dağıdıb imicini zədələyirsən. Sədr oldun, baş üstə, səni qəbul etdilər qubernator səviyyəsində. Biz də dedik, getdi bunlar. Hara gedirlər? Gürcüstan qoydu burda. Dedi xoş getdin. Və ya Türkiyədən bizim vasitəmizlə “qarapapaq” adı ilə gələnlər. Türkiyədən gəliblər, deyirəm, ola bilməz, amma bunların qafaları o qədər xəstədir ki, bunlar sən demə, paraya-pula gəliblər. Sonra da balaca bir məmurun hiyləsinə düşürlər. O da aparıb bunları hətta “qarapapaq” adı ilə müqavilə imzaladır. Müqaviləni imzalayandan dərhal sonra 6 nəfəri qoyur sərhəddin o tərəfinə. Mən onlar haqqında yazmışam. Onlara yazmışdım ki, “abim, siz yanlışlıq yox, xəyanətin içərisindəsiniz, xəbəriniz varmı? Siz insanları 100 manatla oynadırsınız, amma onların gözləri görür. Mən gürcü ilə imzaladığınız bir müqavilənin faydalı olacağına inansam, əl çalaram. Amma gürcü səni istifadə edib, sonra da zibil yeşiyinə tullayacaq.” Atdılar və zibil yeşiyinə tulladılar. Qalıblar indi bağıra-bağıra. Sonra da deyirlər, necə olur gürcü balacadır, amma işləri belə rəvandır. Deyirəm, qardaş, sən ayrılan pulları qarnına-mədənə verirsən, o isə yola verir. Fərqimiz var. “Borçalı” Cəmiyyətinin nəyi varsa “yola” verir, bizim yeri gələndə mədəmiz yadımızdan çıxır. İdarə Heyətinin üzvləri buradadır, bir də götürsən, “cibinizdə nə var” deyə soruşuruq. Bəzən istismar edirəm onları. Yəni qardaş, sən əl qoymasan məmləkət sənin olmayacaq. Yəni sən sahiblənməsən, bu dövləti əlindən alarlar.
Bizim getdiyimiz yol bir az da ruhani bir yoldur
– “Borçalı” Cəmiyyətini öz imkanlarınızlamı saxlayırsınız?
– Öz daxili imkanlarımızla. Üzvlərin daxili imkanları və fədakarlıqları ilə. Sizin kimi dostların dəstəyi də qatqıdır və fədakarlıqdır. Elə nüfuzlu insan elə söz deyər ki, aforizmə çevrilər. Və o artıq bizim üçün qida mənbəyi rolunu oynayır. Bizim də qazancımız odur. Elim qidalansın, elim güvənsin. İnsanların özləri yazırlar artıq ki, bu il “Elat”a gedəcəyik. Qazancımız odur ki, bu məsələ bütün kəndlərdə, xeyir və şərdə müzakirə olunur. “Niyə buraxmırlar?”, “niyə qarşısını kəsirlər?” – insanlar danışırlar bu barədə. Mən hələ 2009-cu ildən bəyanatımı vermişəm: “Nə qədər buradayam, bura çirkli kapital girməyəcək.” Bura könül birliyidir. 3 il keçib. Bu 3 ildə biri dənə gəldi, dəni tapa bilmədi, getdi. Heç nə demədik. Biri karyeraya gəldi, tapa bilmədi, getdi. Olsun, “Elat” dastanı ətrafında nə qədər Zəlimxanın haqqı var, o qədər də bu yolda olanların haqqı var. O “Borçalı dastanı”nda da hər kəsin haqqı var, kiminsə bir kəlmə sözü varsa, o da var. Hətta mənə qarşı qatı barışmaz, kinli bir münasibətdə olan bir adamın da – o qədər incə yanaşmışam ki, onun sözü olduğu kimi qalsın. Bu, yazılan bir tarixdir. Bir zamanlar yada düşəcək, istifadə olunacaq. 15-20 ildən sonra o kitab bir mənbə olacaq. O baxımdan, bizim getdiyimiz yol bir az da ruhani bir yoldur.
– Mən düşünürəm ki, Borçalıdan çıxan iş adamları və zənginlər bu cəmiyyəti daha da inkişaf etdirməlidir.
– Çox ciddi problemlərimizdən biri də odur. Səməd Qaraçöpün bir şeiri var. Qısa məzmunu belədir ki, şərəf arxasınca düşür insanlar. Gedir, gedir, görür ki, pulu yoxdur. Hansısa pullu adam da gedir, görür ki, şərəfi yoxdur. Obrazlı götürəndə belədir. Mən hərdən pullu adamlarımıza deyirəm, içinizdə qeyrətlisi varmı, elə yer var ki, el-obaya xərclənən 100 manat boş yerə xərclənən 10.000 manatdan xeyirlidir. Mənim yanımda elə adamlar olub ki, bir “paçka” yüzlüyü cığıltılı səslə oxuyan bir müğənniyə göndərib ki, bu mahnını bir də oxu. Toyda idik. Dedim, sən xəstəsən, naxoşsan, a kişinin oğlu, sən pulu o cığıltılı səslə oxuyan müğənniyə verməklə nə demək istəyirsən? Hörmət qazanmaq istəyirsən? Hörmət etdiyim də bir adam idi. Dedim, hazırladığım layihələrim var – bulaqlar. O bulağın birini bir kəndə çək. Adını da üstünə yaz ki, bulağı filankəs çəkib. Biz də sənin reklamını edək, tarixə düş də. Baxır ki, bulaqdan su axacaq, nə xeyri olacaq ona?
– Deyir, “sən allah, məni siyasətə qatma”, eləmi?
– Bu dərəcədə siyasətdən qorxmaq yaxşı deyil. Bu, Azərbaycan insanına vurulan öldürücü bir xəstəlikdir, virus kimi yayılıb. Siyasətdən qorxutmaq, siyasətdən iyrəndirmək, ümummilli problemlərdən, Qarabağdan aralamaq – imperiya siyasətində zaman-zaman bu, olub. Onun da ağrısını indi biz çəkirik.
Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır
– Rza Rzayev soruşur: “Niyə “Borçalı” Cəmiyyətinin sədri naxçıvanlı, Qərbi azərbaycanlı, bakılı, şirvanlı yox, Borçalıdan seçilməlidir? Sizcə, bu, cəmiyyətin fəaliyyətinə mənfi təsir etmir ki?”
– Mən çox istəyirəm ki, elə olsun. Bizdə vətəndaş cəmiyyəti o həddə qədər inkişaf eləsin ki, Azərbaycanın hər qarışı hər birimiz üçün müqəddəs olsun. Biz insanları Qərbi Azərbaycandan qovanda, yüz cür şəbədə qoşurduq. Düşmən qoşdururdu. Hətta Qarabağ, Vətən savaşında könüllülər filan yerdəydi, filankəs tora saldı deyərək, bu təbliğatı aparanları biz gördük. İndi Diaspora Komitəsinin sədri cavan bir oğlandır – Fuad Muradov. Çox istərdim əvvəlki xətaları təkrarlamasın. Yəqin bu yaxınlarda onunla görüşüm də olacaq. Fikirlərimi özünə də bildirəcəm. Buyursun, meydan onun əlindədir. Bizim üçün nə lazımdır? Millətimizin və ümumi regionun maraqlarını təmin edəcək bir platforma qurulmalıdır. Bizə bu 3 bayrağı çox irad bildirirdilər – 5 xaç və Türkiyə, Azərbaycan bayrağı. Çox yazılar yazdılar, amma biz uzun müzakirələrdən sonra onu qəbul etdik. Siyasi bir iş idi bayraqların yanaşı durması. Bu, çox düşündürücüdür, bunu görən insan düşünəcək: “Nə var görəsən burada?” Burada Ermənistan və Rusiya bayrağı yoxdur. Türkiyə-Azərbaycan-Gürcüstan. Sonrakı etap nədir? 2012-ci ildən başlayan layihələrdə eynilə bizim düzdüyümüz kimidir – Azərbaycan-Gürcüstan-Türkiyə. Protokolda da elədir. Deməli, biz də nəsə bilirik. Biz də bilirik ki, burada Azərbaycan bayrağı birinci olacaq. Gürcüstan Azərbaycan üçün ikinci olacaq, çünki bu, strateji bir tərəfdaşlıqdır. Bizim Avropa və dünya ilə əlaqələrimizin memarı isə Türkiyədir. Bu bağlantını qurduq. Saakaşvilidən sonra isə gürcülər də dəyişdi. Babalarımız bizi başqa istiqamətə aparırdılar, amma görünür, Gürcüstanın daha gözəl xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır. O da bunu elə-belə havadan demədi. Konflikt zonasından çıxmağın ən gözəl yolu bu coğrafiyada gözəl və zəngin bir Gürcüstan yetişdirməkdir. Onun kültürünə dəymədən bir yerdə daha gözəl ola bilərik. İri kommunikasiya xətlərini Ermənistandan keçirə bilərik. Bir zaman elə layihələr də var idi. Onlar təcavüzdən imtina edə bilsəydilər, böyük məmnuniyyətlə orada Ermənistan bayrağı da ola bilərdi. Ermənistan təcavüzkardır və özü üçün də quyular qazıb. Amma Gürcüstan bizə bunu etmədi. Gürcüstan bizimlə strateji tərəfdaşlığı bu və ya digər formada – müəyyən kənaraçıxmalar olsa da – qoruyub saxladı.
– Elmidar Əliyev soruşur: “Siyasətdən imtina edib idmana qayıtmağı düşünürmü?”
– Bir dəfə ağsaqqallardan bir dedi ki, a bala, nə var, nə yox. Dedim, ay Camal müəllim, heç kim mənə demədi ki, al bu konfeti ye, əksinə, hərə gətirib çiynimizə bir yük qoydu. Suala gəlirəm, idmana qayıdışla bağlı bir ara böyük bir kampaniya oldu. Məşqçilərimiz “yenidən geri dönün” dedilər. Görüşdük. Bir-iki görüş oldu. Məni şirnikləndirdilər ki, Sambo batır, gəl. Sonra mən bunu sosial şəbəkələrdə yoxladım. Çox maraqlı bir şeydir ki, bəlkə də statuslarıma ən maraqlı rəylər o zaman gəldi. Ki, getmək, yəni qayıtmaq lazımdır. Azərbaycanı samboda Avropa çempionu, Avropa rekordçusu, dünya rekordçusu etmişəm. Azərbaycanda Avropa çempionatının təməlini mən qoymuşam. Yəni ilk Avropa çempionatının yarışlarını mən keçirmişəm burada, həm də qatı müxalifətdə olan vaxtlarımda. Beynəlxalq Federasiyanın vitse prezidenti vəzifəsinə qədər yüksəlmişəm. 10 illik bir tarix də orada yazılıb və o tarix çox şərəfli bir tarixdir. Düşünürəm ki, 10 ildən sonra qayıtmağım mümkün olar. Mənim burada da 10 ilim keçir, artıq 9 ili keçdi. Əsas odur ki, biz hakimiyyətin dinc və demokratik yolla dəyişməsinin əsaslarını qoya bilək. Bu, o demək deyil ki, buradan da qurtardıq, böyük siyasət də yoxdursa, Zəlimxanın məşğuliyyət sahələri olmayacaq, yox, var. Kifayət qədər boş yerlər var ki, sadəcə fədakarlıq edib gedib çalışmaq lazımdır.
– Tural Əliyevin bir sualı da var: “Dini görüşünüzü öz dilinizdən eşitmək istəyərdim.”
– Yəni orada da şübhə edənlər var. Rəqiblərim mənim kimliyimi şübhə altına salan yazılar yazdırdılar, ailəmə müdaxilə etdilər. Özü də kimlər yazdırdılar, bilirsənmi, bəy, əlim cibində olanlar. Bir əlim ciblərində idi ki, uşaqsınız, öyrənin, gedib Allah qoymasa oralarda qəzet buraxacaqsınız. Onlar da gəlib böyrümə soxdular xəncəri. Mən təbii ki, müsəlmanam. Amma məzhəb ayrımçılığı mənlik deyil. Borçalılar sünnidir, amma mən Kərbəlada İmam Hüseyni ziyarət eləmişəm. Mənim üçün din yolunda fədakarlıq edən Əli də, Ömər də, Hüseyn də fədakar nəhənglərdir, yaşamış insanlardır, mif deyillər. Ona görə də hətta Əjdər Tağızadə məni topa tutdu. “Bunun nə işi var orada?” deyə. Bunlar çox primitiv düşüncələrdir. Mən Kərbəlada olduğum üçün mənə “Kərbəlayi” deyirlər. Dedim ki, mənim adımın böyrünə heç nə qoşmayın…
II hissənin sonu
Strateq.az
Paylaş: