Xəbər lenti

“Son aylarda ictimai nəqliyyatda qiymətlərin bahalanması, bundan başqa, bəzi rüsum və yığımların artırılması səbəblərini Tarif Şurasından və hökumətdən soruşmaq lazımdır. Hələ avqustun 19-da bəzi benzin növlərinin qiymətlərini də bahalaşdırıblar”.

Bu sözləri Mili Məclisin deputatı Fərəc Quliyev avqustun 19-da «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin qiymətlərinin artırılması haqqında danışarkən bildirib.

Deputat deyib ki, «gəlirlər azalan, büdcə boşalan kimi» nə hökumət, nə də Tarif Şurası çıxış yolu olaraq qiymətləri bahalaşdırmalı deyil, əksinə, hökumət alternativ çıxış yolları göstərməlidir: “Ona görə də istər metro və ictimai nəqliyyat vasitələrindəki, istər bəzi rüsum və yığımlardakı, istərsə də istehlak bazarındakı 16-18% bahalanma heç nə ilə izah edilə bilməz”.

F.Quliyev hesab edir ki, enerjidaşıyıcılar ölkəsi olan Azərbaycanda bəzi benzin markalarının bahalaşması anlaşılmır: “İxrac olunan məhsulların qiymətinin qaldırılması başadüşüləndir. Amma ölkə içində, daxildə qiymətlərin qaldırılması hansısa qurumların və ya hökumətin xalqın cibinə girməsi deməkdir və bu yolverilməzdir”.

Deputat ölkədə kütləvi istehlak olunan Aİ-92 markalı benzinin qiymətinin qalxması ehtimalına da münasibət bildirib. Onun qənaətincə, bu addımı atmaq olmaz: “Bu, yanlış addım olardı. Bu addım atılacaqsa, ona qədər maaşlar, pensiyalar artırılmalı, kompensasiyalar nəzərdə tutulmalıdır ki, xalq bundan əziyyət çəkməsin”.

Bu il iyulun 30-da Tarif Şurası metro və ictimai nəqliyyatda gediş haqlarını 50% bahalaşdırdı.

İyulun 31-dən isə Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən avtomobillər, mobil telefonlara görə rüsum və yığımlar 4 dəfədən 30 dəfəyə kimi bahalaşdırıldı.

Avqustun 19-da isə «Premium Euro-95»in qiyməti 1 manat 25 qəpikdən 1 manat 50 qəpiyə, «Super Euro-98» markalı benzinin qiyməti isə 1 manat 50 qəpikdən 1 manat 60 qəpiyə qaldırılıb. (Azadlıq Radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 20-08-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma