Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Almaniya Kansleri Angela Merkel görüşdə bildirib: “Hörmətli cənab Prezident. Hörmətli Azərbaycan tərəfinin nümayəndələri. Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək”.
Kansler vurğulayıb ki, Almaniya və Azərbaycan mədəniyyət sahəsində əlaqələri də genişləndirə bilərlər: “Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.
Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.
Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.
Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.
Paylaş: