ABŞ-ın sabiq prezidentii Bill Klintonla Rusiyalı həmkarı Boris Yeltsinlə olan danışqları və söhbətləri əks olunan sənədlərin üzərindən məxfilik götürülüb. Arkanzasdakı Klinton prezident kitabxanası ötən ay bu sənədləri internetdə dərc edib.
İlk dəfə işıq üzü görən bu sənədlər 1991-ci ildə Sovet İttifaqı çökəndən bəri Borislə Bill arasındakı münasibətlərə bir az da işıq salıb. Məxfiliyi götürülmüş sənədlər Rusiya-ABŞ münasibətlərinin bugünkü vəziyyəti ilə tam təzad təşkil edir. 1000 səhifəlik bu sənədlər 1993-1999-cu illəri əhatə edir. O vaxt 1996-cı ildə hər iki prezident seçkini udmuşdu.
Bu sənədlərdə o dövrün mühüm siyasi prosesləri barədə iki liderin söhbətləri, mövqeləri əks edilib.
Maraq doğuran məqamlardan biri Vladimir Putinin 1999-cu ildə baş nazir təyin olunmasına ABŞ prezidentinin münasibətidir.
Azadlıq Radiosunun müxbiri Mayk Ekel yazır ki, 1999-cu ilin 8 sentyabrında ölkənin kəşfiyyat başçısını baş nazir təyin edəndən bir neçə həftə sonra o vaxtkı prezident Boris Yeltsinə ABŞ prezidenti Bill Klintondan zəng gəlib.
Yeni baş naziri çox az adam tanıyırdı və o Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də cəmi bir il əvvəl gətirilmişdi. Yeltsin Klintonu əmin etmək istəyirdi ki, Vladimir Putin “etibarlı adamdır”.
Boris Yeltsin Bill Klintona Putinin “işgüzar, sözübütöv və partnyorları ilə tez dil tapa bilən birisi” olduğunu deyib. Bundan iki ay sonra İstanbulda yer alan təkbətək görüşdə Klinton yenidən Putin məsələsinə qayıdıb. Yeltsin Klintona aydın şəkildə 2000-ci ilin seçkisində kimin qalib gələcəyini bildirib. Boris Yeltsin özü haqqında üçüncü şəxsdə danışaraq vurğulayıb “Əlbəttə Putin. O Boris Yeltsinin xələfi olacaq. O demokratdır, Qərbi yaxşı tanıyır”.
Bu söhbətdən bir ay sonra, Yeni il axşamı Yeltsin istefasını elan etdi.… Onun dediyi kimi, martda keçirilən prezident seçkisində Putin qalib gəldi. O hələ Stalindən sonra ölkəyə ən uzun müddətdə rəhbərlik edən şəxs olacaqdı.
Klinton administrasiyasında Milli Təhlükəsizlik Şurasının üzvü olmuş Endru Veiss deyir ki, o zaman ABŞ Rusiyanın yeni dünyanın dayaqlarından biri olacağına inanırdı. Bəzi müşahidəçilərin fikrincə, Boris Yeltsin və Bill Klintona qədər heç bir Amerika və Rusiya liderləri arasında belə yaxın münasibət olmayıb.
“Kommunistlər qayıtsa, hətta Alyaskanı geri istəyəcəklər”
Sözü gedən sənədlərdə iki lider arasında zaman-zaman baş qaldıran tikanlı məqamlar da əksini tapıb: Çeçenistan müharibəsi, NATO-nun Serbiyanı bombalaması, Kosovo böhranı və NATO-nun şərqə doğru genişlənməsi… Bu sənədlərdən görünür ki, qatı antikommunist olan Yeltsin Kommunist Partiyasının hakimiyyətə qayıdacağından qorxurmuş. Bu, əslində az qala 1996-cı ilin prezident seçkisi zamanı baş verəcəkdi. Buna görə də 1996-cı ilin 21 aprelində Yeltsin Moskvada qonaq olan Klintona demişdi:
“Hazırda ABŞ mediasında kampaniya gedir ki, adamlar kommunistlərdən qorxmamalıdırlar, onlar yaxşı adamlardır, hörmətlidirlər və nəzakətlidirlər. Mən adamlara xəbərdarlıq etmək istəyirəm ki, buna inanmasınlar. Kommunistlərin yarısı fanatikdir. Onlar hər şeyi dağıdacaqlar. Bu vətəndaş müharibəsi olacaq. Onlar respublikaları ləğv edəcəklər. Krımı geri almaq istəyəcəklər, hətta Alyaskanı tələb edəcəklər”.
Yeltsin buradaca bildirir ki, ona hakimiyyət lazım deyildi, amma elə ki, kommunist təhlükəsini hiss etdi, yenidən seçkiyə qatılmaq qərarına gəldi.
Yeltsin Klintonu məşhər ayağına çəkir
1995-ci ildə NATO üzü şərqə genişlənmək imkanlarını götür-qoy edirdi. Alyans keçmiş Sovet blokundan bir neçə ölkəni üzvlüyə qəbul etmək niyyətində idi. Sovet İttifaqı çökəndən sonra hərbi baxımdan çox zəifləmiş Rusiya NATO-nun əsl niyyətlərindən narahat olmuşdu.
Bir çox Rusiya rəsmiləri NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə Mixail Qorbaçova verilmiş qeyri-rəsmi vədləri yada salırdılar. Yeltsin bu narahatlığı 1995-ci ilin mayında, Kremldəki görüş zamanı qaldırıb: “Mən sizin NATO-nun genişlənməsi haqqında aydın niyyətinizi başa düşmək istəyirəm. Çünki görürəm ki, bu, Rusiyanın alçaldılmasından başqa bir şey deyil. Özünüz necə fikriləşirsiniz? Varşava bloku ləğv olunub, o biri bloksa varlığına davam edir. Bu, blokadaya almağın yeni formasıdır…”
Klinton bunun mənasını müxtəlif şəkillərdə Yeltsinə izah etməyə çalışıb. Rusiyanın tarixini tərifləyib. Amma Yeltsini heç cür inandıra bilməyib. Klinton deyib: “Mən aydın şəkildə bildirdim ki, NATO-nu gücləndirmək üçün heç nə etməyəcəyəm. Mən indi bu söhbət zamanı sizə istədiyiniz zəmanəti verirəm. Amma biz ikimiz də başa düşməliyik ki, bu heç birimizin təslim olması deyildir”. Lakin bu söhbətdən iki il sonra, 1997-ci ildə NATO Macarıstanı, Polşa və Çexiyanı üzvlüyə dəvət etmişdi.
Yeltsin Klintona hətta sualtı qayıqda görüməyi təklif edirdi
Yeltsinin prezidentliyi davam etdikcə səhhəti pisləşir və spirtli içkilərə meyli artırdı. O bir neçə dəfə Klintonla yanaşı tam sərxoş vəziyyətdə görünmüşdü. Yenicə açıqlanmış sənədlər Yeltsinin Klintonla haqqında uzun müddətdir ki, şayiələr dolaşan danışıqlarına işıq salır. 1999-cu il, iyunun 10-da NATO Kosovodakı bombardmanı dayandırandan bir neçə gün sonra iki lider arasında telefon söhbəti olub. Yeltsin Klintona hər hansı gəmidə, hətta sualtı gəmidə təkbətək görüşməyi təklif edibmiş. ABŞ mediası bu söhbət zamanı Yeltsinin telefonda tam kefli səsləndiyini yazmışdı. 1996-cı ilin aprelində Klinton Yeltsinin səhhəti məsələsinə toxunub:
“Fikir vermişəm ki, siz arıqlayırsınız. Heç olmasa nəsə yeyin”.
Yeltsin cavab verib: “Mən səhərlər çox yemirəm, bir də gecələr. Amma gündüzlər yeyirəm. Baxın, mənə verilənin yarısını (süfrədəki qabını göstərir), bu ördəyin yarısını yemişəm. Bu qızardılmış ördəkdir. Adamlar elə bilirlər ki, bütün qırqovullar Xruşşovun vaxtında vurulub qurtarıb. Onlar bütün Sovet İttifaqı boyunca ova çıxırdılar”.
Veiss deyir ki, bu sənədlər iki lider arasındakı qəlb yaxınlığından başqa həm də bugünkü problemlərin kökünü göstərir: “İndi Rusiyanın alçaldılması ideyası inkişaf etdirilir. Putin hökuməti Rusiyanın alçaldıldığını, ondan sui-istifadə edildiyini təlqin etməyə çalışır. Çünki bu, Putin hakimiyyətinin legitimləşdirilməsi üçün daha geniş siyasi sxemə daha yaxşı yerləşir. Belə bir ideya təlqin edilir ki, Rusiya mühasirədə olan qaladır və keçmişin qayıtmasına yol verməməyin yeganə çarəsi Putinin ətrafında sıx birləşməkdir”.
Paylaş: