Əziz Rzazadə
Strateq.az
Qan yaddaşında bəzən elə dərin yaralar olur ki, qərinələrin qaysağı belə onların üstünü örtə bilmir. Türkmənçay müqaviləsi kimi. Azərbaycanda o tarixi günü bir cür, İranda başqa cür xatırlayırlar, yəni qavramalar fərqlidir. Lakin Arazın bu tayındakı “unutqanlıq”la müqayisədə, Türkmənçay indi 765 kilometrlik sərhədin o üzündə daha çox xatırlanır.
“İkinci Türkmənçay” Həsən Ruhani hökumətinin rəsmilərindən deyil, millət vəkilləri, politoloqlar, media təmsilçiləri və sosial şəbəkə istifadəçilərinin hazırda ən çox işlətdiyi klişedir.
Xəzərdə pay bölgüsü ilə bağlı İran XİN-in aydın açıqlamasına, ötən yüzillikdə SSRİ və İran arasında imzalanmış müqavilələrə və dənizin statusu ilə bağlı təxminən 20 illik danışıqlar prosesinə dair şəffaf şərhlərə baxmayaraq, siyasi mifologiya hələ də ictimai fikirdə qarışıqlıq yaratmağa davam edir. Guya, İranın mili maraqlarının güdaza verilməsi ehtimalı və ya cəhdi var; guya, İranın Xəzərdə “tarixi və qanuni” 50 faizlik səhm payını qamarlamaq istəyirlər…
Hətta eynəksiz baxışdan yaranan ilk təəssürat budur ki, bütün həqiqət ortada olduğu halda, səhv anlaşılma üçün ictimai fikir bilərəkdən azdırılır. Əks təqdirdə, islahatyönlü “Etimad”ın “Xəzər dənizinin statusuna dair yarıgizli Konvensiya” (“Nime penhan Konvensiyon-e Xəzər”) başlığını necə başa düşəsən.
İranın Qazaxıstandakı sabiq səfiri Müctəba Dəmirçulu, xarici işlər nazirinin keçmiş müavini Abbas Məliki (mərhum Ayətullah Fazil Lənkəraninin nəvəsi), Xəzər dənizi Katibliyinin katibi Məcid Həsənzadə Sabirin (1990-cı illərdə Bakıdakı səfirliyin əməkdaşı, Gürcüstandakı sabiq səfir) açıqladığı təfərrüatlarda “ikinci Türkmənçay” eyhamına hələ barmaqarası baxmaq olar. Lakin Xəzər dənizinin hüquqi statusuna dair mövzuya müntəzəm baş vuran “Qanun” qəzetinin qərəzi bir yana, “Azərbaycan Respublikası” istilahını inkar etməsinə heç cür göz yummaq olmur. Buna təkcə “Xəzərin ən böyük neft-qaz ehtiyatları dənizin mərkəzi hissədə yerləşdiyindən Aran əyaləti (Azərbaycan Respublikası) ona daha çox iddia edir” cümləsinin müəllifi Hənif Rza Gülzar adlı yazar qol qoysaqdı, nə vardı ki.
Eyni qəzetdə “1921-ci il müqaviləsi kontekstində tarixə baxış” (“Negahi be tarix zəmine şeklgiri qərardad-e 1921” məqaləsinin altına imza qoyan “Məhestan” Partiyası Mərkəzi Şurasının üzvü Əlirza Əfşari də “Aran” kəlməsindən ilmə kimi istifadə edərək tarixi keçmişin elə bir xalısını toxuyur ki, heyrətdən ağız açıq qalır: “Aran xalqının nümayəndələri ilə Parisdə görüş”, “iki heyət arasındakı danışıqlar və İran nümayəndə heyətinə İranla federasiya qurma təklif edilməsi”, “1919-cu ilin payızında Seyyid Ziyauddin Təbatəbainin başçılığı ilə bir heyətin Qafqaza səfəri”, “Tehran və Bakı arasında uğurlu federasiya danışıqları”, “Ermənistan və Gürcüstanın da bu təkliflə razılaşması, ancaq rusların Qafqaza hücumundan sonra İranın Qafqaz torpaqları ilə birləşmə cəhdlərinin məğlub olması”…
Bu, tarixin hansı xarabalığıdır, dəfinə basdırılmış hansı viranədir?
Haradan və necə tapıb bu “xəzinə”ni iranlı siyasətmədar?!
Hələ buna inanacaq kəslər də olacaq, heç şübhə etməyin.
“Təsnim” agentliyinin Azərbaycanın azsaylı xalqlarının durumuna dair məqaləsi ilə müqayisədə Əlirza Əfşarinin yazdığı toya getməlidir: “Azərbaycan Respublikasının siyasi sistemi talış xalqını inkar etmək və məhv etmək siyasətini qəsdən olaraq həyata keçirir”; “Dövlət Təhlükəsizlik Xidməti talış əhalisinin problemləri ilə əlaqəli etirazları sovet dönəminin üsulları ilə boğur”; “Bakı KİV-lərndə talışların separatçılıq və İran nəfinə casusluq etməsinə dair təbliğat aparılır”, “sosial şəbəkələrdə onlar İran və Rusiya casusları adlandırlır”; Azərbaycan Respublikasında tatların əksər hissəsi etnik təmizləmə yolu ilə assimilyasiya edilib”…
Qaşınmayan yerdən qan çıxarmaq üçün “dərin dövlət”ə bağlı “Təsnim”in Azərbaycanda etnik xəritəsinə müraciət etməsi, yəqin ki, təsadüfi deyil və “tutarlı səbəb”i var. “Qanun” kimi həvəskar səviyyəli yazarları olan KİV-də dərc olunsaydı, keçənə güzəşt demək olardı. Amma “Təsnim”in siyasi bağlarını nəzərə alaraq, əsla! Üstəlik, diplomatik etiraz üsullarını kənara qoyaraq, bu sayaq iddialara Azərbaycan ərazisindən media müstəvisində cavab özünü bir İran məsəlindəki qurdun yerinə qoymaqdır:
Bir gün eşşəklə qurd bəhsə girdilər.
Eşşək dedi: “Ot mavi rəngdədir”.
Qurd dedi: “Xeyr, yaşıl”.
Meşə şahının (Aslanın) yanına getdilər və mübahisənin məğzini izah etdilər.
Aslan dedi: “Qurdu zindana atın!”
Qurd dedi: “Məgər ot yaşıl rəngdə deyil?”
Aslan: “Bəli, – dedi, – amma zindana atılmağının səbəbi eşşəklə mübahisə etməyindir”.
P.S. Azərbaycanda İran mövzusunda yazanları nəyəsə məcbur edə bilmərəm, icbari sərhədlər qoymaq həddim deyil. Qələmə nə var ki, sağdan sola da yazır, soldan sağa da. Amma yazmazdan öncə min kərə düşünün, çünki bəzən hər kəlmə böyüdücü şüşə ilə oxunur.
Arif adamlar, yəqin ki, nə demək istədiyimi başa düşdü…
Paylaş: