Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Ermənistan parlamentinin yeni spikeri Ara Babloyan Avropa Parlamentinin xarici əlaqələr Komissiyasının rəhbəri David Makalisterin başçılıq etdiyi nümayəndə heyəti ilə İrəvan görüşü zamanı Qarabağ mövzusunda bəzi diqqətçəkici ifadələr işlədib. Məsələn, Babloyan sovet dövründə həkim işləyərkən azərbaycanlı uşaqları necə müalicə və əməliyyat etməsindən danışıb.
Bundan əlavə, erməni spiker Azərbaycanın Dağlıq Qarabağa səfər edən xarici ölkə vətəndaşlarını “qara siyahıya” salmasından şikayətlənib. “Sovet vaxtı həkim kimi mən yüzlərlə azərbaycanlı uşağı müalicə və əməliyyat etmişəm. Və indi çox kədərlidir ki, biz öz gənclərimizi bu münaqişədə itiririk. Məsələ danışıqlar yolu ilə həll edilməlidir”, - deyə o bildirib (virtualaz.org).
Doğrudan da, hansı millətdən olmasından asılı olmayaraq, gənc insanların ölümü kədərlidir - üstəlik, belə ölümlər heç vaxt reallaşmayacaq boş ideyalar naminədirsə, ikiqat kədərlidir. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin təbirincə desək, erməni hərbçilərin Ağdamda, Füzulidə nə işi var ki, orada da ucuz ölümə tuş gəlsinlər?
Əgər gerçəkdən də erməni gənclərinin ölümü Ermənistan rəsmilərini bu qədər narahat edir, kədərləndirirsə, bunu önləməyin çox sadə yolu var: işğal altındakı Azərbaycan torpaqlarından erməni işğalçı qüvvələrini təcili şəkildə çıxarmaq - özü də qeyd-şərtsiz, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələb etdiyi kimi.
Nə qədər ki, erməni tərəfi bu sadə həqiqəti, Qarabağa dair beynəlxalq sənədləri qulaqardı edəcək, nə qədər ki yad ərazilərdən çıxmaq əvəzinə, işğalçı qüvvələr orada hərbi təlimlər keçirəcəklər, o vaxta kimi də aydındır ki, Azərbaycan torpağı hərbi mundir geydirilmiş erməni gənclərə məzar olacaq və Babloyanın o biri arzusu da çin olmayacaq: münaqişə heç vaxt danışıqlar yolu ilə həllini tapmayacaq.
*****
Beləcə, əfsuslar olsun ki, məhz erməni tərəfinin maksimalist mövqeyi üzündən münaqişə 30-cu ilinə qədəm qoyub. Bu xüsusda “soyuq müharibə” dönəmində ABŞ-ın SSRİ-dəki səfiri işləmiş Cek Metlokun AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirlər də diqqət çəkir. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, eks-diplomat deyib ki, fövqəldövlətlər Ermənistanın və Azərbaycanın yerinə problemi həll etməyəcək. “Hər bir ölkə özü qərar verməlidir - o, müharibə eləmək istəyir, yoxsa sülhün yolunu tapmaq istəyir”, - deyə təcrübəli diplomat qeyd edib.
Ancaq problem də ondadır ki, Qarabağ məsələsində İrəvan çoxdan həlledici söz sahibi deyil. Niyəsini bu dəfə ABŞ-dakı Miçiqan Universitetinin erməni əsilli tarix professoru Ronald Suninin dilindən eşitsək, daha yaxşı olar.
İrəvanda keçirilmiş “Keçid dövrünün sonu. Ermənistan 25 il sonra” adlı konfransın iştirakçısı olmuş Suni öncə illər öncə dediyi “Ermənistan Rusiyasız yaşaya bilməz” fikrini xatırladaraq əlavə edib: “Bizim geosiyasi vəziyyətimiz çox təhlükəlidir - çünki bir yanda Türkiyə, digər yanda Azərbaycandır. Gürcüstan isə - elə də yaxşı dost deyil. Ona görə ki, orada çoxlu problem var. Rusiya Ermənistanı müdafiə edir, ancaq dost olaraq, Rusiya psevdodostdur (yalançı dost - red.)”.
Amerikalı professorun fikrincə, Ermənistan üçün ən böyük problem indi Rusiya əleyhinə getmədən öz müstəqilliyini möhkəmlətməkdir: “Bu gün Rusiyaya ehtiyac qaçılmazdır. Bu isə müəyyən mənada ehtimal ki, dilemma, hətta faciədir ki, hazırkı Ermənistan yaşayır”.
Ancaq nə etməli ki, bu faciəvi yolu Ermənistan özü seçib - könüllü şəkildə, 100 il əvvəl olduğu kimi. O zaman öz faciəvi aqibətinə də yiyə durmalı, kimsəni ittiham etməməlidir. Seçimi də yenə o özü etməlidir. Başqa yandan, məgər Rusiyadan asılılıq öz qonşunun ərazilərini işğal etmək zərurəti yaradı? Əlbəttə ki, yox. Bu mənada Ermənistan üçün ən böyük təhlükə elə onun özüdür, apardığı işğalçılıq siyasətidir. Bu siyasətə son verilən gün də erməni xalqının rifahı və tərəqqisi başlayacaq.
*****
Lakin hələ ki bunun əksi müşahidə olunur: əsasən öz havadarı və psevdodostu Rusiyaya arxayın olan Ermənistan Dağlıq Qarabağa məsələsində davakar ritorikasından əl çəkmək istəmir, təmas xəttində Azərbaycana qarşı daha böyük təxribatlar törədir. Xocalı aeroportu ilə bağlı provokasiya bu qəbildəndir. Bunun ardınca Şuşanın “meri” Artsvik Sərkisyanın ermənilərin Şuşaya köçürülməsi siyasətindən bəhs etməsi də Azərbaycanın kəskin reaksiyasına səbəb olub.
“Ermənilərin bu cür fəallaşması qəyyumlarının onlara verdiyi komanda əsasında baş verir”. Bu sözləri axar.az-a açıqlmasında sabiq dövlət müşaviri Qabil Hüeynli deyib. Politoloq hesab edir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başına toplaşmış erməni lobbisi bu ölkənin siyasi elitasına ciddi surətdə təsir göstərir.
“Məhz bunun nəticəsidir ki, Rusiya Ermənistanı son bir ildə 3 milyard dollarlıq silahla təchiz edib. Yeni silah partiyaları isə göndərilməkdə davam edir. Buna görə də Ermənistan Azərbaycana qarşı misli görünməmiş təxribatlara əl atır. Son zamanlar təmas xəttində vəziyyət çox gərginləşib. Müxtəlif növ ağır silahların yığılması və hətta canlı hərbi qüvvənin təmas xəttinə gətirilməsi müşahidə edilir. Bura Ermənistan siyasi rəhbərliyinin hərbi ritorikasının xeyli artdığını da əlavə etsək, demək, ermənilər hələ ki Azərbaycana qarşı psixoloji müharibə aparırlar. Psixoloji müharibənin isti müharibəyə çevrilməsi kiçik bir qığılcımdan asılı ola bilər. Azərbaycan ordusu təmas xətti boyunca bütün baş verənləri nəzərə alır. Ermənilər təxribatlar törətməklə hər vasitə ilə Azərbaycanı müharibəyə təhrik etməyə çalışırlar. Ona görə də Azərbaycan baş verənləri modelləşdirir və buna uyğun hərbi taktika hazırlayır. Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca toplanan modern silahları düşmənin zirehli texnikasından tutmuş, raket kompleksinə qədər hər şeyi məhv etməyə qadirdir” - Q. Hüseynli bildirib.
Politoloq onu da qeyd edib ki, Azərbaycan beynəlxalq siyasi qüvvələrin Rusiya və onun əlaltısı Ermənistanın hərəkətlərinə reaksiyasını gözləyir: “Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlarla ciddi iş aparılır. Aparılan işin məntiqi ondan ibarətdir ki, indiyə qədər işğalçıya siyasi qiymət verilmədiyindən daha da harınlaşan təcavüzkar yeni torpaq işğal etmək eşqi ilə ölkəmizi təxribatlara çəkir. Azərbaycanın səbir kasası dolsa da, təxribatlara uymur, vəziyyəti nəzarətdə saxlayır. Vəziyyətin gərgin olduğunu etiraf etməliyik. Ordumuz yüksək döyüş hazırlığına gətirilib və hər an bölgədə isti müharibə baş verə bilər. Bu dəfə nə Rusiyanın cəhdləri, nə də başqaları Azərbaycanı dayandıra biləcək”.
Odur ki, əgər Rusiya gerçəkdən də bölgədə yeni böyük müharibə istəmirsə, o zaman öz marionetinə ləngimədən müvafiq təlimatlar verməli, onu, nəhayət, konstruktiv mövqeyə kökləməlidir, nəinki hər an genişmiqyaslı hərbi əməliyyatlara zəmin yaradan təxribatlar törətməyə.
*****
Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Azərbaycanın Respublika günü və BMT-yə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulda açılış nitqi ilə çıxış edib. XİN mətbuat xidmətindən verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan BMT-ə üzv olduğu gündən üzləşdiyi iqtisadi çətinliklərə və ölkəmizə qarşı təcavüzə, eləcə də onun dağıdıcı nəticələrinə baxmayaraq, iqtisadi və siyasi cəhətdən dinamik müasir dövlətə çevrilərək özünü etibarlı tərəfdaş kimi sübut edib.
Onun sözlərinə görə, Azərbaycan ardıcıl surətdə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, məqsəd və məramlarına münasibətdə öhdəliklərinə tam sadiqlik nümayiş etdirib, sədaqətlə təşkilatı dəstəkləyib və onun fəaliyyətinə fəal töhfə verib. “Azərbaycan Beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin qorunmasında öhdəliklərinə tam sadiqdir və bu istiqamətdə davamlı səylər göstərir. Hazırkı zamanda dünyanın və bizim regionun qarşılaşdığı xüsusi çağırışları aydın şəkildə anlayaraq, Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri əsasında Cənubi Qafqazda və ondan kənarda uzunmüddətli sülhün yaradılmasına töhfə verməyi davam etdirəcək”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov onu da qeyd edib ki, ölkəmiz Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir. “Bunu beynəlxalq hüquq tələb edir və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir. Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən əziyyət çəkən ölkə kimi Azərbaycan regionda sülh, stabillik və inkişafı təmin edə biləcək münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir... Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaş olub və olaraq qalacaq” - sonda Azərbaycanın baş diplomatı əlavə edib.(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar