Xəbər lenti


Serj Sarkisyan prezident kürsüsünü körpüləri tam yandıraraq tərk etmək istəyir

Ermənistan prezidenti Serj Sarkisyan yeni çağırış parlament üzvlərinin qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bu çıxışdan bir daha məlum oldu ki, S.Sarkisyan güzəştlərə hazır deyil. Bundan başqa erməni prezidenti ATƏT-in Minsk qrupunun himayəsi altında uzunmüddətli proseslərin və danışıqların gedişatında formalaşdırılmış sülh nizamlanmasının bütün əvvəlki prinsiplərini də rədd edib. Sarkisyanın sözlərinə görə, Qarabağın işğal zonasında separatçı mübarizə “yeganə doğru yoldur”.  S.Sarkisyanın bu seçimi o deməkdir ki, həmsədrlərin və bəzi ekspertlərin sevə-sevə bəhs etdikləri “Madrid prinsipləri”  bir anda havaya sovruldu. 

Ermənistan KİV-də yayılan məlumatlara görə işğal edilmiş ərazilərdə sülhün bərpası üçün yaxın vaxtlarda  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşü gözlənilir. Hərçənd, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dediyinə görə, belə bir vədələşmə yoxdur. Amma görüşün olub-olmamasından asılı olmayaraq, Sarkisyanın yeni sərsəmləmələri gündəmdədir və o, yeni parlamentdəki ilk çıxışında bəyan edib ki, stol üzərində Kazan sənədi var. Yəni, “Madrid prinsipləri”ndən söhbət gedə bilməz. Bununla da hələ Robert Köçəryanın prezidentliyi dövründə “Madrid prinsipləri” adını almış və ümumən qəbul edilmiş sənədin adı danışıqlar prosesindən çıxarılmış sayıla bilər. Bu amil son 10 ildə siyasi səhnədə R.Köçəryanın adı ilə bağlı sonuncu yadigar idi və Sarkisyan bunu da məhv etdi. 
Ancaq məsələ heç də Sarkisyanın çıxışında göstərildiyi kimi deyil. Yəni, münaqişənin nizamlanması yolunda stol üzərində Kazan sənədi yox, Azərbaycanın bir neçə gün əvvəl irəli sürdüyü “ərazilər əvəzinə sülh” prinsipi durur. Düzdür, danışıqlar davam etmir, sanki, prinsipcə, müzakirə üçün təklif də yoxdur. Əslində, Azərbaycanın son irəli sürdüyü məsələ mövcud hərəkətsizliyin və Ermənistanın dekonstruktiv fəaliyyətinin nəticəsidir. Çünki, uzun illərin təcrübəsi göstərir ki, həm düşmən tərəfin, həm də Minsk qrupu həmsədrlərinin fəaliyyəti münaqişə üzərində hazırkı status-kvonu saxlamağa yönəldilib. Məqsəd də aydındır: vaxt udub, Qarabağın yaddan çıxarılmasına nail olmaq. Azərbaycanın ciddi müqaviməti, mübarizəsi və təxribatlara operativ, özü də sərt cavab verməsi olmasa danışıqlar heç cür yada salınmaz. 
Həmsədr ölkələrin bu münasibətinin nəticəsidir ki, Sarkisyanın sonuncu çıxışı müharibəyə çağırış tonunda qurulub. Çünki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ən nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini təsdiqləyir. Ermənistan prezidenti isə bütün bunları qulaqardına vuraraq Dağlıq Qarabağın müstəqilliyindən dəm vurur. Bu isə heç vaxt olmayacaq. Azərbaycanın bu mövqeyi qətidir və danışıqların mövzusu ola bilməz. 
Mövcud durumun bir xüsusiyyəti də odur ki, Ermənistan prezidentinin müddəti gələn il bitir. Yeni prezidentin kim olmasından asılı olmayaraq, səlahiyyətlərinin xeyli hissəsi qanunla əlindən alınacaq. Ondan sonra ölkə siyasətinin əsas məsələlərində, o cümlədən Azərbaycan ərazisinin işğalı üzrə danışıqlarda Ermənistanı ehtimal ki, başqa şəxs təmsil edəcək. Bu adam kim olacaq və hansı mövqeni sərgiləyəcək, məlum deyil. Təbii ki, əgər o vaxta qədər Azərbaycan səbrini basıb, irəli sürdüyü “ərazilər əvəzinə sülh” formulu üzrə ərazilərini güc yolu ilə xilas etməsə.  
Çünki, bunun üçün Azərbaycanın tam hüquqi, tarixi və mənəvi əsaslara malikdir. Üstəlik, mövcud situasiya bunu diktə edir. 
Bu günlərdə Avropa İttifaqının “Avropa Qonşuluq Siyasətinə baxışın həyata keçirilməsi haqqında” hesabatı dərc olunub. Hesabatda qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu, qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir”. Lakin hesabatdakı bəzi fikirlər düşünmək üçün ciddi mövzudur. Çünki, sənəddə yazılmış “Aİ-nin altı şərq tərəfdaş ölkəsindən beşi münaqişəyə məruz qalıb” ifadəsindəki dörd ölkə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna olmaq etibarilə məlumdur. Bəs, “beşinci ölkə” dedikdə hansı respublika nəzərdə tutulur. Dörd ölkəni çıxandan sonra yerdə Ermənistan və Belarus qalır. Məlumdur ki, Belarus heç bir təcavüzə məruz qalmayıb. Demək, avropalılar Ermənistanın təcavüzündən danışırlar. Qarabağ münaqişəsi üzrə suyu bulandıran da Avropa İttifaqının Azərbaycan torpaqlarının işğalına göstərdikləri bu cür ikili münasibəti, yəni haqsızlığır. Münaqişənin həllinə mane olan əsas səbəblərdən biri də budur. Çünki, Ermənistanın işğalçılıq siyasətinin müdafiəsinə yönəlib. Bütün bunlar isə əslində, sülhü yox, müharibəni körükləyir və bu günlərdə döyüşlər başlasa, həlak olanların və dağıntıların bütün məsuliyyəti Ermənistan hakimiyyətinin və Minsk qrupu həmsədrlərinin üzərində qalacaq.

N.NOVRUZ




Ana səhifəyə qayıt        Baxış: 1 122          Tarix: 20-05-2017, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma