Keçmiş səfirlər Trampın Əfqanıstandan çıxmaq qərarını təhlükəli hesab edir
ABŞ-ın 9 sabiq səfiri çərşənbə axşamı prezident Donald Trampa Əfqanıstan siyasəti ilə bağlı xəbərdarlıq edib. “Amerikanın Səsi”nin məlumatına görə, keçmiş diplomatlar ABŞ hərbi qüvvələrinin Kabil hökuməti ilə Taliban arasında sülh razılığı əldə edilənə qədər bütünlüklə Əfqanıstandan çıxarılacağı təqdirdə ölkədə “total vətəndaş müharibəsi” başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.
Sabiq diplomatların “Atlantika Şurası”nın veb səhifəsində yayımlanan yazıda qeyd olunur ki, “hərbi qüvvələrin çıxarılması yekun sülhə əsaslanmalıdır”.
“ABŞ ilkin addımı nə elə tez, nə də elə dərinlikdə atmamalıdır ki, Taliban hərbi qələbə əldə edəcəyinə inansın”, - deyə məqalədə diplomatlar qeyd edib.
ABŞ-ın Kabildəki beş sabiq səfiri də daxil edilməklə, doqquz səfir bu barədə bəyanatı Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Talibanla ABŞ-ın Əfqanıstandan 5000 əsgərini çıxaracağına dair ilkin razılığın əldə edildiyin bəyan etməsindən bir gün sonra verib. Zalmay Xəlilzad bildirib ki, Talibanla prinsiplərdə anlaşma əldə olunub və qarşıdakı 20 həftə ərzində ABŞ ordusunun 5400 hərbçisi Əfqanıstanı tərk edəcək. Ancaq Xəlilzad bu açıqlamanı verdiyi saatlarda Kabildə daha bir partlayış baş verib. Talibanın törətdiyi partlayış nəticəsində ən azı 5 nəfər ölüb, onlarla mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, mətbuatın yazdığına görə, ABŞ əsgəri qüvvəsini Əfqanıstandan çıxarmasının qarşılığında Taliban Əl-Qaidə ilə bütün əlaqələrini kəsməli və Əfqanıstan ərazisindən Birləşmiş Ştatlar və onun hansısa müttəfiqinə qarşı terror hücumları həyata keçirilməsi üçün istifadə edilmədiyini təmin etməlidir. Zalmay Xəlilzad deyib ki, layihənin imzalanmasından əvvəl prezident Tramp onu təsdiq etməlidir.
Xatırladaq ki, Talibanla danışıqlar bir neçə aydır davam edir. Bu ilin əvvəlində “The New York Times” qəzeti anlaşmanın bəzi detallarını yaymışdı. Həmin yazıda iddia olunurdu ki, yeni anlaşmaya əsasən, ABŞ tərəfindən dəstəklənən Əfqanıstan ordusu ölkənin az məskunlaşmış yerlərini tərk edərək buraları Taliban hərəkatına təslim edir. Qəzet bu məlumatı Ağ Evin hərbi strategiyasını müəyyən edən adamlarla əlaqə qurmaqla əldə edib.
Ancaq məsələ ondadır ki, ABŞ ordusu 2001-ci ilin oktyabrında Əfqanıstana quru qüvvələri göndərib bu ölkəni nəzarətə götürəndən bu yana bu ölkədə silahlar susmayıb. Əfqanıstan 407 inzibati rayona bölünüb və bunlardan təxminən 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 mübahisəli ərazidə şiddətli döyüşlər gedir. Üstəlik, indi ölkənin şimalında İŞİD mövcuddur və bu qruplaşma tez-tez həm Əfqanıstan hökumət qüvvələrinə, həm də Talibana hücum edir. Yəni ABŞ-ın getməsi Əfqanıstanda onsuz da çətin vəziyyətdə olan və Talibanla mübarizədə ciddi çətinlik çəkən hökumət üçün ağır zərbə olacaq. Və mümkündür ki, Əfqanıstan hökuməti Taliban qarşısında məğlub olsun. Yeri gəlmişkən, 1989-cu ildə də oxşar vəziyyət olmuşdu. Sovetlər Əfqanıstanı tərk etdikdən 2 il sonra müttəfiq hərbi-siyasi qüvvələr Kabili ələ keçirərək Nəcibullanın SSRİ tərəfdarı hökumətini devirdilər. Nəcibulla və qardaşı isə BMT-nin Kabildəki nümayəndəliyinə sığındı. 1996-cı ildə isə Taliban Kabili ələ keçirərək sovetlərə qarşı vuruşmuş koalisiyanın qeyri-sabit hakimiyyətini devirdi, Nəcibullanı isə qardaşı ilə birlikdə BMT ofisindən çıxarıb edam etdi. Yəni indi amerikalıların Əfqanıstandan çıxması qeyri-sabitliyi daha da artıra, hətta mövcud əfqan iqtidarını sona çatdıra bilər.
O da məlumdur ki, indi yalnız ABŞ deyil, eyni zamanda Rusiya və İran kimi ölkələr də Talibanla danışıqlar aparır. Bir qədər əvvəl Moskvanın gizli şəkildə Talibanla danışıqlar aparıldığı xəbərləri yayılmışdı. Bu danışıqların formal tərəfi rusiyalı diplomatların təhlükəsizliyi, əsirlər, sərhəd təhlükəsizliyi və İŞİD-ə qarşı mübarizədir. Çünki 2015-ci ildən sonra Əfqanıstanda peyda olan İŞİD Taliban üçün ən əsas təhdidlərdən birinə çevrilib. Ölkənin bir neçə rayonunda İŞİD və “Taliban” arasında qızğın döyüşlər gedir. Bu ilin yazında, Novruz bayramı günlərində Taliban və Əfqanıstan hökuməti arasında atəşkəs anlaşması əldə olunsa da, ilk dəfə Taliban və hökumət döyüşçülərinin birgə şənliklərini İŞİD kamikadze hücumu ilə qana boyayıb.
Xatırladaq ki, iki il əvvəl prezident Tramp ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını bəyan edib. Buna görə Birləşmiş Ştatlar ordunu tez bir şəkildə geri çəkməkdən vaz keçib, hərbçilərin Taliban döyüşçüləri ilə mübarizədə səlahiyyətlərini artırıb. Ancaq eyni zamanda danışıqlar da davam etdirilib. Vaşinqtonun Talibanla belə sürətli barışmasında Əfqanıstanda xaosa son qoyulması, İŞİD təhlükəsi ilə yanaşı Çin, İran və Rusiya ABŞ-ın əsas rəqiblərinin Talibanla danışıqlara getməsi və hətta bəzi məlumatlara əsasən, gizli dəstək verməsi də təsir edib.
Ancaq indi Trampın Talibanla anlaşıb qüvvələri Əfqanıstandan çıxarması diplomatlar tərəfindən haqlı ciddi risk olaraq qəbul edilir. Çünki Əfqanıstan 40 ildən çoxdur ki, müharibələrin davam etdiyi qeyri-sabit bir ölkədir. 1978-ci ildə ABŞ tarixində ilk dəfə olaraq səfir məhz Əfqanıstanda qətlə yetirilib. Səfir Adolf Dabs qaçırılıb və daha sonra oteldə əməliyyat zamanı öldürülüb. Bu, ABŞ tarixində ilk və 2012-ci ildə ABŞ-ın Liviyadakı səfiri Kris Stevansın Benqazidə öldürülməsinə qədər yeganə hadisə olub. 2014-cü ildə ABŞ prezidenti Əfqanıstandakı missiyanın başa çatdığını elan etdi və buradakı ordunu 4 dəfə azaltdı. Amma bu qərar Əfqanıstanda qeyri-sabitliyi daha da artırdı, bu ölkədə İŞİD peyda oldu. İndi isə 8 minlik ABŞ ordusu qalacağı təqdirdə Əfqanıstanda Taliban faktiki olaraq hökumət qüvvələrini üstələyəcək. Çünki indi Taliban faktiki olaraq ətraf ölkələrlə ciddi əlaqələrə malikdir və ABŞ-la rəqabətə görə, Taliban dəstəklənəcək. Nəticədə Taliban tezliklə leqal siyasi-hərbi qüvvə kimi bütün Əfqanıstanda hakimiyyətə iddia edəcək.
Bu mənada Trampın Əfqanıstandan çəkilmək qərarı bu ölkədə böhranı daha da dərinləşdirəcək, nəinki sülhə səbəb olacaq. Vaşinqton üçünsə indi Əfqanıstan məsələsində ciddi anlaşmanın əldə olunması vacibdir. Əksə təqdirdə bu ölkə ABŞ üçün başağrısı olmaqda davam edəcək.
Paylaş: