Professor, siyasi analitik Əli Abbasovla müsahibəni təqdim edirik:
- Əli müəllim, Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Vladimir Putin elan edib ki, artıq ABŞ-ın dünya hegomonluğu başa çatıb. Bu fikirlə nə dərəcədə razılaşırsınız?
- Əslində Putin bu fikrini buna qədər bir neçə dəfə deyib. İndi bir daha təkrar edir. Fikrimcə, Rusiya prezidenti Putin göstərmək istəyir ki, Çinlə birləşərək Amerikanı aradan götürmək niyyətindədirlər. Yəni ABŞ-ın hegomonluğuna son qoymaq istəyirlər.
- Doğrudanmı artıq ABŞ-ın dünyan hegemonluğu başa çatıb?
- Yox, hələlik bunu demək olmaz. Çünki “İpək Yolu” 30 ildən sonra dünyada öz varlığının müəyyən hissəsini əhatə edəcək. Amma Amerika bu gün dünya iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Odur ki, hələlik ABŞ nəhəng dövlət statusunu qoruyub saxlamaqda davam edir. Sadəcə sabahın necə olacağını indidən qəti şəkildə demək qeyri-ciddilik olardı.
- Rusiya lideri açıq elan edir ki, Çin və Hindistanı hesaba almadan dünyanın heç bir problemini həll etmək mümkün deyil...
- Təbii ki, Putin doğru deyir. Biz görürük ki, dünyada “Böyük yeddilik” var, G-20 ölkələri var, Avropa və ABŞ müttəfiqliyi var və s. Əslində böyük qurumlarda Çin və Hindistan ya yoxdur, ya da iştirak payı azdır. Bu mənada sözsüz ki, Çin və Hindistan bir sıra vacib qurumlarda özünə uyğun statusunu əldə etməlidir. O cümlədən də Yaponiya və Almaniya. Bu dövlətlərin BMT-də rolu olmalıdır. Təsəvvür edin ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısında Almaniya, Yaponiya və Hindistan yoxdur. Sözsüz ki, bu dəyişməlidir.
İkincisi, iqtisadiyyatla məşğul olan qurumlarda da bu dövlətlərin iştirak payı yüksəldilməlidir. Dünyanın əlaqələrini qaydaya salan BMT 1950-ci illərdə yaradılıb. İndi isə dünya inkişaf mərhələsini keçib və bunun yenilənməsinə ehtiyac açıq hiss edilir.
- Putin elan edib ki, çoxqütblü dünyanı dəstəkləyir. Bunun açması nədir?
- Bunu təkcə Rusiya deyil, bir çoxları arzulayır və istəyir. Çünki çoxları Amerikadan bezib. O cümlədən də Avropa Birliyi. Hamı danışır ki, ABŞ dünyaya meydana oxuyur və vəziyyətdən çıxmaq lazımdır. Sanki ABŞ Prezidneti Donald Tramp axırıncı hücum taktikasından istifadə edir. Sözsüz ki, buna qədər olan dünya belə deyildi.
- Bir neçə gün əvvəl Fransa Prezidenti Makron da elan etmişdi ki, artıq qərb dünyasının hegemonluğu başa çatıb...
- Bəli. Nəzərə alın ki, Avropa Birliyinin əsas nüvəsini Fransa və Almaniya təşkil edir. Və nə qədər qəribə olsa da, bu ölkələr Amerikadan beziblər. Hər iki dövlət görür ki, Tramp Avropa Birliyini dağıtmaq istəyir. Xüsusilə, Polşadan istifadə edirlər. Eləcə də “Breksit” prosesindən istifadə etmək cəhdləri var. Məsələn, Avropa Birliyi çalışır ki, “Breksit” prosesi liberal formada baş versin. Amma ABŞ-la dost olan ingilis siyasətçilər deyirlər ki, biz birbaşa çıxırıq və yaxşı edirik. ABŞ da o tərəfdən dərhal elan edir ki, İngiltərə ilə ikitərəfli müqavilə bağlamağa hazıram, bu müqavilədə ingilislərə güzəştlər tanınacaq və s. Avropa Birliyinin qabqda gedən ölkələri Fransa və Almaniyada bunu görür.
- Demək istəyirsiniz ki, Vaşinqton London vasitəsilə Avropa Birliyini dağıtmağa çalışır?
- Bir tərəfdən proseslər bu istiqamətdə gedir, digər tərəfdən ABŞ bundan yararlanmağa çalışır. İstəmir ki, Avropa Birliyi yeni güc mərkəzi kimi ortaya çıxsın.
- Dünyada böyük güc mərkəzləri arasında nizamsız bir siyasi şərait var. Məsələn, Çin-Amerika, Rusiya-Amerika, Hindistan-Çin, Rusiya-Hindistan münasibətləri, Avropa Birliyi-Rusiya arasında disbalansın olmaması nəyə işarədir?
- Bəli, bu qəliz vəziyyət daha çox yeni dünya düzəni ilə bağlı məsələdir. Bu səbəbdən də deyirlər ki, dünya münasibətlərini, beynəlxalq diplomatik tarazlığı, beynəlxalq hüququn həyata keçirilməsi üçün yeni bir quruma ehtiyac var. Əks halda bu şəkildə çox irəli getmək mümkünsüz olar. Bütün nəhəng ölkələrdə çalışır ki, belə bir beynəlxalq qurumda payı əvvəlkidən az olmasın. Odur ki, müşahidə etdiyimiz proseslər gedir. Biz görürük ki, ölkələr bir-birilə vuruşur. Amma araşdırdıqda ortaya çıxır ki, bu ölkələrin arxasında ruslar və ya amerkanlar durur, bəzən başqa dövlətlər olur. Məncə, bu birinci mərhələdir və biz gözləməliyik ki, bu mərhələ soyuq formada başa çatsın.
Bəzən ekspertlər hesab edirlər ki, bu qəliz münasibətlər formatının davamında böyük müharibələr ortaya çıxa, güc yolu ilə dünyanın yenidən bölünməsi baş verə bilər. Bundan çox danışılsa da, mən buna çox da inanmıram. Əvvəla dünyada iki cahan müharibəsi olub, bunun nəticələri də ortadadır. Heç kim də istəməz ki, yenidən belə bir müharibə baş versin. Biz nəzərə almalıyıq ki, qəfil hadisələr, faktlar ortaya çıxa bilər. Amma mən inanmıram ki, bu sonda böyük bir müharibə ocağı yaratsın.
- Beynəlxalq münasibətlərdə Ankara-Moskva yaxınlaşması da xüsusi diqqət mərkəzindədir. Prezident Putin Vladivostokda elan etdi ki, Türkiyənin də beynəlxalq və regional proseslərdə rolu çərçivəsində uyğun formatda təmsil olunması lazımdır...
- ABŞ başqa ölkələrdən istifadə etdiyi kimi Rusiyada istifadə edir. Baxın, o böyüklükdə Türkiyə, NATO-nun əsas cinahlarından biri aradan çıxanda, Rusiya istehsalı olan S-400 kompekslərini əldə edəndə belə olur. Amma mənim şəxsi qənaətim belədir ki, Moskva-Ankara münasibətlərində həm də böyük ziddiyyətlər var. Bu ziddiyyətlərin bir qismi də Suriya ilə bağlıdır. Baxmayaraq ki, Rusiya Suriyada Türkiyənin maraqlarını müəyyən mənada qəbul edir. Amma bütün bunlar müvəqqətidir. Vaxtı ilə bir qırıcının vurulması ilə Moskva-Ankara münasibətləri köklü sürətdə pozuldu. Əslində Türkiyə-Rusiya münasibətlərində yaxınlaşmanın nə ilə başa çatdığı bəllidir.
- İddia edirsiniz ki, hansısa nöqtədə rus-türk münasibətləri zəifləyəcək və Ankara yenidən qərb oriyentasiyasına üstünlük verəcək?
- Təbii. Rusiyadan nə əldə etmək olar? Ancaq Rusiyadan ABŞ-a qarşı istifadə etmək, Vaşinqtona göstərmək olar ki, mən bu yolu da seçə bilərəm. Avropa Birliyinə nümayiş etdirilə bilər ki, əgər istəmirsinizsə, mən də heç sizə üzv olmağı istəmirəm, Rusiya kimi nəhəng dövlət və həm də bazarla əlaqələrə üstünlük verirəm. Bir sözlə, alternativ yollar nümayiş etdirilər. Eyni zamanda indi dünyanın siyasi mərkəzi Avropadan Asiyaya keçir.
- Görüntü belədir ki, ABŞ-İran mnasibətlərində gərginlik nisbətən səngiyir, sanki Tramp İranla bağlı kəskin və aqressiv siyasətindən geri çəkilir. Sizcə, nə baş verir?
- Mən, bu cür düşünmürəm. Əksinə, hesab edirəm ki, Tramp İrana qarşı yeni hərəkətlər edəcək. Burada İsrailin və Səudiyyənin rolu da olacaq. Onlar istəyirlər ki, İran Yaxın Şərqdən çıxsın. Buna görə hər şeyə razıdırlar. Yəni pul da, imkan da, silah da var. Yəni İrandan tələb edilir ki, Yaxın Şərqdəki bəzi qrupıara dəstək verməsin, orada özünə bağlı silahlı qüvvələri geri çəksin və s. Əks halda sanksiyalar davamlı tətbiq ediləcək və buna yeniləri də əlavə olunacaq. İran hələlik müqavimət göstərir, amma daxilində də iqtisadi vəziyyət pisləşir. Bir sözlə, dünyada gərginlik davam edəcək. Heç kim istəmir ki, dünyada böyük müharibə olsun, amma müxtəlif üsullarda da maraqlarını təmin etməyə çalışırlar. Daha çox əldə etmək üçün daha çox mübarizə aparmaq lazımdır.\\Teleqraf
Paylaş: