Bugünkü Azərbaycan öz müstəqilliyini təsdiq etmiş, öz tarixi kökünü və mənəvi dəyərlərini qoruyub saxlayan, eyni zamanda müasir dövlət quruculuğu, müasir cəmiyyət formalaşdırmaq istiqamətində müsbət nümunə göstərən bir ölkədir. Müstəqillik qazanan hər bir ölkə qarşısına böyük məqsədlər qoyur. Belə məqsədləri eyni zamanda Azərbaycan dövləti də öz qarşısına qoyub.
Ovqat.com bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, ancaq 1991-93-cü illərdə hakimiyyətdə bir-birini əvəz edən siyasi qruplar Azərbaycana uğur gətirmək əvəzinə ölkəmizə daha ağır problemlər yaratdılar:
“1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə vəziyyət kökündən dəyişdi. Onun müstəqil, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində apardığı siyasət öz müsbət nəticələrini verdi. 2003-cü ildən Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin siyasəti Azərbaycana bütün sahələr üzrə uğurlar gətirdi. Birincisi, biz beynəlxalq aləmdə müstəqil daxili və xarici siyasət yürüdən bir ölkə kimi tanındıq. İkincisi, Azərbaycan həmişə öz dövlət quruculuğunu möhkəmləndirir, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Üçüncüsü, sovet dövründən ona miras qalmış birtərəfli iqtisadi sistemdən tədricən uzaqlaşaraq, bu gün neft sektorunun həcminin artdığı bir iqtisadiyyat qura bilib. Həmçinin, Azərbaycanda insan hüquqlarının qorunması, azad mətbuatın inkişaf etdirilməsi, insanların sərbəst seçim etməsi üçün şəraitin yaradılması da qazandığımız nailiyyətlərdən sayıla bilər”.
Aydın Mirzəzadə qeyd edib ki, bütün bunlar hamısı Azərbaycan xalqının milli maraqlarına cavab verir, xalqın bu gününün və sabahının dayanıqlı və uğurlu olması üçün edilir və cəmiyyət tərəfindən dəstəklənir:
“Hesab edirəm ki, 2019-cu il Azərbaycan tarixində növbəti uğurlar ili kimi qalacaq. Çox işlər görülüb, çox nailiyyətlər qazanılıb, amma qarşıda yenə də görüləcək çox böyük işlər var. Ölkəmiz, ilk növbədə ölkə rəhbərliyi qarşıda duran böyük problemlərin həll edilməsi iqtidarındadır”.
Paylaş: