Sergey Lavrov Bakıdan əvvəl İrəvana səfər etmişdi. Bu səfər Azərbaycanda birmənalı qarşılanmamışdı. Məsələ ondadır ki, Rusiya XİN-in ümumilikdə mövqeyi ilə bağlı rəsmi Bakıda əslində çoxdan suallar var. Düzdür, rəsmi şəkildə bu qeyd edilməsə də ekspertlər və KİV-lər səviyyəsində zaman-zaman bununla bağlı suallar ortaya çıxmaqdadır.
Ovqat.com xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, iki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var:
“Hər bir halda Rusiyada Xarici İşlər Nazirliyi institutu tarixən olduğu kimi indi də olduqca vacib, xarici siyasətlə bağlı dövlətdə sözü keçən, prezidentə sözü keçən qurum olub və olmaqda davam edəcək. Bu kontekstdən yanaşdıqda təbii ki, Rusiya XİN-in Qarabağla bağlı mövqeyi çox önəmlidir. Lavrov dəfələrlə bəyan edib ki, münaqişənin qeyri-sülh yolu ilə həlli variantı yoxdur. Belə görünür ki, o, status-kvonun qalmasında maraqlıdır. Bir müddət öncə “Lavrov planı” və digər məsələlər də gündəmdə idi. Yəni, guya “Lavrov planı” var və sair. Hansı ki, ictimaiyyətə də bunun bəzi nüansları məlum olmuşdu. Lakin ümumilikdə o qədər də yaxşı qarşılanmamışdı”.
Z.Məmmədov qeyd edib ki, hazırda Moskvada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə iki baxış var:
“Bu nəzər-nöqtələrindən birinə görə vəziyyətin olduğu kimi qalması, digər nəzər-nöqtəsinə görə ilkin mərhələdə ətraf rayonların bir neçəsinin qaytarılması nəzərdə tutulur. Onu da qeyd edim ki, ümumiyyətlə, 2020-2021-ci illər münaqişənin nizamlanması ilə bağlı olduqca gərgin il olacaq. Əgər Rusiya tərəfindən də real addımlar atılmasa o zaman Cənubi Qafqazda “barıt çəlləyi”nin partlama ehtimalı kifayət qədər yüksək olacaq”.
Politoloq S.Lavrovun İrəvanda və Bakıda fərqli açıqlamalar verməsinə də münasibət açıqlayıb:
“Lavrov münaqişə ilə bağlı bir neçə detala toxunub. O bildirib ki, münaqişənin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir. Bu o deməkdir ki, “Rusiyanın izi” olmadan münaqişə nizamlana bilməz və Cənubi Qafqazdakı bütün proseslərə Rusiya ağalıq edir. İkincisi qeyd etdiyim kimi Lavrov münaqişənin hərb yolu ilə həll edilməsinin qeyri-mümkün olduğunu növbəti dəfə bildirdi. Lakin Lavrov bunu o fonda deyir ki, Paşinyan Qarabağa ayda bir neçə dəfə səfər edir, eyni zamanda militarist və qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Digər tərəfdən Lavrov burada Dağlıq Qarabağ xalqı ifadəsindən istifadə etmədi. Amma biz onun İrəvan bəyanatını da unutmamaışıq. Hər bir halıda Lavrovun Bakıda Azərbaycanın, İrəvanda isə Ermənistanın xoşuna gələcək bəyanatlar verməsi diplomatiyaya uyan çıxışlardır, davranışlardır. Bu davranışların 2016-ci ilin aprelindən bu yana hansı istiqamətdə getdiyi göz önündədir”.
Z.Məmmədov daha sonra deyib:
“Sergey Lavrovun Bakıda verdiyi bəyanatları analiz etdikdə deməliyik ki, Rusiya XİN başçısı danışıqların irəli getməsi məsələsində optimal danışdı. Həmçinin, Azərbaycan-Rusiya münasibətlərinin çox yaxşı səviyyədə olduğunu bildirdi və strateji müttəfiqlikdən bəhs etdi. Bu günlərdə Azərbaycan XİN başçısının Ermənistanın XİN başçısı ilə predmetlər ətrafında danışıqlar gedəcəyini deməsi və Lavrovun da bu nikbin bəyanatı göstərir ki, doğrudan da dekabrın 4-də Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Bratislavada keçiriləcək görüşü tam nəticəyönümlü olmasa da ətraf rayonların gələcək taleyi ilə bağlı irəliyə atılmış addım ola bilər. Hər bir halda mən düşünürəm ki, top Ermənistan tərəfində olacaq və qarşı tərəf ətraf rayonlarla bağlı məsələyə aydınlıq gətirməlidir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıda səfərdə olub.
Paylaş: