Dekabrın 18-də Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib.
Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib. Bildirib ki, TÜRKPA nüfuzlu parlament təşkilatına çevrilib. Ötən illərdə başlanmış bütün işlər davam etdiriləcək. Təşkilatın beynəlxalq əlaqələrinin inkişafı yenə də diqqət mərkəzində olacaq. TÜRKPA-nın müşahidə missiyasının fəaliyyəti növbəti bir ildə də diqqətdə saxlanılacaq. Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.
*** 09:42
Bu gün Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.
"Report"un xəbərinə görə, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.
Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Plenar İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.
Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.