Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin ikitərəfli ölçüsünə üstünlük verir və qurumla əməkdaşlığını öz prioritetləri və maraqları əsasında qurur.
Bunu Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.
Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edən XİN sözçüsü vurğulayıb ki, rəsmi Bakı ittifaqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
"Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iştirakı ilə 2018-ci ilin iyul ayında Brüsseldə paraflanan və sonrakı aylarda qüvvəyə minən Azərbaycan - Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədi Aİ-nin 2018-2020-ci illərdə Azərbaycana maliyyə dəstəyinin hədəflərini təsbit edib. Azərbaycan tərəfi qeyd olunan hədəflər üzrə işin davam etdirilməsində maraqlıdır və ümid edir ki, Avropa İttifaqının gələcək maliyyələşmə alətləri həmin prioritetlərin qurum tərəfindən həyata keçirilməsinə töhfə verəcək", - L.Abdullayeva bildirib.
O qeyd edib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nın gələcəyi ilə bağlı tərəfdaş ölkələrdə dövlət, vətəndaş cəmiyyəti və işgüzar dairələrin iştirakı ilə geniş miqyaslı ictimai müzakirələr aparıb:
"Azərbaycan bu gün Avropa İttifaqının enerji sahəsində strateji və etibarlı tərəfdaşıdır. Ölkəmiz bu münasibətlərini regional təhlükəsizlik çağırışlarının aradan qaldırılması sahəsində əks etdirmək marağındadır. Eyni zamanda, Şərq-Qərb və Cənub-Qərq istiqamətlərində regional nəqliyyat layihələrini həyata keçirməklə Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya və uzaq Şərq ölkələri ilə nəqliyyat bağlantılarının yaradılması strategiyasının reallaşdırılmasında müstəsna rola malikdir. Bu səbəbdən, enerji sahəsi ilə yanaşı Avropa İttifaqı ilə həm siyasi-təhlükəsizlik, həm də nəqliyyat mövzuları üzrə ayrıca dialoq alətləri yaradılmaqdadır".
Paylaş: