Xəbər lenti

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezideninin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Trend-ə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Məhərrəm müəllim, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və cənab Prezident İlham Əliyevlə müxtəlif istiqamətlərdə müzakirələr inkişafın növbəti strategiyasını müəyyənləşdirdi. Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi-strateji əməkdaşlıq və bu əməkdaşlığın perspektivi barədə nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi və bu səfər çərçivəsində Prezident İlham Əliyev cənabları ilə çox mühüm müzakirələr aparıldı, ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək sənədlər imzalandı. Həmin sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş” sənədi idi ki, həmin sənədə əsasən Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq. Bu, eyni zamanda, ölkələrimiz arasında uzun illərdir ki, davam etdirilən hərbi əməkdaşlığın daha da şaxələndirilməsi və əsaslı olmasının bariz göstəricisidir.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə də vurğulanıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, o cümlədən, Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdikləri birgə qlobal layihələrin hər biri istər regionda, istərsə də dünyada mühüm əhəmiyyət daşıyır. Məhz bu əhəmiyyətlərdən biri də hərbi-strateji əməkdaşlıq reallığıdır.

Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən, iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Onu da bildirim ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında çoxsaylı mühüm müqavilələr imzalanıb və bu müqavilələr dediyimiz kimi, hərbi-strateji əməkdaşlıq mühitimizi daha da möhkəmləndirməkdədir.

O cümlədən, istər Azərbaycanda, istər Türkiyədə geniş miqyaslı hərbi təlimlər baş tutub, Artıq Naxçıvanda hərbi kontingentlər arasında keçirilən təlimlər də ənənə halını alıb. Bütün bunlar qeyd etdiyim fikirlərin məntiqi təzahürləridir ki, öz dinamikliyi, ardıcıllığı ilə seçilməkdədir.

Biz bir reallıqlardan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki, Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Hərbi kontingentlərimiz beynəlxalq terrorizmlə mübarizədə də çox mühüm addımlar atıblar, hətta birgə şəkildə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər. Bu mənada, həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyənin hərbi-streteji sahədəki əməkdaşlığının davamlı inkişafı isə bu müttəfiqliyin ayrılmaz hissəsidir.

- Bəs hərbi-texniki əməkdaşlıq səviyyəsi nə dərəcədədir?

- Qeyd edim ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur.

Xüsusilə, Prezident İlham Əliyev cənab Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin, birgə hərbi təlimlər barədə də danışan dövlət başçımız həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu istiqamətdə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır.

- Məhərrəm müəllim, Prezidentlərin görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında fikirlər səsləndirildi, ümumiyyətlə, siz bu münaqişədə Azərbaycanın hərbi gücünü necə dəyərləndirirsiniz?

- Bilirsiniz, Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif xarici səfərlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir. Təəssüf ki, ikili standartlar və bu kimi yanaşmalar artıq uzun illərdir ki, əzəli torpaqlarımızın hələ də işğal altında qalmasına səbəb olmaqdadır. Əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək üçün məhz onun tərəfində olan beynəlxalq norma və hüququndan tam istifadə etmək qüdrətindədir.

Bu, həm də o deməkdir ki, artıq Azərbaycanın güclü ordusu, ən müasir standartlara malik, eləcə də silahlarla təchiz olunmuş Silahlı Qüvvələri var. Azərbaycan Silahlı Qüvvələri öz gücünü 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Günnüt zəfərində düşmənə göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi. Lakin hərbi sahə ilə yanaşı, diplomatik sahədə də işğalçı Ermənistan hakimiyyətinin cavabı verilib. Buna qədər də qeyd etmək istərdim ki, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə daim bir-birinə davamlı dəstəklərini nümayiş etdirib. Əbəs deyil ki, prezidentlərin birgə bəyanatlarında ölkə başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edildiyini xatırlatmaqla yanaşı, Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyini də vurğulayıb, Türkiyənin Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olduğunu bildirib. Həmçinin, Prezident İlham Əliyev cənabları qeyd edib ki, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Dövlət başçımızın “Qarabağ Azərbaycanındır və nida” tarixi bəyanatı, eləcə də, Münhendə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb.

Bu baxımdan, cənab Ali Baş Komandanımız münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edib. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.

Azərbaycan yalnız qardaş Türkiyə ilə deyil, hərbi-texniki bazasını, potensialını artırmaq üçün digər bir sıra ölkələrlə də əməkdaşlığını davam etdirir, Rusiya, İsrail, Pakistan, Belarusiya və s. ölkələrlə hərbi xarakterli mübadilələr, silah təchizatları üzrə anlaşmalar aparır. Elə də uzağa getməyərək, cənab Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan və İtaliya dövlətlərinin hərbi sahədəki əməkdaşlıqlarını genişləndirmək üçün növbəti addımlarını qeyd edə bilərik. Məsələn, həmin səfər çərçivəsində iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalandı. Bütün bu faktlar ölkəmizin hərbi potensialının nə qədər yüksək səviyyədə dayandığını göstərməkdədir.

Mən, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatına da istinad edərək xatırlatmaq istərdim ki, ötən ilin siyahısına görə, Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub, Ermənistan isə 96-cı yerdədir.

Lakin qardaş Türkiyənin hərbi potensialının ən yüksək mərtəbələrdə yer alması faktı əlbəttə ki, bizi çox sevindirir. Belə ki, Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Bax bu reallıq bizləri daha böyük birgə uğurlara imza atmağa doğru yönləndirməkdədir.

Hesab edirəm ki, bu qardaşlıq, bu hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək və ölkələrimizin nəinki region, həmçinin dünya səviyyəsindəki gücünü daha da artıracaq. Bu potensial var və bundan sonra da olacaq.

- Müsahibə üçün çox sağ olun. 




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 26-02-2020, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma