Konstitusiya Məhkəməsi 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini elan edib. Qərara əsasən 121 seçki dairəsi üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən qalib elan olunan deputatlar təsdiq olunub.
Qanuna görə, bundan sonra 7 gün müddətində Milli Məclisin ilk iclası keçirilməlidir. Artıq yeni parlamentin yeni komitələrinin formalaşmasına da başlanacaq. Növbədənkənar seçkilərlə tərkibi yenilənən Milli Məclisin müvafiq komitələrinin tərkibində dəyişikliklər olunması da istisna deyil.
Yeni parlament haqqında Modern.az-a danışan deputatlar komitələrin sədrlərinin kriteriyalarına toxunublar.
Deputat Fazil Mustafa düşünür ki, sədr vəzifəsində, müvafiq sahə üzrə fəaliyyət göstərən komitənin işində səriştəli, bacarıqlı, savadlı və təcrübəli deputatların olması vacibdir:
“Məsələn, sosial müdafiə sistemi ilə bağlı komitədirsə, bu sahədə təcrübəsi, biliyi olan şəxs sədr seçilsə, əhəmiyyətlidir. Eləcə də digər sahələrlə bağlı komitələrin rəhbərliyində bu sahəni bilən, təcrübəli şəxslərin olması vacibdir.
Parlamentdə əsas məsələlərdən biri təmsilçilikdir. Mərkəzi Seçki Komissiyası formalaşanda azlığın, çoxluğun, müstəqillərin namizədlərindən ibarət olur. Parlament idarəçiliyində isə çoxluqdan və müstəqillərdən başqa təmsilçi yoxdur. Azlığın parlamentdə heç bir təmsilçiliyi nəzərdə tutulmur. Bu, Cənubi Qafqazda yeganə belə parlamentdir. Ümid edək ki, yeni parlamentdə bu istiqamətdə dəyişikliklər olacaq. Çünki azlığın idarəçilikdə təmsil olunması həm də parlamentin demokratikliyinin göstəricisidir”.
F.Mustafa Prezident Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasına da toxunub:
“Hesab edirəm ki, bu, münasibətlərə yaxşı təsir göstərəcək. Belə bir şöbənin yaradılması təminat verir ki, qanunverici orqanla əlaqələr yüksək səviyyədə qurulsun. İndiyə qədər qanunverici orqanla birbaşa prezidentin əlaqəsini qurmaq üçün məsuliyyətli şəxs yox idi. Amma bu şöbənin yaradılması parlamentin işinə də müsbət təsirini göstərəcək, deputatların məsuliyyətini artıracaq”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, rəhbər strukturlarında komitə sədrləri önəmli yer tutur:
“Plenar yığıncaqda müzakirə olunan qanunlar birbaşa qəbul edilmir. İclasdan öncə ayrı-ayrı komitələrdə hazırlanan, müzakirə edilən, irəli sürülən qanunlar plenar iclasa çıxarılır. Hətta Prezident Administrasiyasından göndərilən qanunlar belə komitələrin müzakirəsindən keçdikdən sonra Milli Məclisin ümumi müzakirəsinə təqdim olunur. Beləliklə, komitə sədrləri, eləcə də onun müavini olduqca savadlı, böyük təcrübəsi olan şəxs seçilməlidir. Hətta istedadlı, yüksək potensiala malik millət vəkili birdən-birə komitə sədri olarsa, müəyyən problemlər yaşana bilər. Buna qədər o, komitənin üzvü, sədr müavini ola bilər. Komitə sədri xüsusi əhəmiyyət daşıyan vəzifədir. Bura təcrübəsi olmayan, qanunvericilik sahəsində kifayət qədər çalışmamış şəxsin gəlməsi mənə elə gəlir ki, özünü doğrultmaz”.
Deputat Tahir Kərimli komitə sədrinin səlahiyyətlərinin Milli Məclisin nizamnaməsində göstərildiyini diqqətə çatdırıb:
“Komitə sədrləri elə deputatlar olmalıdır ki, fəaliyyət göstərən komitənin sahəsinə uyğun savadı, biliyi olan şəxslər olsun. İqtisadiyyat, hüquq, sosial, dini və s. sahələrlə bağlı savadı və təcrübəsi olan şəxslər komitə sədrləri seçilə bilərlər. Bu çox mühüm vəzifədir. Komitə sədri komitənin işinə rəhbərlik edir, iclaslarını aparır, qanunların hazırlanmasında və müzakirəsində birbaşa iştirak edir. Qanunlar hazırlanarkən, müzakirə edilərkən müvafiq orqanları da bu müzakirələrə dəvət edirlər ki, iş tam hazır vəziyyətdə Milli Məclisə çıxarılsın. Ona görə, mən düşünürəm ki, komitə sədri çox məsuliyyətli, vacib vəzifədir. Komitələr bir növ kiçik Milli Məclisin modelidir”.
Paylaş: