VI çağırış Azərbaycan Milli Məclisinın rəhbərliyi formalaşdırılarkən ölkənin siyasi tarixində ilkə imza atılıb. 1995-ci ildən bəri ilk dəfədir, vitse-spikerlərdən biri müxalifət partiyasının təmsilçisidir. Habelə, parlamentin komitə sədrlərinin müavinləri postu da konstruktiv müxalifətə həvalə olunub.
Prezident İlham Əliyevin ilk iclasda iştirakı və verdiyi mesajlar da kifayət qədər maraqlıdır. Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır: "Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır".
Prezident daha sonra vurğulayıb ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar hakimiyyətin mövcud siyasətinin yeni mərhələsini əks etdirir. Dövlət başçısı iqtidarın çoxpartiyalı sistemin inkişafında maraqlı olduğunun altını cızıb və bu istiqamətdə parlamentin bəzi addımlar atacağına işarə vurub.
Azərbaycanda siyasi inkişafın ləngiməsini şərtləndirən başlıca amil çoxpartiyalı sistemin zəifləməsi ilə bağlıdır. Uzun müddətdir ki, məhdudiyyətlərə görə müxalif yönlü partiyalar seçkilərdə uğur qazana bilmir. Seçki sistemi ancaq hakim YAP-ın və hökumətin müəyyənləşdirdiyi bitərəf şəxslərin qalib gəlməsi üçün çalışıb. Bələdiyyə, parlament seçkilərinin nəticələrinin təkrarlanması, seçkiyə inamsızlıq insanların siyasətdən uzaqlaşmasına, siyasətin perspektivsiz peşəyə çevrilməsinə gətirib çıxarıb. Hətta hakim partiyanın özü də monoton siyasi idarəçiliyə görə daxili inkişaf yolunu keçə bilməyib. Bunu partiya elitasına, onun formalaşması prinsiplərinə baxdıqda aydın görmək olur. YAP daxilində heç bir rəqabət, yarış, siyasi atmosfer yoxdur, büdcə təşkilatlarına oxşayan, texniki işçilərdən ibarət olan kollektivi xatırladır. Hakim partiya ölkədə siyasi aktivlik yaradan istənilən siyasi fəaliyyətdən çəkinir. Məsələn, sonuncu parlament seçkilərində hüququ olsa da, pulsuz televiziya efirindən istifadə etmədi. Partiya ölkədə siyasi aktivliyi sanki özünə təhlükə görür, belə rəqabətə hazır olmadığını nümayiş etdirir.
Ölkənin aparıcı partiyasının siyasətdən kənar durması, inzibati amirlik metodları ilə idarə olunması, seçkili orqanların tam nəzarət altında saxlanılması ümumilkdə cəmiyyətin hakimiyyətin idarə olunmasına təsir imkanlarını minimuma endirir. Ölkədə siyasi idarəçilik zəifləyərək inzibati idarəçiliyə keçir. Bu, bütövlükdə ölkənin gələcək inkişafı üçün təhlükəli tendensiyaların yaranmasına gətirib çıxara bilər. Məsələn, siyasətdə iştirakçı olmayan qüvvələr qruplaşaraq anti-konstitusion yollarla hakimyyət iddiaçılığına həvəslənə bilərlər. Gələcəkdə hakimiyyətin idarəçiliyində siyasi mühitdə yetişmiş siyasətçilər yox, başqa peşələrdən gəlmiş, fərqli meyarlarla siyasi elitaya itələnmiş şəxslər əyləşə bilər. Bu da dövlət idarəçiliyi ənənələrinin dağılmasına səbəb ola, ölkənin siyasi inkişafını dayandıran maneələrə çevrilə bilər.
Görünür mənfi tendensiya ölkə rəhbərliyini də narahat edir və cəmiyyətə bu istiqamətdə addımlar atılacağının mesajı ötürülür. Yeni siyasi konfiqurasiyanın formalaşmasının başlıca prinsiplərindən biri kimi dialoq təşəbbüsünü göstərmək olar.
Dövlət başçısı bu barədə deyib: "Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.
Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq".
Ehtimal etmək olar ki, ilkin mərhələ olduğuna görə dialoq hələ real məzmununu ala bilməyib. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya liderləri ilə görüşü tanışlıq xarakteri daşıyır. Gözləmək olar ki, bundan sonra partiyalarla hakimiyyət arasında ölkənin siyasi gündəmində olan, real problemləri ehtiva edən, cəmiyyətin faydalana biləcəyi mövzuları masaya yatırmaq mümkün olacaq. Həmçinin hakimiyyətin dialoq aparacaq qüvvələrin spektrini genişləndirə biləcəyi də istisna olunmur. Burada prosesdən kənarda qalan partiyaların da məsuliyyəti var. Hər halda ortaq məxrəcə gəlib masa ətrafında əyləşmək üçün kompromis nöqtələri axtarıb tapmaq mümkündür.
Ölkənin problemlərini bütün siyasi qüvvələrin iştirakı ilə müzakirə etmək, çözüm axtarmaq, iqtidar-müxalifət arasındakı hazırkı sərt münasibətləri yumşaltmaq vacib şərtdir. İndiki gərgin situasiyada buna ehtiyac daha da artır. Neftin qiyməti kəskin düşüb, koronavirus iqtisadiyyatı durğunlaşdırır, qarşıda iqtisadi böhranın ölkə iqtisadiyyatını məngənə kimi sıxacağı ehtimalı yüksəkdir. Cəmiyyət çox narahatdır, etiraf etmək lazımdıır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı hökumətin davranışları hələ yaddan çıxmayıb və bu amil cəmiyyətin narahatlğını artırır. İndi iqtisadiyyata cavabdeh şəxslərin bəyanatları, çağırışları əhali tərəfindən skeptik qarşılanır. Bu atmosferi dəyişməyin əsas vasitələrindən biri cəmiyyətdə siyasi dialoqu genişləndirib, təklifləri qəbul edib, müzakirə, əməkdaşlıq mühiti yaratmaqdan keçir.
Nəticə olaraq yazmaq mümkündür ki, Azərbaycanın qarşısında duran, ona ciddi problemlər yaradan məsələlər hakimiyyəti narahat edir. Onların aradan qaldırılması üçün siyasi islahatlar aparılması, daxili həmrəyliyin gücləndirilməsi, iqtidara dəstəyin və inamın artırılması zəruri hesab olunur. Hakimiyyət fəqrindədir ki, ölkənin siyasi sitemində islahatlar aparılmalıdır. İlk növbədə hakim Yeni Azərbaycan Partiyasında ciddi dəyişiklər aparılmalı, aparıcı komanda yenilənməli, siyasi rəqabətə davamlılığı artırılmalıdır.
Daha sonra, Prezidentin də dediyi kimi, siyasi sistemi təkmilləşdirən addımlar atılmalıdır. Bu sahədə ən vacib addım siyasi ekspertlərin də dəfələrlə qaldırdığı konstitusiya islahatlarının aparılmasıdır. Seçki sisteminin təkmilləşdirilməsi, proporsional və ya qarışıq sistemin bərpa olunması, iri şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun gücləndirilməsi olduqca vacib amildir. Bundan başqa siyasi azadlıqların genişləndirilməsi, bütün partiyalara bərabər imkanlar yaradan qanunvercilik bazasının formalaşdırılması, yekun olaraq ölkənin siyasi quruluşunun parlamentli respublikaya keçidinin təmin olunması zəruridir.
Xatırladaq ki, bu prosesi bir sıra postsovet ölkələri keçib. Rusiya Federasiyasında da konstitusiya islahatları ilə bağlı ciddi ictimai müzakirələr gedir. Siyasi islahatların bu spektri əhatə etməsi ölkədə dayanıqlı siyasi, iqtisadi sistemin yaranmasına, güclü vətəndaş cəmiyyətinin formalaşmasına gətirib çıxaracaq. Bu da Azərbaycanın güclənməsi üçün başılaca amillərdən biridir.
Rasim ƏLİYEV
“AzPolitika.info”
Paylaş: