Xəbər lenti


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən savaşı və ondan sonrakı günlərdə etdiyi çıxışların, müraciətlərin hər birində həm Qarabağda yaşayacaq ermənilərə, həm də  Ermənistana ciddi mesajlar verir.

Dövlət başçısı son olaraq, Laçının işğaldan azad olunması ilə bağlı xalqa etdiyi müraciətdə bir daha bu məsələnin üzərinə qayıdıb.

Ali Baş Komandan erməniləri xülyalarından əl çəkib, normal həyat yaşamağa dəvət edir. Bu mesajları ilə yanaşı ölkə başçısı onu da xatırlatmağı vacib bilir ki, əgər erməni faşizmi yenidən baş qaldırsa, bunun daha ağır nəticələrini görəcəklər. Prezident, dediyimiz kimi, artıq neçənci dəfədir ki, düşmənləri oyanmağa çağırır. Bir növ bununla öz borcundan çıxır.
İndi əsas sual odur ki, ermənilər Azərbaycanın Ali Baş Komandanının bu humanistliyini dəyərləndirəcəklərmi?

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, əgər ermənilər bundan bəhrələnsələr, onların qarşısında “yaşıl işıq” yanıb: “Azərbaycan hərbi əməliyyatları yekunlaşdırdı. Diplomatik yolla üçtərəfli sazişin nəticəsində torpaqlarının böyük bir hissəsini qaytardı. İndi bizim qarşımızda yeni mərhələ durur. Bu mərhələ ilk növbədə Qarabağı bərpa etmək, yenidən cəmiyyətə çevirməkdir. Eyni zamanda iqtisadi, sosial və ekoloji problemlərini həll etməkdir. Revanşı düşünməyən, normal həyat yaşamaq yolunu seçən ermənilər bundan ancaq faydalana bilərlər. Çünki biz görürdük ki, işğal zamanında onlar çox rəzalətli durumda yaşayırdılar. Bu gün ermənilər üçün də şans yaranıb ki, sülhdən bəhrələnsinlər. Ermənistan normal danışıqlarla əməkdaşlıq siyasəti həyata keçirmək istəsə, bundan ancaq özünə inkişaf şansı qazana bilər. Çünki bölgədə çox mühüm proseslər gedir.

Asim Mollazadə: “Ermənistan bundan ancaq özünə inkişaf şansı qazana bilər”
Azərbaycan bu proseslər çərçivəsində Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycan böyük potensiala malik olduğuna, strateji beynəlxalq layihələri həyata keçirdiyinə görə geniş imkanlara malik olacaq. Azərbaycan tərəfindən Qarabağ bölgəsinə böyük investisiyalar cəlb olunacaq. Ölkəmiz beynəlxalq əməkdaşlıq nəticəsində bir neçə istiqamətlərdə bölgənin inkişafına böyük töhfələr verəcək. Azərbaycanda yaşayan ermənilər üçün də geniş imkanlar açılacaq. Düşünürəm ki, sülhə alternativ yoxdur. Hansısa revanşist qüvvələr başını qaldıracaqsa, xoşagəlməz hərəkətlər edəcəklərsə, layiqli cavablarını alacaqlar. Onlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü bilirlər və düşünmürəm ki, hansısa hərəkətlərə yol versinlər. Azərbaycanla əməkdaşlıq edən bölgə dövlətləri də sülhdə maraqlıdırlar. Onlar da çox gözəl anlayırlar ki, məhz əməkdaşlıq sisteminin genişlənməsi hər kəsin maraqlarına uyğundur. Bundan hamı ancaq uda bilər. Biz əminik ki, Azərbaycanın böyük potensialı, iqtisadi və sosial sahədəki imkanları bu bölgədə yaşayanlara ancaq üstünlük verə bilər”.

Elçin Mirzəbəyli: “Azərbaycan Ordusunun möhtəşəm qələbəsi onlara tarixi nəticə çıxarmaq üçün dərs olmalıdır”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə düşünür ki, ermənilər bütün güzəşt limitlərini xərcləyiblər: “Ermənistana və erməniliyə etimad göstərmək üçün əlimizdə heç bir əsas yoxdur. Geosiyasi proseslərin nəticəsi olaraq, Cənubi Qafqaza köçürülən ermənilər ötən 115-120 illik zaman kəsiyində Azərbaycan və Türkiyə türklərinə, bölgədə yaşayan xalqların böyük əksəriyyətinə düşmən münasibəti bəsləyiblər, nifaq, ixtilaf mənbəyi funksiyasını yerinə yetiriblər. Ermənilərin quldur dəstələrinin cinayətlərinin coğrafiyası o qədər genişdir ki, bu barədə günlərlə danışmaq olar. Azərbaycandan, Türkiyədən başlamış, İrana, Gürcüstana, indi Orta Asiya dövlətlərinin yerləşdiyi Türküstana kimi... Doğrudur, indi bəziləri bu barədə nəinki danışmaq, heç düşünmək belə istəmirlər. Amma reallıq belədir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz 70 ildən çox bir zaman kəsiyində ermənilərlə vahid imperiyada təmsil olunmuşuq. Hətta bu müddət ərzində də Ermənistan, erməni diasporu öz çirkin əməllərindən əl çəkməyərək, müxtəlif kluar sövdələşmələri ilə azərbaycanlıların öz tarixi vətənlərindən deportasiya edilmələrinə nail olublar. Bizim düşünən beyinlərimizə, ziyalılarımıza qarşı həyata keçirilən repressiyalarda ermənilərin oynadığı rolu da nəzərə alsaq, onların bizə olan düşmən münasibətinin heç zaman səngimədiyini görə bilərik. 1988-ci ildən sonra baş verənlər də hər kəsə bəllidir.

Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Əllərinə fürsət düşən kimi izimizi tarixi torpaqlarımızdan silməyə çalışıblar. Məhz bu səbəbdən də Ermənistana və ermənilərə azərbaycanlılar tərəfindən heç vaxt etimad olmayacaq və olmamalıdır da. Təbii ki, biz beynəlxalq hüququn prinsiplərinə və ölkəmizin qanunlarına uyğun olaraq, qonşu dövlətlər kimi Azərbaycan vətəndaşı olan azərbaycanlılar və etnik ermənilərlə yanaşı yaşayacağıq. Amma bu, SSRİ dönəmində olduğu kimi baş verməyəcək. Münasibətlər, sadəcə, beynəlxalq hüquq normaları və Azərbaycan qanunları çərçivəsində olacaq, vəssalam. Azərbaycan Prezidenti də öz çıxışlarında məhz bu məqamları nəzərə almaqla, Ermənistana və ermənilərə xəbərdarlıq edir. Daha doğrusu, onların gözlərini açmağa, reallıqları görməyə çağırır. Ermənilər əsası erməni Qriqoryan kilsəsi, Qnçak, Daşnaksütyun təşkilatları tərəfindən qoyulan, heç bir tarixi fakta, reallığa söykənməyən ariizm-faşizm kimi ultraradikal iddialarından əl çəkməli və sivil, mədəni, müasir insan kimi yaşamağa alışmalıdırlar. Azərbaycan Ordusunun möhtəşəm qələbəsi onlara tarixi nəticə çıxarmaq üçün dərs olmalıdır. Əks halda, heç kim onların nazı ilə oynamayacaq. Ermənilər özlərinin güzəşt limitlərini bir neçə dəfə xərcləyiblər, hətta bu müstəvidə də nəhəng ”kredit borcları" var.

Revanşist bəyanatlara son qoyulmalı, mövcud reallıqlar dərk edilməlidir. Əks təqdirdə, Ermənistanı və erməniləri bu regionda heç bir perspektiv gözləmir. Prezident İlham Əliyev belə çağırışlar etməklə, əslində təkcə ölkəsinin deyil, bütün regionun taleyini, gələcəyini düşünən bir viziona sahib olduğunu nümayiş etdirir. Bölgədə sülhün və sabitliyin davamlı olmasının yolu ultramillətçi, faşist ideyalarının tarixin arxivinə göndərilməsindən keçir. Bunun alternativi yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 175          Tarix: 3-12-2020, 10:15      


Paylaş: