Xəbər lenti


“Şərq” qəzeti (İran), 07.12.2020
 
Dağlıq Qarabağ səhnəsində inkişaflar və nəhayət, Azərbaycan Respublikası ilə Ermənistan arasında Moskva və Ankaranın vasitəçilyi ilə atəşkəs razılaşması İranın şimal-qərb sərhədlərinin strateji arenasında yeni bir mühit yaradıb. Keçən həftə İran və Türkiyə prezidentləri arasındakı telefon danışığı işığında Türkiyə üzrə ixtisaslaşmış beynəlxalq münasibətlər mütəxəssisi Məhəmməd Əli Dəstmalı ilə müsahibədə mövcud vəziyyəti araşdırdıq.

– Cənab Ruhani və cənab Ərdoğan son aylarda 2 dəfə – noyabrın və dekabrın əvvəlində – telefonla danışıblar. Azərbaycanın Ermənistanla müharibəsi ilk telefon danışığı zamanı hələ davam edirdi. Bəzi analitiklər hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində İran siyasi oyunu uduzub və Türkiyə qalib gəlib. Bu barədə təhliliniz nədir? Xüsusilə də, Azərbaycan birbaşa münaqişə tərəfi olsa da, Türkiyənin daha çox uğurlu görürsünüzmü? İran bu qarşıdurmada hansısa rol oynaya bildimi, yoxsa bilərəkdən öndə olmaq istəmədi?

– Çətin və çoxşaxəli bir sualdır. Birincisi, istənilən halda, cənab Ruhani ilə Tayyip bəy arasındakı dialoqu davam etdirmə ruhu dəyərlidir. Çünki son bir neçə ildə baş verən hadisələrin əksəriyyətində Tehranla Ankara arasındakı gərginliyin yaranması, rəqabətin adlanması, yaxud rabitə telini qırılması və ya zədələnməsi üçün hər zaman səbəb və əsaslar olub. Ancaq hər bir tərəf incə üsulla davranıb, Hafizin ifadəsi ilə desək, “ipin ucunu lazımi məqama qədər əldə tutub”.

Bu bölgədə İran və Türkiyə hər zaman bir-birlərinə ehtiyac duyur, bəzi fikir ayrılıqları və maraqlar toqquşması ilə barışmaq məcburiyyətində qalırlar. İkincisi, Türkiyəni qalib, İranı uduzan tərəf kimi görən analitiklərin münasibətinə şəxsi baxışım belədir: Türkiyənin qalib olduğunu inkar etməyin mənası yoxdur. Bəli, Türkiyə, Azərbaycan Respublikası və Rusiya ilə birlikdə, qalib tərəfdir.

Ancaq İranın məğlub olmasından danışırıqsa, bu fərziyyəyə belə etiraz etmək istərdim: İranın bu münaqişədə qalib gəlməsi üçün xüsusi bir planı, üsulu vardımı? Bir az daha aydın soruşaq: İran və İranın xüsusi siyasi, coğrafi və strateji tələbləri səlahiyyətlilərə qalib gəlmək şansı verdi, onlar da bu fürsətdən bixəbər qalıb faydalanmadılar? Yox. Prinsipcə, bu siyasi oyunun başqa bir nəticəsi ola da bilməzdi. Hansı alternativ ssenari və ya strategiyanı düşünsəniz də, İran bunu edə bilməzdi və eyni zamanda, İran bu məsələdə gördüyümüz və təsəvvür etdiyimizdən daha çox iştirak etməməli idi. Nə İranın coğrafi şəraiti Ermənistanla bağlı çox şey etməyə imkan verdi, nə ona qarşı mövqe tutmaq məqsədəuyğun idi, nə Rusiyaya güc nümayişi sərgiləmək və bölgə sahibi olduğunu iddia etmək məsləhətli, nə də Türkiyə əleyhdarı olma ağıllı addım olardı.

Ümumən, İranın Ermənistanın işğalçılığı ilə bağlı mövqeyi və vurğusu ölçülü idi. Amma ilk günlərdə qeyri-ahəngdarlığı və səliqəsizliyi gördük. Bir az geniş və ağır vasitəçiliyi üzərimizə götürdük. İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Prezidentin xüsusi elçisi Türkiyə və Rusiyada lazımi səviyyədə ünsiyyət qura bilmədi və İranın təklifinə az diqqət yetirildi. Ancaq məsələnin çərçivəsi də xüsusi tədbirlərə imkan vermədi.

Mahiyyətcə, İran və Türkiyənin vəziyyətini müqayisə etməməliyik. Məsələn, “ortaq etnik mənşə” kimi spesifik və strateji konsepsiya və ya türklərin dediyi kimi, “soydaşlıq” Ankara üçün həyati bir anlayışdır və bu konsepsiyaya əsaslanaraq, Azərbaycan Respublikasına yardımı tarixi və həyati əhəmiyyətə malikdir. Bununla birlikdə, İslam Respublikası üçün vacib olan konsepsiya şiəliyə, dindaşlığa diqqət yetirməkdir ki, bu da təbii ki, Azərbaycan Respublikasına xas cəhət deyil.

Digər tərəfdən, Azərbaycan enerji mənbələri, neft-qaz nəqli, mal və əmtəələrin tranziti, Orta Asiya ilə əlaqə və bir çox digər məsələlər baxımından Türkiyə üçün, etnik və irqi məsələlərlə yanaşı, daha yeni faydalar yaradır. Ancaq İran üçün belə bir imtiyaz şansı yox idi və oyunun nəticəsi İran əyalətlərinin (şimal vilayətləri nəzərdə tutulur tərc.) maraqlarının bir hissəsinin itirilməsi istiqamətində getdi.

Onu da xatırlayaq ki, son proseslərdə həlledici səs və əsas iradə Rusiya məxsus idi. İran əvvəllər Rusiya ilə Suriya və Astanada iş birliyində olub, amma siyasi səbəblərə və xüsusi xarakterinə görə, Türkiyə ilə Rusiya arasında praqmatik bir razılaşmanın zəmini həmişə İran və Rusiya arasındakı razılaşmadan daha əlverişli olub. Buna görə də, ümumən siyasi, coğrafi, etnik atmosfer və aktyorların maraqları elə idi ki, İran istəsə də, əhəmiyyətli güzəştlərə gedə bilməzdi. Ancaq bu, bütün imkanları itirmək demək mənası vermir. Yeni inkişafları real olaraq qiymətləndirməklə, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya kimi 4 aktyorun hamısı ilə işləmək mümkündür.

– Ermənistan- Azərbaycan münaqişəsi yeni bir dəhlizin dizaynı ilə sona çatıb və bu, təbii ki, gərginliyin hələ bitməsi demək deyil. Həmin dəhliz İranla Ermənistan arasındakı birbaşa münasibətlərə təsir göstərir və bəziləri ortaq sərhədin itiriləcəyini ehtimal edirlər. Lakin hökumət və XİN iddiaları rədd etməyib. Bəs atəşkəs razılaşması bu iddianı təsdiqləyirmi?

– Naxçıvanla bağlı məsələ çox vacib siyasi-coğrafi hadisədir. Bu hadisə təkcə Naxçıvan bölgəsi və ümumən Azərbaycan Respublikası yox, həm də Türkiyə üçün əhəmiyyətlidir. Çünki bu keçid Türkiyəni Türk dünyası ilə birləşdirir və indi türk iş adamları və turistlər Naxçıvandan Ermənistan ərazisinə keçəcək, keçidlə Azərbaycana gedib qayıda bilərlər. Ancaq keçmişdə ya Gürcüstana uzanan dəmir yolundan istifadə etməli, ya da İran ərazisindən istifadə etməli idilər. İndi hər ikisi Türk dünyasına daha yaxındır. Ancaq onlar Rusiya ilə qarşılıqlı əlaqədə olmalıdırlar. Çünki Rusiya müşahidəçi olacaq və əlbəttə, ruslar təzyiq göstərmək istələrsə, Azərbaycan Laçında və digər bölgələrdə Ermənistanı sıxışdıracaq, odur ki, tarazlıq yaratmalıdırlar.

İranın nöqteyi-nəzərindən baş verənlərin əhəmiyyəti, ilk növbədə, məsələnin iqtisadi cəhəti – Türkiyə ilə Azərbaycan Respublikasının artıq Şimali İran yollarından imtinasıdır; ikincisi, İran qaz svoplarından istifadəni və Naxçıvanla ticarət üstünlüyünü itirir. Əlbəttə, bu bazar və üstünlükləri əvvəllər də düzgün və yetərli şəkildə istifadə edilməyib. İranla Ermənistan arasındakı sərhədə gəlincə, deməliyəm ki, sərhəd məhv edilməyib və bloklanmayıb. Ancaq XİN-imizin heç nə baş verməmiş kimi davranması da düzgün deyil. Ən azından, sərhəd uzunluğunun nə qədər dəyişdiyini bildirin. Çünki Azərbaycan Respublikasının rəsmiləri İran-Ermənistan sərhədində, Araz çayı yaxınlığındakı ərazilərin bir hissəsinin indi Bakının nəzarətində olduğunu bəyan edib. Bu barədə ətraflı məlumat verilməli və hər şey şəffaf olmalıdır.

Müharibədən əvvəl İran-Ermənistan sərhədinin uzunluğu 35 km idimi? Yoxsa, məsələn, 15-20 km-ə qədər azalıb? Bu qəribə hal deyil. Normal və təbii şəraitdə, Azərbaycan Respublikası ilə xüsusi bir problemi olmayan İranın şimal qonşusu ilə sərhədinin uzunluğu 750 km-dən çoxdur. İndi, məsələn, bu rəqəm 760 km-ə çatırsa, aləm dağılmayacaq ki… Birincisi, təhlükəsizlik probleminin yoxluğu, ikincisi, sərhədlərin keçid tutumu və qonşuluq üstünlüklərindən düzgün istifadə edilməsi vacibdir. Hazırda İraqla təxminən 1500 kilometr, Türkmənistan, Əfqanıstan və Pakistanın hər biri ilə təxminən 1000 kilometr sərhədimiz var, lakin bu sərhədlərdən tam şəkildə istifadə etdiyimizi əminliklə deyə bilmərik.

– Azərbaycanla Ermənistan arasında gərginliyin artdığı bir vaxtda, Türkiyə tərəfindən İran sərhədi yaxınlığında ekstremist qüvvələri və hətta İŞİD-i yerləşdirildiyi barədə şayiələr yayılmışdı. Ancaq prezidentlərin (Həsən Ruhani və Tayyip Ərdoğan nəzərdə tutulur – tərc.) telefon danışığında iki tərəf bu barədə söz açmayıb. Türkiyədəki inkişafları yaxından izləyən biri olaraq bu iddianı doğru hesab edirsinizmi?

– Bəlkə də bu məsələ Ermənistanla Azərbaycan Respublikası arasında baş verən psixoloji və media müharibəsinin bir hissəsi idi və əhəmiyyəti dərəcədə şişirdilib. Fakt budur ki, kənar qüvvələr olub. Məsələn, Suriya, bəlkə də İraqdan Azərbaycana türkmən döyüşçülər gətirilib və cənab Əliyevin özü bu faktı dolayısı ilə təsdiqləyib. Bir qrup PKK-çı da Suriyadan Ermənistana köçürülüb. Ancaq bir neçə vacib amili nəzərdən keçirək.
Birincisi, bu insanların statistikası şişirdilməməlidir. İkincisi, Dağlıq Qarabağ müharibəsinin taleyini muzdlular yox, Türkiyənin pilotsuz təyyarələri və Ankara-Bakı-Moskva sövdələşməsi müəyyənləşdirib. Üçüncüsü, bu insanları gözüyumulu halda “təkfirçi” və “İŞİD-çi” adlandırmaq olmaz. Bölgədəki rəqabət bitənə və gərginlik tamamlanana qədər regional döyüşlərdə vəkil savaşlarını daim görəcəyik. Dünyanın bir sıra ölkələrindən ekstremist qüvvələr İraq və Suriyaya, Əfqanıstan, Pakistan, Livan, Suriya və Rusiya mənşəli insanlar, habelə Sudan və BƏƏ-dən olanlar Liviyaya, Yəmənə və başqa yerlərə köç edib. Bir çox başqa nümunələr də var.

– Ümumiyyətlə, Dağlıq Qarabağ müharibəsindən sonra İranla Türkiyə arasındakı münasibətlərin atmosferi və güc dinamikası əvvəlkindən necə fərqlənib?

– Bölgədəki iki aktyor arasındakı münasibət ətraf mühit amillərindən asanlıqla təsirlənmir. İranla Türkiyə arasındakı fərqli maraqlar Suriya nümunəsində münasibətlərin mahiyyətinə zərər verə bilməyib. Buna görə də, Qafqazdakı yeni vəziyyət problem yarada bilməz.
Yeri gəlmişkən, əlaqələrin möhkəmlənməsinə kömək edə biləcək sahələr mövcuddur. İran Türkiyənin Orta Asiyada daha da gücləndiyini qəbul etməli, bununla barışmalı və bunun qarşılığında Türkiyə Fars körfəzi kimi həssas bir bölgədə İran qədər təsir və gücə sahib ola bilməyəcəyini başa düşməlidir.

Bəlkə də bütün bu son hadisələrdən və inkişaflardan yeni strateji dərslər götürməliyik. Türkiyə Naxçıvanı Azərbaycana birləşdirən dəmir yolu şəbəkəsi və keçidin inşası qovluğunu masaya qoyanda, Moskvanın vasitəçiliyi ilə imzalanan Moskva-Bakı-İrəvan razılaşmasının mürəkkəbi hələ qurumamışdı. Ancaq İraq və Əfqanıstandakı proseslərdən bir neçə il keçsə də, İran nəinki yumşaq güc və ticarət üstünlüklərindən istifadə üzrə xüsusi yerini, həm də ən azı İraqda Türkiyəyə qarşı duruşunu itirib.

Başqa bir mətləb budur ki, bölgənin bəzi mədəni varisliklərini anlanılmalı, bəzi iranlı soydaşlarımızın sadə və təbii maraqlarının gözüyumulu damğalanmasına və “pan” (“pantürkizm” nəzərdə turtulur – tərc.) olmaqda günahlandırılmasına imkan verilməməlidir. Ölkə daxilində qarşılıqlı əlaqə və həmrəylik ölkəiçi etnik-mədəni müxtəlifliklə uyğunlaşırsa və qənaətbəxş səviyyədədirsə, bu cür inkişaflardan qorxmamalıyıq.

Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 820          Tarix: 8-12-2020, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma