Xəbər lenti

 
Polşa Xarici İşlər Nazirliyi dünən Belarusun Varşavadakı səfirini çağıraraq Belarusdakı Polyaklar Birliyinin rəhbəri Angelika Borisin Qrodnoda tutulması ilə əlaqədar etiraz notası verib.
 
 
Ovqat.com xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin veb saytında yayımlanan bəyanatında bildirilir.
 
Bəyanatda rəsmi Minsk Belarusdakı Polyaklar Birliyinin sədrini ən qısa müddətdə sərbəst buraxmağa və polyak azlığı nümayəndələrinin özbaşına təqibinə son qoymağa çağırılıb. 
 
Nazirliyin bildirdiyinə görə, Belarus diplomatiyasının təmsilçisinə bunun Minskin hərəkətlərinin milli azlıqları qorumaq üzrə beynəlxalq öhdəliklərə və polyak azlığın milli hüquqları barədə ikitərəfli anlaşmalara zidd olduğu  "birmənalı" şəkildə çatdırılıb.
 
"Belarusdakı Polyaklar Birliyinin fəaliyyəti Polşa mədəniyyətini və ənənələrini qorumaq, Polşa təhsilini dəstəkləmək və polyak dilini öyrənmək məqsədi daşıyır", - mesajı verilən bəyanatda bildirilir ki, Angelika Borisin həbsi "polyakların bu ölkədən qovulmasına bərabərdir".
 
Qeyd edək ki, dünən Belarusdakı Polyaklar Birliyinin rəhbəri Angelika Borisin Qrodnoda saxlanıldığı məlum olub. O, Facebook səhifəsində "Leninski Rayon Daxili İşlər Şöbəsinə gedirəm" yazdıqdan sonra yoxa çıxıb. Polşa Xarici İşlər nazirinin müavini Markin Przidaçın sözlərinə görə, Polşa konsulu dərhal Borisin olduğu yerə gedib və həbsin səbəblərini öyrənir.
 
Belarusdakı Polyaklar Birliyi, rəsmi Minsk tərəfindən qeydiyyata alınmayan, ölkədəki ən böyük Polşa təşkilatıdır. Belarus hökuməti tərəfindən rəsmi olaraq tanınan parçalanmış bir qanada paralel olaraq fəaliyyət göstərir. Polşa isə Minskin qeydiyyata aldığı təşkilatı yox, Angelika Borisin rəhbərlik etdiyi Belarusdakı Polyaklar Birliyini öz diasporunun rəsmi təmsilçisi kimi  tanıyır.
 
İki ölkə arasındakı gərginlik 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərdən sonra daha da pisləşib. Son həftələrdə isə özünün kuliminasiya nöqtəsinə çatıb. Minsk bu ilin 9 martda Polşanın Brestdəki Baş Konsulluğunun konsulu Yeji Timofeyukun ölkədən qovulduğunu elan edib. Səbəb Timofeyukun 28 fevral tarixində Polşada gizli fəaliyyət göstərən anti-kommunist təşkilatların keçirdiyi "Lənətə gəlmiş əsgərlər günü"nə həsr olunmuş bir tədbirdə iştirakı olub. Bir diplomatin “qeyri-rəsmi tədbir”də iştirakından qəzəblənən Belarus XİN onu “persona non grata” elan edib. 
 
Polşa Xarici İşlər naziri 2 gün öncə Avropa İttifaqındakı həmkarlarını Belarus müxalifətini yeni hakimiyyət kimi tanımağa və ona maliyyə yardımı verməyə çağırmışdı.
 
Maraqlıdır ki, İranda milyonlarla Azərbaycan türkü yaşayır və onların vəziyyəti heç də Belarusdakı polyaklardan daha ürəkaçan deyil. Bəs, Ceyhun Bayramov həzrətləri nə zaman İran səfirini XİN-nə çağıracaq?
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 267          Tarix: 24-03-2021, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma