Xəbər lenti


The National Interest, ABŞ
30.03.2021


Müəllif: Şahmar Hacıyev
Ermənistanla Azərbaycan arasındakı İkinci Qarabağ müharibəsi on illər ərzində davam etmiş status-kvonu dəyişib. Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri daxil olmaqla, bir neçə rayon və kəndi azad edib. Son müharibədə hər iki tərədin bütün növ ağır silahlardan istifadə etdiyini qeyd etmək yerinə düşər: “Toçka-U”, “Skad-B”, “Polonez”... Bəzi ekspertlər iddia edir ki, Ermənistan bu zaman Azərbaycana qarşı hətta “İsgəndər-E” raketlərindən belə, istifadə edib.

Amma İkinci Qarabağ müharibəsində dönüş nöqtəsi Azərbaycan Ordusunun Türkiyənin “Bayraktar TB2” və İsralinin “Harop” kimi pilotsuz uçuş aparatlarından effektli istifadəsi olub. Nəticədə Ermənistan hərbi birləşmələri istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından ciddi itkilərlə üzləşib. Yerevanla Bakı arasında müharibə Moskvanın müdaxiləsi ilə sona çatıb. Bunun üçün ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Rusiya noyabrda imzalanmış atəşkəs müqaviləsindən sonra regionda sülh və atəşkəsin qorunmasına zəmanət verən əsas dövlətə çevrilib. Bu bəyanata əsasən, 1960 rusiyalı sülhməramlı, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnika Qarabağ regionuna yerləşdirilib. Üstəlik, Ağdamda Türkiyə-Rusiya Birgə Monotorinq Mərkəzi yaradılıb. Mərkəz atəşkəs rejiminin əməl olunmasına nəzarət edir.

Beləliklə, ötən il imzalanmış üçtərəfli bəyanat mühüm sənəddir. Hər halda, hərbi əməliyyatlara məhz bu atəşkəs müqaviləsi ilə son qoyulub. Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaqla bağlı öhdəlik götürüb. Azərbaycan isə Laçın dəhlizindən təhlükəsiz istifadəyə zəmanət verib. Bu dəhlizdən Ermənistanla Qarabağ erməniləri arasında humanitar əlaqələr üçün istifadə edilməlidir.

Müharibədən sonra tərəflər arasında münasibətlərin normallaşması üçün əsas impuls iqtisadiyyat sahəsində inteqrasiyadır. Bu, bütün nəqliyyat əlaqələrinin açılması yolu ilə həyata keçirilmədir. Xatırladaq ki, regionda nəqliyyat əlaqələrinin açılması noyabr bəyanatında da əksini tapıb. Bu, dayanıqlı sülh və sabitliyin bərqərar olmasında ən effektli vasitə olmalıdır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il yanvarın 11-də Moskvada baş tutmuş görüşü ilə bu istiqamətdə müsbət əlamətlər görünüb. Həmin vaxt liderlər noyabr bəyanatının necə icra olunduğunu müzakirə ediblər. Bu, bölgədə sülhün yaradılmasının müzakirəsi ilə bağlı ilk üçtərəfli görüş idi. Onlar ekspert yarımqruplarının yaradılmasına dair razılığa da gəliblər. Bu ekspert yarımqrupları dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri ilə məşğul olacaqlar.

Amma bu müsbət məqamlara baxmayaraq, noyabr bəyanatının bütün müddəalarının yerinə yetirilməsi ilə bağlı çətinliklər və problemlər var. Məsələn, Ermənistan silahlı qüvvələrinin və silahlarının Laçın dəhlizi vasitəsilə Qarabağa daşınması, həmçinin Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxarılmaması narahatlıq yaradan məsələlərdən biridir. Bundan başqa, Yerevanla Bakı 2 əsas məsələni hələ də həll etməyib. Birinci məsələ Ermənistanın 62 hərbçisinin statusu ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan hərbçiləri onları üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra saxlayıb. Erməni hərbçiləri üçtərəfli bəyanatı qəbul etmir və Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatları davam etdirirlərmiş. Bu zaman 4 azərbaycanlı hərbçi və 1 mülki vətəndaş qətlə də yetirilib. Odur ki, Bakı bu şəxsləri terrorçuluqda ittiham edir, noyabr bəyanatından sonra geri qaytardığı erməni əsirlərdən fərqli olaraq, bu əsgərləri Ermənistana təhvil verməkdən boyun qaçırır.

Bununla yanaşı, Bakı Qarabağda ötən il tutulmuş Livan vətəndaşı Maral Nacaryanı bu yaxınlarda azad edib. O, Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmuş, bununla da ölkə qanunlarını pozmuşdu. Üstəlik, Bakı 1400 erməni hərbçinin cəsədlərini də Ermənistana qaytarıb, Qarabağın erməni icmasına humanitar yardım göstərib, ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırını ziyarət etməsinə icazə verib. Daha bir önəmli məsələ: Bakı Rusiyanın Ermənistana Azərbaycan ərazisi ilə qaz tədarükünə də razılıq verib. Bununla o, xoş niyyət göstərib, gələcək barışığa hazır olduğunu nümayiş etdirib.

Bütün bunların fonunda Azərbaycan tərəfi Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Məsələ ondadır ki, postmüharibə dövründə minaların ciddi problemə çevrilib. Bu gün Qarabağ bölgəsi postsovet məkanında minalarla bağlı ən ciddi problemin olduğu ərazilərdəndir. Xəritələr olmadan onları təmizləmək çox çətindir. Odur ki, Yerevanın Bakıya minalı ərazilərin xəritələrini verməkdən imtinası sülh səylərinə zərbə vura bilər.

Azərbaycan artıq bütün bölgənin minalardan təmizlənməsi prosesinə start verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, 44 gün davam etmiş müharibədən sonra ən azı 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar olunaraq məhv edilib. Minatəmizləmə işləri əl ilə, minatəmizləmə maşınları və minaaxtaran itlərin köməkliyi ilə həyata keçirilir. Azərbaycan dövləti minatəmizləmə işlərinin effektli şəkildə həyata keçirilməsi və şəxsi heyətin təhlükəsizliyinin artırılması məqsədilə Türkiyədən 20 ədəd yeni MEMATT adlı mexaniki minatəmizləmə maşını belə, tədarük edib. Üstəlik, türkiyəli minatəmizləmə mütəxəssisləri azərbaycanlı həmkarlarına təlimlər keçir, minatəmizləmə işlərində iştirak edirlər.

Aydındır ki, azad edilmiş ərazilərin minalardan təmizlənməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu, onun üçün regionun infrastrukturunu inkişaf etdirmək, məskunlaşdırma planına start vermək baxımından çox əhəmiyyətlidir. Azad edilmiş ərazilərdə mövcud olan piyadalar əleyhinə minalar bu gün də mülki şəxslərin həyatına ciddi təhdid yaradır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına əsasən, noyabr bəyanatından indiyədək azad edilmiş ərazilərdə minaya düşərək 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə yaralanıb. Beləliklə, postmüharibə dövründə çox sayda mülki şəxsin piyada əleyhinə minaların qurbanı olduğu açıq və aydındır.

Bir sözlə, azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi dayanıqlı inkişaf və regionun dirçəlisi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə qaytarılması, regionun inteqrasiyası prosesinə təsir göstərən önəmli amildir. Bu üzdən Azərbaycan minatəmizləmə işlərinin sürətlə həyata keçirilməsi üçün BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq da edir. BMT-nin Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində humanitar fəaliyyətə 2 milyon dollar ayırdığını qeyd etmək yerinə düşər. Üstəlik, bu işlərə BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan ümumilikdə 1 milyon dollar vəsait ayrılıb. BMT-nin İnkişaf Proqramı bunula ANAMA-ya münaqişənin təsirlərinə məruz qalmış ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək olacaq.

Fakt ondan ibarətdir ki, azad edilmiş ərazilərdə minaların və digər növ partlamamış sursatların sayı həddindən çoxdur. Odur ki, bu əraziləri tam təmizləmək üçün bir neçə ilə ehtiyac duyulur. Müvafiq xəritələrin olmaması isə prosesi daha da çətinləşdirir.

Bir sözlə, Ermənistan regionda sülhün yaranmasında maraqlı olduğunu göstərmək istəyirsə, minalı ərazilərin xəritələrini Azərbaycana və bölgədəki sülhməramlılara təqdim etməlidir. Bu, minatəmizləmə işlərini sürətləndirəcək və tərəflər arasında inamı artıracaq. Bu, birgəyaşayışı dəstəkləmək, həmçinin bölgədə humanitar problemləri həll etmək üçün ən effektli vasitədir.

Bununla yanaşı, əlbəttə ki, Azərbaycan insan itkisi risklərini azaltmaq, həmçinin kənd təsərrüfatı və yaşayış üçün istifadə olunacaq torpaqların miqyasını artırmaq üçün mina təhdidləri ilə bağlı maarifləndirici işlərə dəstək verməli, bu potensialını bütün region boyu artırmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest


Ana səhifəyə qayıt        Baxış: 3 626          Tarix: 30-03-2021, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma