Xəbər lenti


Qurumun yaz sessiyasında Azərbaycanda  saxlanan terrorçu-diversantların müzakirəsi səsverməyə qoyuldu, Rusiya dəstəkləmədi; Bakıdan reaksiyalar...-

Aprelin 20-də AŞ PA-nın yaz sessiyasında hansı məsələlərin müzakirə çıxarılması üzrə qərar verilib. “Yeni Müsavat” yada salır ki, iki məsələ - Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi və Türkiyədə demokratik institutların fəaliyyəti “təcili məsələlər” sayılıb. Erməni əsirlər, Rusiyanın Avropada sülhə yaratdığı təhdid cari məsələlər sırasında yer alıb. Etirazlar olan məsələlər müzakirəyə çıxarılıb.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni əsirlər məsələsinə etiraz etdiyindən səsvermə keçirilib. Avropa İnsan Hüquqları Məhkəməsi martın 16-da 72 erməninin Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramov isə martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir”.

Səsverməyə gəlincə, əsir məsələsinin müzakirəsinə 21 nəfər “yox” deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb. Çox maraqlıdır ki, Ermənistanın strateji müttəfiqi sayılan Rusiya erməni əsirlər məsələsinin Strasburqda müzakirəsini dəstəkləməyib.

Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞ PA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.

Bütün bunlar başadüşüləndir. Moskvanın Ankara ilə yaxınlaşması və əlaqələrin inkişafı baxımdan Rusiya nümayəndə heyəti bu mövqedən çıxış edib. Eyni zamanda əsirlər məsələsində də ermənilərə dəstək verilməməsi iki cür şərh oluna bilər: Rusiya Qarabağda sülhməramlı missiyanı yerinə yetirir və tərəf saxlamaq istəməyib, ikincisi, bu mövqe ilə Kreml rəsmi Bakıya dəstəyini ifadə etmiş olub, həmin ermənilərin terrorçu-diversant statusu daşıdıqlarını təsdiqləyib.

Amma Rusiyadan gözlənilməyən bu pozitiv mövqedən fərqli olaraq, Qərb ölkələri Ermənistanın yanında olublar. Ümumiyyətlə, dəyərlərdən danışan AŞ PA-nın terrorçuların məsələsini gündəliyə çıxarması absurd yanaşmadır. Əfsus ki, bu məsələyə Azərbaycandakı qərbpərəst müxalifətdən və fəallardan da reaksiya gəlməyib. Ayrı vaxt Avropa Şurasından bəyanatları gözə soxan, Rusiyanın hansısa addımına görə sərt tənqidlə çıxış edən qüvvələr Qərbin qərəzli münasibətinə susqun qalıblar. Əgər Rusiya Duması erməni əsirlər məsələsini müzakirəyə çıxarsaydı, indi qərbpərəst müxalifət həşir qoparmışdı.

Tural Abbaslı 
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, bu məsələ ilə bağlı AŞ PA-nın nəinki qarşıda qətnamə çıxarması, hətta müzakirəsi belə qurumun ikili standartlardan yaxa qurtarmadığını təsdiqləyir: “Bu, Avropa Şurasının məhz Qarabağ məsələsində Azərbaycanla bağlı obyektiv mövqe tuta bilmədiyinin bariz nümunəsidir. Azərbaycandakı ayrı-ayrı məsələlər, demokratiya, insan haqlarının vəziyyəti müzakirə edilə bilər. Amma Qarabağ məsələsində Avropa Şurasının, bəzi Qərb dövlətlərinin qərəzli mövqeyi anlaşılan deyil. İnsan haqlarından, ərazi bütövlüyündən, ölkələrinin suverenliyindən danışırlar, Azərbaycana gələndə tapdanmış haqlarımızı, 800 min insanın yaşamaq hüququnu görməzdən gələrək terrorçuların məsələsini müzakirəyə çıxarırlar”.
T.Abbaslı hesab edir ki, bu, həm də diplomatiyada zəifliyimizi ortaya qoyur: “Deməli, biz inandıra bilməmişik ki, nəticəsi belə olub. Azərbaycan diplomatiyası işləməlidir, düşünməlidirlər ki, nələr etməliyik. Avropa Şurasının hansısa qərarı bizim əl-qolumuzu bağlamalı deyil. Çünki tutulan ermənilər hərbi əsir sayılmırlar, diversant-terrorçulardır, əsgərlərimizə qarşı təxribat törətmək istəyiblər”.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər Azərbaycan əleyhinə təbliğatı gücləndiriblər və əsir məsələsini tez-tez hər yerdə qaldırırlar. Onun sözlərinə görə, Azərbaycan haqlı olduğu halda, haqsız vəziyyətdə görünür: “Avropa Şurası heç nəyi həll etmir. Vaxt varıydı ki, bu qurum Azərbaycanın da xeyrinə qətnamələr qəbul edirdi, amma yerinə yetirilmirdi. Ona görə hər şeydən əvvəl gərək özümüzə tənqidi yanaşaq, səhvlərimizi axtaraq. Bu da ilk növbədə beynəlxalq aləmlə sıx çalışmaqdan asılıdır”.

E.Şahinoğlu hesab edir ki, minaların təmizlənməsini, separatçıların Qarabağdakı fəaliyyətini beynəlxalq aləmin gündəminə daşımalıyıq: “Biz gur səslə bildirməliyik və tərəfdaşlarımıza izah etməliyik ki, onlar terrorçulardır və müharibədən sonra təxribata əl atıblar. Ancaq bu sözləri özümüz deyirik, özümüz eşidirik. Beynəlxalq aləmdə bizim bu arqumentlərlə çox da tanış deyillər. Ona görə xarici səfirliklər fəaliyyətini gücləndirməlidir, dostların sayı artırılmalıdır, xarici mətbuatda bu yöndə məqalələrin çap edilməsinə nail olmalıyıq”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 879          Tarix: 22-04-2021, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma