Xəbər lenti


CHINA DAILY, Çin
01.05.2021


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

Azərbaycanla Çin arasında diplomatik əlaqələr yarandıqdan bəri ikitərəfli əməkdaşlıq dinamik inkişaf edir. Bakı ilə Pekin ikitərəfli münasibətlərin davam etdirilməsində və dərinləşdirilməsində bu gün də maraqlıdırlar. Bir çox məsələdə, xüsusilə “Bir kəmər, bir yol” layihəsində onların maraqları tam üst-üstə düşür.

Azərbaycan üç böyük regional enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir: TRACECA, “İpək Yolu İqtisadi Kəməri” və “Şimal-Cənub”. O, pandemiya üzündən meydana gəlmiş yeni reallıqlara baxmayaraq, bu layihələrin həyata keçirilməsinə mühüm töhfə verib və bu töhfəni davam etdirir.

Bu gün Azərbaycanın tranzit imkanları Çinin nəqliyyat strategiyasına uğurla inteqrasiya edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu şərq-qərb istiqamətində ən qısa marşrutdur. Bu layihələr sayəsində Çindən nəql edilən yüklər Avropaya cəmi 12 günə çatdırılır.

Bakı “Bir kəmər, bir yol” layihəsinin inkişafına da töhfə verir. Hazırda Azərbaycan tərəfi yeni nəqliyyat dəhlizinin yaradılması üçün müvafiq işlər aparır. Söhbət Ermənistandan keçərək Azərbaycanla ona məxsus Naxçıvan Muxtar Respublikasını birləşdircək dəhlizdən gedir. O, “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsi olacaq.

Ermənistanla Azərbaycan arasında ötən ilin sonlarında başlamış müharibə Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında imzalanmış atəşkəs müqaviləsi ilə başa çatıb. Məhz bu sənədə əsasən, Azərbaycan Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək üçün Ermənistan ərazisindən istifadə hüququ əldə edib. Ümumiyyətlə, bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Yenə də həmin sənədə əsasən, Yerevan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir.

Yeni nəqliyyat dəhlizinin işə düşməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu “Bir kəmər, bir yol” çərçivəsində Çin məhsullarının Avropaya nəqlində prioritet marşruta çevirə bilər. Üstəlik, bu, Cənubi Qafqazda Çin üçün Avropaya ikinci marşrut olacaq: Ermənistanın cənubundan keçməklə, Naxçıvan və Türkiyədən. Nəqliyyat kommunikasiyasına rusiyalı sərhədçilər nəzarət edəcək. Demək, Avropaya nəql olunacaq Çin məhsullarının təhlükəsizliyi də lazımi səviyyədə təmin ediləcək. 

Əslində, bu dəhlizin işə düşməsi təkcə Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İrana deyil, həm də Asiya-Sakit okean regionu ölkələrinə, ilk növbədə Çinə fayda verə bilər. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev Asiya-Sakit okean regionu ölkələrini də Azərbaycanla onun Naxçıvan bölgəsini birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması potensialını nəzərdən keçirməyə dəvət edib. O, bu haqda Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatda çıxışı zamanı danışıb. 

“Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Tarixi İpək Yolunun üzərində yerləşən, müxtəlif sivilizasiyaların qovuşduğu ölkə olan Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika qovşağı rolunu oynamaq istəyir. Bakı bu işdə Pekinə böyük ümidlər bəsləyir. Söhbət təkcə bu layihədən yox, həm də “Bir kəmər, bir yol” layihəsinə həqiqi fayda verə biləcək digər layihələrdən gedir.

Azərbaycan “Bir kəmər, bir yol” layihəsində vacib qovşaq kimi möhkəmlənməkdə maraqlıdır. Bu, Bakı üçün beynəlxalq nəqliyyat daşımalarının həcminin artırılması nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycan vasitəsilə beynəlxalq yük daşımaların həcmi artır. Azərbaycana idxal olan məhsulların təxminən 90%-i üçün o, tranzit rolunu oynayır. Üstəlik, Bakı qeyri-neft sektorunu inkişaf etdirmək və digər mənbələrdən gəlirlərini artırmaq istəyir. Odur ki, Çinin təşəbbüsü Azərbaycan üçün cəlbedicidir.

Bundan başqa, Bakı internet mübadilə mərkəzlərini birləşdirəcək Transavrasiya Super İnformasiya Magistralında da mərkəzi rol oynamaq niyyətindədir. Bu, Çinin növbəti layihəsi olan “Rəqəmsal İpək Yolu” layihəsini tamamlayacaq. Xatırladaq ki, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçiriləcəyi təqdirdə Mumbay ilə Frankfurt şəhərləri məhz Azərbaycan vasitəsilə birləşəcək. Bu məqsədlə “AzerTelecom” ilə “China Telecom” 2019-cu ildə Anlaşma Memorandumu da imzalayıblar.

Beləliklə, Azərbaycan “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasında bir neçə səbəbə görə ideal tərəfdaşdır. Birincisi, Xəzər dənizinə çıxışı olan Azərbaycan Şərqi Asiya, Avropa və Rusiyanın iqtisadi maraqlar zonasını birləşdirən məkandır. Başqa sözlə desək, o, Avropa iqtisadiyyatı ilə Şərqi Asiyanı birləşdirən yeni qovşağa çevrilir.
İkincisi, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan Çinlə Avropa İttifaqı arasında ən qısa marşrut vasitəsilə çoxmodallı dəhliz yarada bilib.
Üçüncüsü, Bakı iqtisadi inkişaf prioritetləri nöqteyi-nəzərdən Pekinlə oxşarlığa malikdir. Azərbaycan müstəqil, sülhpərvər xarici siyasət yürüdür. Bununla o, siyasi sabitlik, dövlətin bütövlüyü uğrunda çalışır. Bakının bu siyasəti təbii ki, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir.
Bir sözlə, ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Cənubi Qafqazda kommunikasiyaların açılması Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu bölgədə Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirəcək. Bölgədə kommunikasiyaların açılması ilə Çin Avropaya mal nəqlində alternativ marşrut əldə edəcək.   

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: CHINA DAILY


Ana səhifəyə qayıt        Baxış: 5 201          Tarix: 1-05-2021, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma